Xüsusi təyinatlılar “Publika”, “Tabula” və “Aprel”in jurnalistlərini döyüblər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rus qanunu əleyhinə parlamentin qarşısında keçirilən aksiyanın işıqlandırılması zamanı xüsusi təyinatlı dəstə üzvləri “Publika”, “Tabula” və “Aprel” onlayn nəşrlərinin jurnalistləri – Aleksandre Keşelaşvili, Qiorqi Badridze və Qiorqi Basxajaurini döyüblər.

Aleksandre Keşelaşvilinin sözlərinə görə, o, jurnalist olduğunu deyib, amma onu yenə də döyüblər.

“Onlar çıxıb saxlamalara başladıqda mən onları izləyirdim, həmişəki kimi şəkillər çəkirdim. Arxama baxdıqda arxamca gələn maskalı insanları gördüm, onlar işimə mane olurdular, əllərri ilə telefonumu örtdülər, sonra başqası gəlib məni vurdu, telefonu əlimdən aldılar. Başa saldım ki, jurnalistəm, əvvəlcə başa düşmədilər, sonra bəziləri başa düşdü və dedilər ki, geri qaytaraq. İlk götürəndə başa saldım ki, jurnalistəm, amma buna baxmayaraq, gəlib məni vurdu”, - deyə jurnalist “Pirveli” televiziyasına bildirib.

“Tabula” nəşrinin redaktoru Levan Sutidzenin sözlərinə görə, xüsusi təyinatlılar aksiyanı lentə alarkən jurnalist Qiorqi Badridzeni Jvaniya küçəsində döyüb və mobil telefonunu əlindən alıblar.

“Mənim gəlməsini xahiş etməmə baxmayaraq, Qiorqi ofisin mobil telefonu ilə işləməyə davam etdi, onlar telefou onun əlindən almağa çalışdılar, lakin o geri qaytarmağa nail oldu. Bu son çəkdiyimizdir. Rus, donuz rejimini müdafiə edən xüsusi təyinatlılar özünü vəhşi kimi aparır”, - “Tabula”nın redaktoru “Facebook” sosial şəbəkəsində yazıb.

“Aprel Media” da jurnalistə qarşı zorakılıqdan yazır. Nəşrin yazdığına görə, parlamentdəki hazırkı prosesləri işıqlandıran Qiorqi Basxajauri robokoplar tərəfindən fiziki hücuma məruz qalıb və ona homofobluq əlaməti ehtiva edən “pi*****” deyilib.

“Məni döydülər, mənə pi*****t, s*****r buradan dedilər, yıxıldım və bir neçə robokop yuxarıdan vururdu. Mən yıxılanda və onlar məni döyəndə dedim ki, mən jurnalistəm. Mənə pi*****t dedilər, dedilər ki, ağıllı olmağı öyrənəcəm, sonra buraxdılar” – “Aprel” jurnalistin şərhindən sitat gətirir.

Qiorqi Basxajauri onu da deyir ki, xüsusi təyinatlılar zorakılığa heç bir gərginlik və qarşıdurma yox ikən və ərazidə az adam qaldıqda başlayıb.

Təxminən saat 01:00 radələrində rus qanunu əleyhinə toplaşan dinc nümayişçilər qəfil və xəbərdarlıq edilmədən hücuma məruz qalıblar. Xüsusi təyinatlıların üzvləri parlamentin ətrafındakı küçə və dalanlarda vətəndaşları təqib edərək onlara fiziki təzyiq göstəriblər. Vətəndaşlar iddia edir ki, xüsusi təyinatlılar onları şifahi şəkildə də təhqir edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur