121 qeyri-hökumət təşkilatı və media “xarici agentlər haqqında” rus qanununu Konstitusiya Məhkəməsinə şikayət edib. Şikayət ərizəsi vasitəsilə qanunun ləğvi, məhkəmə yekun qərar verənə qədər isə - qanunun konstitusiyaya zidd normalarının icrasının dayandırılmasını tələb edilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Konstitusiya şikayəti bir daha aydın şəkildə təsdiq edir ki, bu qanun hər bir insanın ümumi mənafeyi yerinə yetirmək və insanlara kömək etmək üçün həmfikirləri ilə birləşmək hüququnu məhdudlaşdırır. Rus qanununu qəbul etməklə hökumət düşmənçilik və ləyaqətin alçaldıldığı mühit yaradır və bununla da birləşmək, ifadə və digər hüquq və azadlıqlardan istifadəni təhlükə olaraq elan edir”, - “İnformasiya Azadlığının İnkişafı İnstitutu”nun (IDFI) nümayəndəsi Qiorqi Davituri bu gün keçirilən brifinqdə deyib.
Şikayətçilər ümid edirlər ki, Konstitusiya Məhkəməsi tezliklə öz səlahiyyətlərini həyata keçirəcək və qanunun etiraz edilən maddələrinin fəaliyyətini dayandıracaq. Eyni zamanda Avropa İnsan Haqları Məhkəməsinə təqdim etmək üçün də şikayət hazırlanır.
“Konstitusiya Məhkəməsi prosesi uzatsa, beynəlxalq mexanizmlərdən istifadə davam edəcək.
Dövlətə bu qanunu icra etmək imkanı verildikdə ölkədə tənqidi səs tədricən boğulacaq, ifadə və birləşmək azadlığının mütəşəkkil formaları tədricən aradan qalxacaq. Bu həm mediaya, həm də qeyri-hökumət sektoruna aiddir.
Biz bir daha təkrar edirik ki, biz rus qanununun qaydaları ilə yaşamayacağıq, ona tabe olmayacağıq və qanun qeyd-şərtsiz ləğv olunana qədər onun fəaliyyətinə mane olmaq üçün bütün daxili və beynəlxalq mexanizmlərdən istifadə edəcəyik. Avropaya hə! Rus qanununa yox!”, - Davituri qeyd edib.
Gürcüstan prezidenti Salome Zurabişvili də rus qanunu əleyhinə Konstitusiya Məhkəməsinə müraciət edib. Prezidentin parlament katibi Qiorqi Msxiladzenin sözlərinə görə, Zurabişvili rus qanununun fəaliyyətinin dayandırılmasını və onun yekun ləğvini tələb edir, çünki o, hesab edir ki, bu, Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə (Avropa və Avro-Atlantik strukturlara inteqrasiya) ziddir. “Şikayətdə, həmçinin konstitusiya ilə təmin edilmiş bir sıra əsas hüquqları pozan bir sıra normalara da iddiada etiraz edilir”, - Msxiladze bildirib.
Parlamentin müxalifətçi deputatları da konstitusiya şikayəti təqdim edəcəklər. Tamar Kordzaianın sözlərinə görə, şikayət demək olar ki, hazırdır və onda, artıq 30 deputatın imzası var.
Konstitusiya Məhkəməsi şikayətçilərin tələblərini yerinə yetirməsə, rus qanunu sentyabrın 3-də tam şəkildə qüvvəyə minəcək. Gəlirlərinin 20%-dən çoxunu beynəlxalq təşkilatlardan aldığı qrantlardan əldə edən bütün qeyri-hökumət təşkilatları və medialar xarici dövlətin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyatdan keçməlidirlər. Qanun Gürcüstanda qrant verən ölkənin strateji tərəfdaşlarına “xarici güc” statusu verəcək.
Avropa İttifaqı və ABŞ liderləri Gürcüstan hakimiyyətinə xəbərdarlıq ediblər ki, qanunun qəbulu ölkənin Avro-Atlantik inteqrasiya prosesinə mane olacaq. Bu xəbərdarlıqlara və xalqın etirazına baxmayaraq, “Gürcü Arzusu”nun parlament çoxluğu mayın 28-də prezidentin vetosunu aşaraq, nəhayət, rus qanununu qəbul edib.