Saqareco bələdiyyəsinin Ləmbəli kəndində 14 yaşlı qız əri tərəfindən odlu silahla güllələnib. Qətl bu gün, oktyabrın 6-da, saat 2 radələrində baş verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan Xəbərləri”nin məlumatına görə, qız Aytac Ş-a Dmanisi rayonunun kəndlərindən birindən olub. Saqareconun Ləmbəli kənd sakini Alim S. onunla təxminən iki ay əvvəl ailə həyatı qurub və onunla Lambəlidə yaşayıb. Qızın qohumları polisə şikayət etməsə də, çoxları bizə qızın qaçırıldığını təsdiqləyib.
Oğlan yetişkindir, təxminən 25 yaşındadır. Ailə onlara toy etməyə hazırlaşırmış.
Qız Dmanisi kəndində ictimai məktəbin 8-ci sinif şagirdi olub. “Gürcüstan Xəbərləri” bu məktəbin direktoru ilə əlaqə saxlayaraq ondan ictimai məktəblərdə tədrisin üç həftədir ki başladığını və qızın məktəbə getmədiyi üçün bu barədə nə üçün polisə və ya sosial xidmətə məlumat vermədiyini soruşub.
“Dünən də dərsdə oturmuşdu” - deyə məktəb direktoru bizi aldatmağa çalışdı.
- Öldürüldüyünü bilirsiniz?
- Öldürülüb?
- Bəli, bu gün öldürülüb. O, iki aydır ki, Ləmbəli kəndindədir və dünən Dmanisdə dərslərdə necə olub?
Bundan sonra məktəb direktoru bizimlə əlaqəni kəsdi.
14 yaşlı qızın qaçırılması və evləndirilməsi faktlarını polisə Ləmbəli kəndində yaşayan bu hadisədən xəbəri olanlar, dövlət xidmətlərində çalışanlar və uşaq oğurluğu, azadlıqdan qanunsuz məhrum etmə, 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmanın ağır cinayətlər olduğunu bilənlər də müraciət etməyiblər. Saqareco polis idarəsinin İormuğanlo bölgəsində ayrıca şöbəsi də var, lakin polisin özü də heç bir reaksiya verməyib.
Qızın meyiti Kaxeti Məhkəmə Tibbi Ekspertiza Bürosunda ekspertizadan keçirilir. Ekspertizadan sonra onun hamilə olub-olmaması məlum olacaq. Mərhumun yaxınlarından hələ də ekspertiza mərkəzinə gələn olmayıb.
Qətldə təqsirləndirilən şəxs hal-hazırda həbs edilməyib.
Daxili İşlər Nazirliyi cinayət işini 11 Prima 109, yəni ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə maddəsi ilə araşdırır. Cinayət on altı ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xalq Müdafiəçisi 14 yaşlı uşağın qətlini şərh edib.
“Bu faciəvi fakt baş verməzdən əvvəl onun uşaq yaşlarında qanunsuz azadlıqdan məhrum edilməsi və zorla ərə verilməsi ilə bağlı məlumatların yayılması təşviş doğurur.
Mümkün erkən nikah faktları ilə bağlı araşdırmaların yüksək tempinə baxmayaraq, həm azyaşlıların nikah hallarının, həm də məcburi nikah hallarının aşkarlanması və yönləndirilməsi ölkədə problem olaraq qalır. İstintaq üçün məsul şəxslərin uşaq nikahlarının aşkar edilməsi üzrə göstəricilər, prosedurlar və öhdəlikləri haqqında məlumatlılığı olduqca aşağı səviyyədədir.
Erkən nikah və qadın qətli ilə bağlı dövlət tərəfindən atılan addımlar yetərli deyil və həm mərkəzi, həm də yerli səviyyədə sistemli və kordinasiyalı iş tələb edir.
Təəssüf ki, Qadınlara Qarşı Ayrı-Seçkiliyin Aradan Qaldırılması Komitəsinin çağırışına baxmayaraq, gender normalarının və stereotiplərinin xüsusilə güclü olduğu regionlarda dövlət gender əsaslı zorakılığa qarşı fəaliyyətini gücləndirməyib.
Gürcüstanın Xalq Müdafiəçisi qadınların qətli və qətlinə cəhd, uşaq nikahları hallarını araşdıracaq və mövcud çağırışlara cavab olaraq təcili addımların atılmasını vacib hesab edir. Xüsusən də cinayətlərin xəbər verilməməsi halları ilə bağlı sərt siyasət də daxil olmaqla, bütün aidiyyəti qurumların vaxtında və səmərəli işə cəlb olunması və reaksiyası olmalıdır. Həmçinin, dövlət tərəfindən məsul şəxslər tərəfindən istinad prosedurlarının mümkün pozulması faktlarının öyrənilməsi vacibdir”.