Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kursk vilayətində davam edən döyüş fonunda bildirib ki, Rusiya Ukraynaya müharibə gətirib və nə etdiyini hiss etməlidir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən Ukrayna mövqelərimizin qorunmasını və müdafiə tapşırıqlarının yerinə yetirilməsini təmin edən hər bir döyüşçüyə, hər bir əsgərə və komandirə minnətdaram.
Ukraynalılar öz məqsədlərinə necə çatacaqlarını bilirlər. Müharibədə hədəflərə çatmaq bizim seçimimiz deyildi. Rusiya torpaqlarımıza müharibə gətirib və nə etdiyini hiss etməlidir.
Biz sülh dövründə - ədalətli sülh şəraitində öz məqsədlərimizə mümkün qədər tez çatmağa çalışırıq və bu baş verəcək”, - deyə Zelenski bildirib.
Ukrayna silahlı qüvvələrinin Kursk vilayətində avqustun 6-da başlayan hücumu üçüncü gündür ki, davam edir. Məlumata görə, avqustun 7-də ukraynalılar Sum [Ukrayna] və Kursk vilayətləri sərhədindəki “Sudja” keçid məntəqəsini zəbt edərək onlarla rus sərhədçini əsir götürüblər. Bundan əlavə, keçid məntəqəsindən bir neçə yüz metr aralıda yerləşən “Sudja” qazölçmə məntəqəsinin – Rusiya qazının Ukrayna ərazisindən keçərək Avropaya nəql olunduğu magistral qaz kəmərinin infrastrukturunun bir hissəsinin ukraynalıların əlinə keçməsi barədə məlumatlar yayılıb. “Müharibənin Tədqiqi İnstitutu”nun (ISW) məlumatına görə, avqustun 7-də Ukrayna tərəfinin zirehli texnikası sərhəddən təxminən 10 kilometr dərinliyə soxulub. Kursk vilayətində fövqəladə vəziyyət elan edilib.
Davam edən döyüşlər fonunda ilk bəyanatla Ukrayna hökumətinin nümayəndələrindən olan Mixaylo Podolyak çıxış edib. “Rusiya həmişə hesab edib ki, o, qadağanedici hüquq normalarına tabe deyil və buna görə də o, cəzasız olaraq qonşu ölkələrin ərazilərinə hücum edə və ikiüzlü şəkildə ərazilərinin toxunulmaz olduğunu iddia edə bilər. Lakin müharibə öz qaydaları olan və təcavüzkarın həmişə əkdiyini biçdiyi bir hadisədir”, - Podolyak dünən, avqustun 8-də deyib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi iddia edir ki, rus qoşunları “Ukrayna silahlı qüvvələrinin Kursk vilayətinin dərinliklərini yarmaq cəhdlərinin qarşısını alır”. Kursk qubernatorunun səlahiyyətlərini icra edən Andrey Belostotski bildirib ki, Ukrayna ordusu “bir metr belə irəliləməyib, əksinə, geri çəkilir”. Bu xəbərlər təsdiqlənmir.