Zeia: Biz hökuməti kursunu düzəltməyə, cəmiyyətin istəklərini yerinə yetirməyə çağırırıq

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

ABŞ dövlət katibinin müavini Uzra Zeia Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra bildirib ki, ABŞ Gürcüstan hökumətinin anti-demokratik hərəkətlərindən hələ də dərin narahatdır.

Uzra Zeia hakimiyyətin antidemokratik hərəkətləri arasında “agentlər” haqqında rus qanununu və “Avropa İttifaqına gedən yolu və ABŞ ilə münasibətləri pozan” ritorikanı xüsusi qeyd edib..

“Biz Gürcüstan hökumətini kursunu düzəltməyə və Gürcüstanın Avropa gələcəyi ilə bağlı cəmiyyətin istəklərini yerinə yetirməyə çağırırıq”, - dövlət katibinin müavini “X” sosial şəbəkədə yazıb.

İyulun 12-də hökumət administrasiyasında Uzra Zeia ilə İrakli Kobaxidze arasında görüş keçirilib. Kobaxidzenin dediyi kimi, o, ABŞ dövlət katibinin müavinindən gələcəkdə rus qanunu ilə bağlı konkret iradlar bildirməsini xahiş edib.

“Şəffaflıq haqqında qanunla bağlı Uzra Zeyaya suallarım var idi. Burada da ümumi qiymətləndirmə oldu - heç bir arqument və konkretlik olmadan.

Mən ondan xahiş etdim ki, gələcəkdə bu qanunla bağlı konkret iradlar bildirsin, əks halda ümumi şərhlərə cavab verməkdə çətinlik çəkəcəyik.

Bizim istəyimiz Amerika Birləşmiş Ştatları ilə münasibətləri mümkün qədər dərinləşdirməkdir ki, bunu dəfələrlə bəyan etmişik.Tərəfimizdən mütləq açıqlıq var, əsas odur ki, müvafiq addımları görək və biz hələ də gözləmə rejimindəyik, gələcək addımları gözləyirik. Görüşümüz zamanı şəxsən onunla bu mesajı paylaşdım və ümid edirəm ki, tədricən hər şey düzələcək, münasibətlər sağlam olacaq. Əminik ki, hardasa gələn ilin əvvəlindən Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında münasibətlərin inkişafı keyfiyyətcə dəyişəcək”, - Kobaxidze jurnalistlərə bildirib.

“Gürcü Arzusu”nun baş katibi və Tbilisi meri Kaxa Kaladze Uzra Zeianın açıqlamasına münasibət bildirib. Onun sözlərinə görə, bu gün “Gürcü Arzusu”na ölkənin yanlış istiqamətdə getdiyini deyənlər “2012-ci ilə qədər Saakaşvili hakimiyyətini demokratiya mayakı adlandırırdılar”.

“Onun ölkənin gedişatı ilə bağlı qiymətləndirmələri düzgün deyil. Ölkəmizin kursu avropa yönümlüdür.

Qanun layihəsinə gəlincə, bu qədər müddət ərzində ancaq tənqid eşitmişik. Təəssüf ki, şəffaflığın niyə pis olduğu və ya şəffaflığın, məsələn, qeyri-hökumət təşkilatlarının işinə niyə mane ola biləcəyi ilə bağlı heç bir arqument eşitmədik. “Niyə şəffaflıq demokratiyaya və avropalılığa qarşıdır?”

ABŞ dövlət katibinin müavini Uzra Zeia iyulun 11-də Gürcüstana səfər edib. O, iki gün ərzində qeyri-hökumət təşkilatları və media nümayəndələri, müxalifət və hakim partiyadan olan qadın deputatlar, Mərkəzi Seçki Komissiyasının sədri, prezident və baş nazirlə görüşlər keçirib.

Görüşləri yekunlaşdıran Uzra Zeia “xarici agentlər” haqqında rus qanunu gürcü xalqına, o cümlədən “müxtəlif istiqamətlərdə işləyən, səhiyyə, məktəblər, təhsil, kənd təsərrüfatı, media və bir çox başqa sahələrdə çalışan” güclü vətəndaş təşkilatlarına ziyan vurur. Dövlət katibinin müavininin sözlərinə görə, məhz bunun nəticəsidir ki, Avropa İttifaqı xeyli səylər nəticəsində əldə olunan Gürcüstanın üzvlük prosesini dayandırıb.

“Vətəndaş cəmiyyəti üzvlərinə və müxalifət partiyalarına qarşı zorakılıq və hədə-qorxu eyni dərəcədə narahatedicidir. Sizə daha çoxunu deyəcəyəm - hakim partiyanın liderlərinin ABŞ kimi sadiq və uzunmüddətli tərəfdaşına qarşı dezinformasiya yayması yalnız düşmənin maraqlarına xidmət edir”, - deyə Uzra Zeia bildirib.

O, oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə də diqqət çəkib və ABŞ-ın konkret olaraq heç bir partiyanı dəstəkləmədiyini, bununla belə, rəqabətli siyasi proses gözlədiyini deyib: “Azad və ədalətli seçkilər üçün yerli və beynəlxalq müşahidə təşkilatlarının seçkiləri maneəsiz müşahidə etməsi zəruridir”, - dövlət katibinin müavini bildirib.

Uzra Zeia “Gürcü Arzusu”nu vətəndaş sektorunda çalışan insanlara qarşı fiziki zorakılıq və təhdidləri dayandırmağa, həmçinin zorakılıq hallarını dərhal araşdırmağa və cinayətkarları cəzalandırmağa çağırıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur