“Xarici təsir agentləri” haqqında qanun layihəsi Aİ normalarına uyğun deyil - Borel

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Cozef Borel deyir ki, parlamentin əksəriyyətinin üzvləri tərəfindən təşəbbüs verilən “Xarici təsir agentləri” haqqında qanun layihəsi Aİ normaları və dəyərləri ilə uyğun deyil.

“Vətəndaş cəmiyyəti təşkilatları üçün əlverişli bir mühitin yaradılması və saxlanması və medianın azadlığının təminatı demokratiyanın əsasıdır. O həmçinin Aİ-yə üzvlük prosesi üçün vacibdir və 12 tövsiyənin bir hissəsidir, yəni media azadlığı üzrə prioritet 7 və vətəndaş cəmiyyətinin iştirakı üzrə prioritet 10.

Avropa İttifaqı Gürcüstanın Konstitusiyasında qeyd olunduğu kimi, ölkənin inkişafına və Aİ-yə üzvlük istəklərinə cavab verən islahatların həyata keçirilməsi səylərini dəstəkləyir.

Qanun layihəsinin qəbulu Aİ normaları və dəyərləri ilə uyğunsuz olacaqdır.

Biz Gürcüstanın siyasi liderlərini Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti tərəfindən dəstəklənən Avropa İttifaqına daxil olmaq kimi bəyan edilmiş məqsədə uyğun islahatları qəbul etməyə və həyata keçirməyə çağırırıq”, - Cozef Borelin mətbuat katibinin yaydığı bəyantda deyilir.

Fevralın 20-də Gürcüstan Parlamentinin Bürosu qanun layihəsi ilə bağlı hüquq şöbəsinin rəyinin olmamasına baxmayaraq, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsi prosedurunun başlanmasını dəstəkləyib. Mövcud təcrübəyə əsasən, bu rəy olmadan təqdim edilən qanun layihəsi büro tərəfindən müəlliflərə qaytarılırdı.

Büro sessiyası ilə yanaşı internet nəşrlərinin jurnalistləri və araşdırmaçı jurnalistlər tərəfindən etiraz aksiyası keçirilib. Onlar parlamentin sədrini və büro üzvlərini “rus qanun layihəsi”ni qəbul etməməyə çağırırdılar - bu qanun təsdiq olunarsa, müstəqil KİV-lərin bağlanmasına gətirib çıxaracaq. Gürcüstanda fəaliyyət göstərən 300-ə yaxın qeyri-hökumət, icma və media təşkilatı bəyanatla çıxış edib, bəyanatda bu qanun layihəsinin ölkə vətəndaşlarına qarşı yönəldiyi deyilir.

  • Qanun layihəsinə əsasən xarici təsir agenti gəlirinin 20 %-dən çoxunu xaricdən əldə edən qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxs (qeyri-hökumət təşkilatı) və KİV-dir, inzibati orqan (dövlət və ya bələdiyyə orqanı/qurum) və ya milli idman federasiyaları tərəfindən yaradılmış təşkilatlar istisna olmaqla.
  • Belə hüquqi şəxslər maliyyə hesabatı üzrə öhdəliklərə tabe olacaqlar, bu, keçmiş təqvim ili ərzində xərclənmiş pul vəsaitlərinin məbləği və təyinatı barədə məlumatların təqdim edilməsini əhatə edir. Xarici təsir agentlərinin reyestrinə daxil edilmiş məlumatlar açıqdır.
  • Qanun layihəsinə əsasən, “xarici təsir agenti”ni müəyyən etmək üçün Gürcüstanın Ədliyyə Nazirliyi monitorinq aparmaq imkanı əldə edəcək və bu monitorinq çərçivəsində ona bütün lazımi məlumatları emal etmək səlahiyyəti veriləcək, şəxsi məlumatlar daxil olmaqla.
  • Monitorinqin başlanması üçün əsas təşkil edir: Ədliyyə Nazirliyinin müvafiq səlahiyyətli şəxsinin qərarı; Xarici təsirin konkret agentinə müvafiq istinadı ehtiva edən Nazirliyə təqdim edilmiş yazılı ərizə.
  • Qanun layihəsi nazirliyə 10, 20 və 25 min lari məbləğində cərimələr tətbiq etmək, təşkilatları məcburi qeydiyyata almaq səlahiyyəti də verir.

Qanun layihəsinin təşəbbüskarları parlament çoxluğunun üzvləridir: Sozar Subar, Mixeil Kavelaşvili, Dimitri Xundadze, Quram Maçaraşvili, Viktor Caparidze, İrakli (Daçi) Beraya, Eka Sepaşvili, Davit Kaçarava və Zaal Mikeladze. “Gürcü Arzusu” qanun layihəsinin qəbulunu dəstəkləyir.

Gürcüstan Prezidenti Salome Zurabişvili bildirir ki, bu qanun layihəsi onun dəstəyini qazanmayacaq, çünki belə bir qanun Gürcüstanı Rusiya ilə yaxınlaşdıracaq.

Xalq Müdafiəçisi Aparatının qiymətləndirməsinə görə, qanun layihəsi insan hüquqlarının beynəlxalq müdafiəsi standartlarına uyğun gəlmir və müasir demokratik dövlətin əsas prinsipləri ilə bir araya sığmır.

ABŞ-ın Gürcüstandakı səfirliyinin fevralın 20-də verdiyi bəyanata görə, “təsadüfi deyil ki, Kremlin hədəflərindən biri Gürcüstandakı vətəndaş cəmiyyətidir”

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur