Təsisçiləri parlament çoxluğunun deputatları olan “Xalqın Gücü” partiyası yanvarda beynəlxaq təşkilatlardan maliyyələşən gürcü qeyri-hökumət təşkilatlarının, media və digər şəxslərin “xarici agentlər” reyestrinə daxil olmağa məcbur olacağı qanun layihəsini qeydiyyatdan keçirəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bizim təklif etdiyimiz qanun xarici təsir agentlərinin reyestrini yaradacaq ki, bu reyestrdə qeydiyyat bütün müvafiq "NGO"lar və xarici mənbələrdən maliyyələşən və Gürcüstanda ictimai qərarların qəbuluna və ya ictimai rəyin formalaşmasına təsir göstərmək məqsədi daşıyan digər qurumlar üçün məcburi olacaq.
“Xarici təsir agenti” anlayışı tətbiq olunacaq və aidiyyəti subyektlər öz maliyyə gəlir və xərclərini tam bəyan etməyə borclu olacaqlar. Bundan əlavə, xaricdən maliyyələşən fiziki və ya hüquqi şəxslərə imtiyaz verilməsini nəzərdə tutan bir sıra proseslərdə dövlətin birbaşa iştirakı təmin ediləcək. Müvafiq qanun layihəsi qabaqcıl Qərb təcrübələri nəzərə alınmaqla hazırlanacaq”,- “Xalqın Gücü”nün üzvü Quram Magaraşvili bildirib və qeyd edib ki, belə bir qanun Gürcüstanın milli təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.
Onun sözlərinə görə, “Xalqın Gücü” “mediada yalanların yayılmasının tənzimlənməsini” nəzərdə tutan qanun layihəsi üzərində işləyir.
“Bu həm yalanın yayılmasının qarşısının alınmasını, həm də ona lazımi cavabın verilməsini effektiv şəkildə təmin edəcək. Bu gün Gürcüstanda siyasi proseslərin radikallaşması və qütbləşməsində bir sıra KİV və QHT-lər mühüm rol oynayır. Ona görə də hesab edirik ki, hər iki qanun layihəsinin qəbulu Gürcüstanın dinc inkişafı üçün zəruri şərt olan depolarizasiyasında mühüm rol oynayacaq”,- qeyd edib Quram Magaraşvili.
"Xalqın Gücü" nümayəndələrinin müraciət etdiyi "Xarici Agentlərin Qeydiyyatı Aktı" (FARA) hələ 1938-ci ildə Amerika Birləşmiş Ştatlarında qəbul edilib və İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da xarici təbliğatın qarşısının alınması məqsədi güdürdü. “FARA ABŞ-da xarici təsirlərin müəyyən edilməsi və milli təhlükəsizliyə qarşı təhdidlərin qarşısının alınması üçün mühüm vasitədir”, - bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında deyilir. Bu gün FARA əsasən ictimai rəyə təsir etmək üçün "xarici rəhbərlərin" sifarişi və maliyyəsi ilə ABŞ-da siyasi fəaliyyət və ya vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərə fokuslanır. Bu, məsələn, müəyyən məlumatların, o cümlədən saxta məlumatların yayılması ilə baş verə bilər. FARA-ya əsasən vəkillik və ya ictimaiyyətlə əlaqələr fəaliyyətlərini dəstəkləmək üçün maliyyə alan şəxslər Ədliyyə Departamentində qeydiyyatdan keçməli və münasibətlərini, fəaliyyətlərini və maliyyə vəsaitlərini açıqlamalıdırlar. Məsələn, Rusiyadan fərqli olaraq, ABŞ-da FARA əsasında qeydiyyat təşkilatların və ya şəxslərin fəaliyyətinə mane olmur.
Rusiyada “xarici agentlər” haqqında qanun 2012-ci ildən mövcuddur. Belə ki, həmin qanun Ədliyyə Nazirliyinə xaricdən maliyyə alıb “siyasi fəaliyyətlə” məşğul olan qeyri-kommersiya təşkilatlarını xarici agentlərin vahid reyestrinə daxil etməyə imkan yaradır. Bununla birlikdə “siyasi fəaliyyət” çox geniş mənaya malikdir və aksiya və müzakirələr təşkil etmək, piketlərdə iştirak etmək, seçkiləri müşahidə etmək, hətta sosial şəbəkələrdə mövcud iqtidarla bağlı dəyərləndirmələr yaymaq fəaliyyətlərini əhatə edir. 2017-ci ildə Rusiya qanunvericiliyində yeni bir ifadə meydana çıxdı - xarici agent kimi fəaliyyət göstərən KİV. “Azadlıq” radiosunun Rusiya xidməti və “Amerikanın səsi” reyestrə ilk daxil olan kütləvi informasiya vasitələridir. 2022-ci ildə “xarici agent” anlayışı o qədər genişlənmişdir ki, dövlət belə bir qurumu “xarici təsir” altında hesab edərsə, vətəndaşlığından və yerləşdiyi yerdən asılı olmayaraq, demək olar ki, istənilən fiziki və ya hüquqi şəxsə bunu şamil edilə bilər. Rusiyada “xarici agent” elan edilən şəxslərə yetkinlik yaşına çatmayanlarla bağlı maarifləndirmə fəaliyyəti ilə məşğul olmaq və onlar üçün informasiya məhsulları istehsal etmək, kütləvi tədbirlər təşkil etmək və ya təşkilatçılarına pul köçürmək qadağandır. “Xarici agentlərin” ictimai xidmətdə və dövlət orqanları yanında ictimai şuralarda işləməsi, seçki komissiyalarında və seçki kampaniyalarında iştirakı, hüquqi aktların və onların layihələrinin müstəqil antikorrupsiya ekspertizasının aparması da qadağandır.