“Gürcü Arzusu” LGBT hüquqlarını məhdudlaşdırmaq üçün konstitusiyaya dəyişiklik etmək istəyir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlament çoxluğunun lideri Mamuka Mdinaradzenin sözlərinə görə, “Gürcü Arzusu” konstitusiya dəyişikliləri hazırlayıb ki, burada “ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi təminatları ” açıq şəkildə ifadə edilir. Dəyişikliklər eynicinsli ailə münasibətlərinin təşviqinə yönəlmiş materialların yığılmasını və ya yayılmasını qadağan edir.

“Bir tərəfdən, bu insanların nə qədər qeyri-ənənəvi və fərqli həyat tərzinə sahib olmasından asılı olmayaraq, bütün insanların konstitusion hüquq və azadlıqlarını qorumaq bizim borcumuzdur, digər tərəfdən də ailə dəyərlərimizi və gələcək nəsilləri psevdoliberal təbliğatın gözlənilən düzəlməz nəticələrindən çox prinsipial şəkildə qorumalıyıq ”, - deyə Mdinaradze bu gün keçirilən brifinqdə bildirib.

“Biz ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsinin aydın şəkildə yazılacağı konstitusiya dəyişiklikləri ilə çıxış etmək qərarına gəldik, bundan sonra, çox yaxın gələcəkdə bir neçə qanunda müvafiq və daha konkret dəyişikliklərlə çıxış edəcəyik. Qanunvericiliyə edilən dəyişikliklər isə Gürcüstanın hazırkı nonstitusiyasına tam uyğun olacaq, lakin gələcəkdə, uzunmüddətli perspektivdə qeyd olunan məqsədlərin qəti şəkildə icrası üçün konstitusiya dəyişiklikləri ilə çıxıç edəcəyik”.

“Gürcü Arzusu” parlamentdə konstitusiya dəyişikliklərini qəbul etmək üçün lazımi sayda səsə malik deyil. Mdinaradzenin sözlərinə görə, onlar dəyişikliklərin “indi olmasa da, heç olmasa növbəti çağırış parlamentdə” dəstəklənməsi üçün hər şeyi edəcəklər və qanunlara edilən dəyişikliklər bu il “tam zəmanətlə qəbul olunacaq”.

“Müxalifətimizin riski ondan ibarətdir ki, biz bu il konstitusiya dəyişikliklərini qəbul edə bilməyə bilərik, lakin biz bunu qanunla təmin edəcəyik”, - Mdinaradze bildirib.

Mamuka Mdinaradzenin sözlərinə görə, Gürcüstan Konstitusiyasının 30-cu maddəyə (nikah hüququ, ana və uşaq hüquqları) aşağıdakı 3-cü maddə məzmunu da əlavə olunacaq: “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi Gürcüstan Konstitusiyasının tərkib hissəsi olan Gürcüstan Konstitusiya Qanunu ilə təmin edilir”.

“Gürcü Arzusu” “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” konstitusiya qanununu belə tərtib edib:

Maddə 1.

  1. Qanunvericiliyə əsasən, 18 yaşdan az olmayaraq yalnız bir genetik kişi ilə bir genetik qadının birləşməsini nəzərdə tutan  nikaha oxşar münasibət tənzimlənə bilər.
  2. Yetkinlik yaşına çatmayan şəxsi övladlığa və ya himayədarlığa götürməyə yalnız Gürcüstanın Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq nikahda olan ər-arvad və ya heteroseksual şəxslərə icazə verilir.
  3. Bir insanın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı hər hansı tibbi müdaxilə qadağandır.
  4. Dövlət və ya yerli hökumət tərəfindən verilən sənəd yalnız onun genetik məlumatlarına uyğun gələn qadın və ya kişi cinsini göstərir.
  5. Dövlət orqanının və ya fərdi şəxsin gender əsaslı anlayışların istifadəsini birbaşa və ya dolayısı ilə məhdudlaşdıran hər hansı qərarı etibarsızdır.
  6. Eyni cinsli ailə və ya intim münasibətləri, insest əlaqəsi olan, eyni cinsli cütlük və ya qeyri-heteroseksual şəxs tərəfindən yetkinlik yaşına çatmayan şəxsin övladlığa və ya himayədarlığa götürülməsi, cinsiyyətin dəyişdirilməsi ilə bağlı tibbi müdaxilə və ya cinsi əlamətlə müəyyə edilmiş anlayışların istifadə olunmamasının təbliği məqsədi daşıyan yığıncaqlar qadağandır.
  7. Eyni cinsli ailə və ya intim münasibətləri, insest əlaqəsi olan, eyni cinsli cütlük və ya qeyri-heteroseksual şəxs tərəfindən yetkinlik yaşına çatmayan şəxsin övladlığa və ya himayədarlığa götürülməsi,  cinsiyyətin dəyişdirilməsi ilə bağlı tibbi müdaxilə və ya cinsi əlamətlə müəyyə edilmiş anlayışların istifadə olunmamasının təbliği məqsədi daşıyan əsərin, verilişin və ya digər materialın yayılması qadağandır.
  8. İctimai və ya özəl təhsil müəssisəsinin tədris prosesində eyni cinsli ailə və ya intim münasibətləri, insest əlaqəsi olan, eyni cinsli cütlük və ya qeyri-heteroseksual şəxs tərəfindən yetkinlik yaşına çatmayan şəxsin övladlığa və ya himayədarlığa götürülməsi,  cinsiyyətin dəyişdirilməsi ilə bağlı tibbi müdaxilə və ya cinsi əlamətlə müəyyə edilmiş anlayışların istifadə olunmamasının təbliği məqsədi daşıyan məlumatların verilməsi qadağandır. 

Hakim partiya fevralın 29-da “LGBT təbliğatı”na qarşı qanunvericiliyə dəyişikliklər elan edib. Müxalifətin bir hissəsinin fikrincə, “Gürcü Arzusu” diqqəti real problemlərdən yayındırmağa çalışır, bir hissəsi isə məqsədin ifadə azadlığını məhdudlaşdırmaq olduğunu düşünür.

Rusiyada iki ilə yaxındır ki, “LGBT təbliğatı”nı tamamilə qadağan edən qanun qüvvədədir. Bundan əvvəl, 2013-cü ildən “qeyri-ənənəvi cinsi əlaqənin təbliği” yalnız yetkinlik yaşına çatmayanlar arasında qadağan edilib. Prezident Vladimir Putinin 2022-ci ilin dekabrın 5-də imzaladığı qanuna əsasən, “LGBT təbliğatına” görə cərimə fiziki şəxslər üçün 400 min rubl, hüquqi şəxslər üçün isə 5 milyon rubl təşkil edir. Qanun müxtəlif sahələrə, o cümlədən onlayn və oflayn kinoteatrlara, teatra, mediaya, reklam biznesinə və sosial şəbəkələrə şamil edilir. “Roskomnadzor” məhkəmə qərarı olmadan “qeyri-ənənəvi münasibətlər”, pedofiliya və cinsiyyətin dəyişdirilməsinin “təbliğatını” ehtiva edən internet resurslarını bloklamaq hüququna malikdir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur