Samnidze və etnik azərbaycanlı fəalların bir hissəsi “Dəyişiklik Koalisiyası”na qoşulublar

Respublikaçılar Partiyasının sədri, deputat Xatuna Samnidze və etnik azərbaycanlı fəalların bir hissəsi seçkilər öncəsi “Dəyişikliklər Naminə Koalisiyasına” qoşulub.

“Mən dialoq qura biləcəyim, müzakirə, mübahisə edə biləcəyim, razılaşa biləcəyim və ölkəni birgə idarə edə biləcəyim insanlarla birlikdə olmaq qərarına gəldim ki, bu ölkənin əsas diqqət mərkəzində insan olsun. Mən şəxsi döyüşümdə qalib gəldim, xəstəliyə qalib gəldim, çox əziyyət çəkdim. İndi ölkəni sağaltmaq vaxtıdır və biz bunu Koalisiya 4 ilə birlikdə edəcəyik”, - Samnidze Zuqdididəki mətbuat konfransında bildirib.

Koalisiyaya Xatuna Samnidze ilə birgə etnik azərbaycanlı fəallar da qoşulub. Gürcü dili və ədəbiyyatı filoloqu Oqtay Kazımovun sözlərinə görə, onun “Fəallar Gələcək Naminə” adlanan komandasına Gürcüstanın müxtəlif bölgələrində yaşayan etnik azərbaycanlı fəallar daxildir. “Onlar vətənimizə sadiq və xeyirxah olduqlarını artıq öz gündəlik əməkləri və zəhmətləri ilə sübut ediblər və bundan sonra da edəcəklər”, - Kazımov bildirib.

Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün müxalif siyasi partiyalar aşağıdaki koalisiyaları qururlar:

  • “Dəyişikliklər Naminə Koalisiya” ilkin olaraq “Axali”, “Qirçi – Daha Çox Azadlıq” və “Droa” partiyaları tərəfindən yaradılıb.
  • “Lelo”, Ana Dolidzenin “Xalq Naminə” partiyası, “Azadlıq Meydanı” siyasi hərəkatı və Aleko Elisaşvilinin “Vətəndaşlar” partiyası “Güclü Gürcüstan”da birləşib.
  • “Birlik”i “Vahid Milli Hərəkat” və “Strategiya Ağmaşenebeli” təsis edib. Bu koalisiyaya politoloq Qia Caparidze, tarixçi Laşa Bakradze və parlamentin müstəqil deputatları - Armaz Axvlediani və Tamar Kordzaia qoşulub.
Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur