Xarici ölkələrin vətəndaşları üçün daşıyıcı analıq qadağan ediləcək - hökumətin təşəbbüsü

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan hökuməti 2024-cü il yanvarın 1-dən xarici vətəndaşlar üçün daşıyıcı analıq və süni mayalanmanı qadağan etməyi planlaşdırır. Bu barədə bu gün baş nazir İrakli Ğaribaşvili və səhiyyə naziri Zurab Azaraşvili məlumat verib. Hökumət müvafiq qanun layihəsini hazırlayıb və bu həftə parlamentdə qeydiyyatdan keçirəcək. Qanunvericilik prosedurlarının payızda başa çatdırılması planlaşdırılır.

Baş nazir İrakli Ğaribaşvili hökumətin iclası başlamazdan əvvəl daşıyıcı analığın məhdudlaşdırılması ilə bağlı açıqlama verib. Onun dediyi kimi, bu məsələ cəmiyyətin böyük hissəsini narahat edir və “vətəndaşların təhlükəsizliyi, ölkənin imici ilə əlaqədardır”.

“Bir müddət əvvəl biz demoqrafik məsələlərlə bağlı şura yaratdıq. Diqqətə çatdırılan problemli məsələlərdən biri də daşıyıcı analıq və ümumilikdə bununla bağlı problemlərdir. Bilirsiniz ki, xaricdən, xarici vətəndaşlar bu məsələni biznesə çeviriblər və son illər bununla bağlı heç bir tənzimləməmiz yoxdur. Biz Avropa nümunələrini öyrəndik. Fransa, Almaniya, İspaniya, İsveçrə, İsveç, Finlandiya, İtaliya, Litva, Estoniya kimi yüksək inkişaf etmiş ölkələrdə, mən daha davam etməyəcəyəm - daşıyıcı analıq tamamilə qadağandır. Hibrid modelə qismən icazə verilən ölkələr var - məsələn, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Avstraliya, Yeni Zelandiya.

Yeni qanun layihəsinə görə, bizim istəyimiz odur ki, buna yalnız Gürcüstan vətəndaşları üçün icazə verilsin, yəni xarici vətəndaşlar, belə demək mümkünsə, artıq sifariş verə bilməyəcəklər. Kobud şəkildə demək istəmirəm, amma birbaşa sifariş halları baş verir. Bu onlayn şəkildə də mövcuddur, həddən artıq çox reklam yayılır və düşünürəm ki, bu məsələni tənzimlənilməmiş formada buraxmaq çox narahatedicidir”, – Ğaribaşvili bildirib.

Baş nazirin sözlərinə görə, qadınlara “ödənişli biznes” təklif olunur, sonra heç kim bilmir ki, “uşağı kim aparır, ümumiyyətlə, hansı cütlük aparır”.

“Məlumat mövcuddur ki, burada doğulan uşaqları eynicinsli cütlüklər aparır və çoxlu problemlər ola bilər. Səhiyyə Nazirliyi başqa problemlərlə də qarşılaşıb. Ona görə də bunu tənzimləmək lazımdır.

Buna yalnız bizim vətəndaşlarımız, Gürcüstan vətəndaşları üçün icazəli olacaq. Uşaq dünyaya gətirə bilməyənlər çoxdur, ona görə də daşıyıcı analıq üsuluna əl atırlar və təbii ki, buna onlar üçün - Gürcüstandakı Gürcüstan vətəndaşları üçün icazə verilməlidir. Bu, əlbəttə ki, bir tərəfdən demoqrafiyaya kömək edəcək və ümumiyyətlə, düşünürük ki, bu imkanı vətəndaşlarımızın öhdəsinə buraxmalıyıq”.

Hökumətin iclasından sonra keçirilən brifinqdə İşğal Olunmuş Ərazilərdən Olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin sosial müdafiəsi naziri Zurab Azaraşvili əlavə edib ki, məhdudiyyətlər təkcə daşıyıcı anaya deyil, həm də süni mayalanmaya da şamil olunacaq.

“Demoqrafik problemlə bağlı biz ölkədə bir çox tədbirlə əl atacağıq və bu, Gürcüstan vətəndaşlarını demoqrafik istiqamətdə çoxalması üçün vasitələrdən, imkanlardan biri ola bilsə, biz həm süni mayalanmanı, həm də daşıyıcı analığı yalnız Gürcüstan vətəndaşları üçün saxlayacağıq”, - Azaraşvili bildirib.

Səhiyyə nazirinin sözlərinə görə, bu sahənin tənzimlənməməsi “qeyri-etik və çox pis təcrübə” ilə bağlı olub: “Bu, bir çox insanı müxtəlif təhlükələrə üz-üzə qoyurdu, burada belə acınacaqlı faktlar, eynilə, uşaq alveri ilə də əlaqədar ola bilərdi (mən təsdiq şəklində danışmaq istəmirəm). Həmçinin, orqan alveri ilə bağlı böyük problem var. İndi bizdə aydın qeyd var ki, bu, yalnız Gürcüstan vətəndaşlarına şamil olunacaq. Bu qanundaca yazılıb ki, ölkədə hər cür reklam qadağandır, çünki çox təəssüf ki, necəki ölkə daxilində, elə də ölkə xaricində müxtəlif sosial şəbəkələr, müxtəlif vasitələrlə, küçədə, metrolarda daşıyıcı analıq və ya süni mayalanma ilə bağlı təkliflər var. Bu xoşagəlməz təcrübə tənzimlənəcək və aradan qaldırılacaq”.

Zurab Azaraşvilinin dediyi kimi, donor və ya daşıyıcı olmaq istəyən Gürcüstan vətəndaşı təmənnasızlıq prinsipi ilə hərəkət etməlidir.

“Bu qanunla tənzimlənən mühüm və prinsipial şey təmənnasızlıq prinsipidir. Donor və ya daşıyıcı olmaq istəyən Gürcüstan vətəndaşı təmənnasızlıq prinsipi əsasında hərəkət etməli və yalnız bu proseslə əlaqədar narahatlıqla müşayiət oluna biləcək kompensasiya, yaxud tibbi müayinə və ya doğuşla bağlı xərcləri almalıdır”, - o deyib.

Səhiyyə naziri qeyd edib ki, 5 il əvvəl daşıyıcı analıq və süni mayalanma yolu ilə təxminən 1000 uşaq doğulduğu halda, bu gün hər il 2000-dən çox hal qeydə alınır- “bu, bahalı proses olduğuna görə, sifarişçilər əsasən qeyri-Gürcüstan vətəndaşlarıdır”.

Daçıyıcı analıq və süni mayalanmadan uşaq sahibi ola bilməyən cütlüklər istifadə edirlər. süni mayalanma zamanı yumurtahüceyrə (bioloji ana və ya donor) orqanizmdən kənarda döllənir və sonra uşaqlıq yoluna köçürülür. Bioloji ana dölü özü daşıya bilmədikdə, daşıyıcı anadan istifadə edilir. Beləliklə, mayalanmış yumurtalar daşıyıcının uşaqlığına implantasiya edilir. Bu zaman daşıyıcı ananın uşaqla bioloji əlaqəsi olmur. Həmçinin daşıyıcının eyni anda həm yumurta donoru, həm də döl daşıyıcısı olması mümkündür.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur