Moskvada “Crocus City Hall” konsert zalına hücumdan 19 saat sonra Rusiya prezidenti Vladimir Putin əhaliyə müraciət edərək “cinayətin bütün icraçılarının, təşkilatçılarının və sifarişçilərinin” cəzalandırılacağını bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Terrorçuluq ittihamı ilə işi araşdıran İstintaq Komitəsi hücumun arxasında kimin ola biləcəyi ilə bağlı rəsmi versiya və sübutları hələ təqdim etməyib, lakin, hakimiyyət və təbliğat mediası “Ukrayna izi”ndən danışır.
"Terror aktını törədən, insanları güllələyib öldürənlərin hamısı dörd nəfərin hamısı, tapılaraq həbs edilib. Onlar gizlənməyə çalışaraq Ukrayna istiqamətində hərəkət ediblər, ilkin məlumatlara görə, onların Ukrayna tərəfdən dövlət sərhədini keçmələri üçün pəncərə hazırlanmışdı. Ümumilikdə 11 nəfər həbs edilib", - Vladimir Putin bildirib.
Rusiya prezidenti hücumu nasistlərin hərəkətləri ilə müqayisə edib və deyib: "Biz təkcə dəqiq, həyasızlıqla planlaşdırılmış terror hücumu ilə deyil, dinc, müdafiəsiz insanların hazırlanmış, mütəşəkkil şəkildə kütləvi qətli ilə üz-üzəyik. Cinayətkarlar soyuqqanlı idilər və qəsdən vətəndaşlarımızı, uşaqlarımızı öldürməyə hazırlaşırdılar. Necə ki, nasistlər bir vaxtlar işğal etdikləri ərazilərdə qırğınlar törətmişdilər, onlar da göstərişli ölümlə cəzalandırma, qanlı hədə-qorxu aktı keçirmək qərarına gəldilər".
"Bu cinayətin bütün icraçıları, təşkilatçıları və təhrikçiləri kim olurlarsa olsunlar, onları göndərənlər ədalətli və qaçılmaz cəzalarını alacaqlar. Yenə deyirəm: Rusiyaya, xalqımıza qarşı bu qəddarlığı, bu hücumu hazırlayan terrorçuların hamısını üzə çıxarıb cəzalandıracağıq", - Putin qeyd edib.
O, bütün Rusiya vətəndaşlarını, o cümlədən “cəbhədəki yoldaşları” birləşməyə çağırıb. Bir yerdə olmaq bizim ümumi borcumuzdur. "İnanıram ki, belə də olacaq, çünki bizim birliyimizi, iradəmizi heç kim və heç nə sarsıda bilməz".
"BBC"nin rus xidmətinin məlumatına görə, “Ukrayna izi” ilə bağlı versiyanı Rusiya Təhlükəsizlik Şurası rəhbərinin birinci müavinlərindən biri Dmitri Medvedev səsləndirib. Onun sözlərinə görə, hücum edənlərin “Kiyev rejiminin terrorçuları” olduğu müəyyən edilərsə, o zaman onlar “terrorçular kimi amansızcasına məhv edilməlidir”.
Ukrayna hökuməti hadisə ilə hər hansı əlaqəni qəti şəkildə rədd edir. Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya tərəfinin ittihamları planlaşdırılmış təxribatdır, məqsədi Rusiya cəmiyyətində anti-Ukrayna isteriyasını yaymaq, səfərbərliyə zəmin yaratmaq və beynəlxalq ictimaiyyətin gözündə Ukraynanı nüfuzdan salmaqdır.
Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat bölməsinin nümayəndəsi Andrey Yusov bildirib ki, terror aktı Rusiya xüsusi xidmət orqanlarının qəsdən törətdiyi təxribatdır.
"Bu, Putinin xüsusi xidmət orqanlarının qəsdən törətdiyi təxribatdır və bu barədə beynəlxalq ictimaiyyət xəbərdarlıq edib. Kreml tiranı karyerasına bununla başlayıb və onu öz vətəndaşlarına qarşı eyni cinayətlərlə bitirmək istəyir", - Yusov qeyd edib.
Hücuma görə məsuliyyəti "İslam Dövləti" terror təşkilatı üzərinə götürüb. Qrupun təbliğat orqanı Amaq hücumu dörd nəfərin törətdiyini, onlardan üçünün insanlara atəş açdığını, dördüncünün isə binada yanğın törətdiyini bildirib. Bəyanata görə, “İslam Dövləti”nin döyüşçüləri “xristianların böyük bir kütləsinə” hücum etməyi planlaşdırırdılar. Amaq, həmçinin hücum etdiyi iddia edilən şəxslərin fotosunu yayımlayıb.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hücumda şübhəli bilinənlərin heç biri Rusiya vətəndaşı deyil.
Son rəsmi məlumata görə, martın 22-də baş verən hücum nəticəsində 133 nəfər həlak olub. Onların bəziləri güllə yaraları nəticəsində, bəziləri isə konsert zalında baş verən yanğında dünyasını dəyişib. 100-dən çox adam xəstəxanaya çatdırılıb. Ölən və yaralananlar arasında uşaqlar da var.
Martın 24-ü Rusiyada matəm günü elan edilib.