“Abxaziyada Gürcüstanın tezliklə Aİ üzvlüyünə namizəd olacağının heç fərqinə varmadılar. Düzdür, biz bir-birimizlə qonşuluqda yaşayırıq, lakin, necəsə paralel həyatımız var, fərqli orbitlərdəyik. Ümumiyyətlə, biz hiss etmirik ki, gələcəkdə Gürcüstan Avropa İttifaqına üzv ola bilər, yəni Avropa İttifaqı kontekstində abxaziyalara heç kim heç bir təklif irəli sürməyib, Avropa İttifaqı da Abxaziyaya münasibətdə heç nə etməyib. Reallıqda ondan qopmuşuq, hətta Aİ ölkələrinə də gedə bilmirik. Bax, Rusiyada nəsə baş versəydi, bizə təsir edərdi, bizi narahat edərdi, amma Avropa İttifaqına münasibətdə isə heç nə yoxdur və heç bir perspektiv də görsənmir. Belə ki, gözlənilən namizədlik bizim üçün nəzərəçarpan olmadı. Adi vətəndaş üçün namizədlik və üzvlük tamamilə anlaşılmazdır, çox uzaqdır və söhbətin nədən getdiyini bilmirlər”, - abxaz jurnalist və köşə yazarı, “Çeqemskaya Pravda”nın baş redaktoru İnal Xaşiq “Gürcüstan Xəbərləri”nə müsahibəsində bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
- İllər əvvəl tez-tez Soxumiyə zəng edib yüksək vəzifəli şəxslərlə söhbət edir, onların şərhlərini, müsahibələrini yazırdım. Bu gün gürcü jurnalistlərin bunu etmək şansları nə qədərdir?
- Düşünmürəm ki, bu gün kimsə əvvəlki kimi danışsın, çünki Abxaziya ilə Gürcüstan arasında heç bir hərəkət yoxdur, hər şey donub. Üstəlik, indiki məmurlar da çox qapalıdırlar. Bu baxımdan vəziyyət o qədər də optimist deyil.
- Bəs onların abxaz jurnalistlərlə əlaqəsi necədir?
- Onlar da bizə qarşı da qapalıdırlar, daha çox dövlət mediası ilə ünsiyyət qururlar, hər kəslə danışmırlar.
- Son xəbərlərdən biri də Ermənistanın baş nazirinin Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı bəyanatı və Aslan Bjaniyanın buna tez reaksiya verməsi oldu. Abxaziyada yaşayan etnik ermənilər Nikol Paşinyanın bəyanatını necə qarşıladılar?
- Təbii ki, mən bütün ermənilərin adından danışa bilmərəm, amma ermənilərin əksəriyyəti Paşinyanı çoxdan bəyənmir və bu, yəqin ki, təkcə Abxaziya ermənilərinə deyil, həm də bütün keçmiş Sovet İttifaqı ermənilərinə aiddir. Bu baxımdan Dağlıq Qarabağla bağlı baş verənlər əhəmiyyət kəsb edir - Dağlıq Qarabağ və onun dövlətçiliyi artıq mövcud deyil. Həmçinin, artıq orada erməni əhalisi yoxdur.
Postsovet məkanındakı erməni diasporu üçün Ermənistan daha çox tarixi vətəndir və daxili siyasət onları şəxsən maraqlandırmır. Onlar sosial, mənzil, korrupsiya, pensiya problemi ilə üzləşməyiblər. Onlar üçün ölkənin təhlükəsizliyi baxımından nələrin baş verdiyi önəmli idi. Bu kontekstdə təbii ki, Paşinyan bütün sələflərindən geri qalır.
Abxaziyadakı ermənilərin əksəriyyətinin Paşinyana qarşı son dərəcə mənfi münasibəti var, xüsusən də indi, Paşinyan suala Gürcüstanın ərazi bütövlüyünü tam dəstəklədiyi cavabını verdikdən sonra.
- Bir neçə gün əvvəl məlum oldu ki, Rusiya Abxaziya üçün ixrac vergisini ləğv edə bilər. Bu addımın yalnız iqtisadi, yoxsa siyasi səbəbləri də var?
- Uzun illər bizdə yanacağın qiyməti hətta Rusiyadakı qiymətlərdən belə bir qədər aşağı idi. Bizdə əlavə dəyər vergisi də aşağıdır və abxazlar üçün ixrac vergisi olmadan yanacaq idxal etmək kifayət qədər rahat idi. Son zamanlar belə imtiyazlar olmayanda qiymətlər kəskin artdı və bütün növ mallar bahalaşdı. Hökumətimiz tez-tez rusiyalı həmkarlarının diqqətini bu məsələyə yönəldir və onlardan köhnə sxemə qayıtmağı xahiş edirdi.
Düşünürəm ki, Moskva əks addım atıb və Abxaziya və Cənubi Osetiya üçün güzəştli rejim tətbiq edir. Bu, benzinin və müvafiq olaraq, bütün zəruri malların qiymətini aşağı salmağa kömək edəcək. Ola bilsin ki, Rusiyanın bu addımında siyasət elementi var, lakin Moskvanın öz vəzifələrini həll etmək üçün kifayət qədər başqa rıçaqları var. Bu vəziyyət Rusiyanın imicinə kifayət qədər zərbə vurdu və Abxaziya cəmiyyətində onu ən yaxşı şəkildə təqdim etmədi.
- Belə görünür ki, Abxaziyada Rusiyaya münasibət dəyişir və bu yaxşıya doğru deyil.
- Abxazların Rusiyaya müxtəlif münasibətləri var. Biz indi elə bir mərhələdəyik ki, indiki hökumət müharibədən sonrakı tarixdə ən qeyri-populyardır. Həll olunmamış çoxlu sosial-iqtisadi problemlər mövcuddur. Həmçinin, çoxlu qeyri-populyar qərarlar var. Məsələn, prezident mənzillərin əcnəbilərə satılmasının mümkünlüyü məsələsini irəli sürməyə çalışır və bu ərazini kommersiya mənzilləri adlandırır. Əslində, bu, daşınmaz əmlakın əcnəbilərə satılmasını qadağan edən qanundan yan keçmək cəhdidir. Bu, yumşaq desək, abxaz cəmiyyətində prezidentin hərəkətlərinin anlaşılmazlığına səbəb olur. Belə bir siyasət hər cəhətdən zərərlidir. Prezident 30 min mənzil tikməyi planlaşdırır. Bu, Abxaziyaya gələcək 100 min yeni sakin deməkdir, çünki bu mənzillər əcnəbilər üçün nəzərdə tutulub. Onlar Abxaziyanın müxtəlif yerlərində kompakt şəkildə məskunlaşacaqlar. Bu, bir tərəfdən demoqrafik tarazlığı ciddi şəkildə pozacaq, digər tərəfdən qiymətlər yüksələcək. Nəzərə alsaq ki, bizdə hələ torpaq kadastrı belə yoxdur və yeni tikililər ən çox tələbat olan torpaqlarda - sahilyanı və rekreasiya zonalarında olacaq, bu da böyük problemdir. Abxaziyanın buradan hansı iqtisadi səmərə əldə edəcəyi bəlli deyil, çünki o, iqtisadi qazancı aydın olan mehmanxana deyil. Prezident deyir ki, yeni sakinlər ildə bir dəfə az miqdarda pul ödəyəcəklər. Həmçinin, bu mənzillər müxtəlif kommunal xidmətlər üçün böyük yük olacaq - onsuz da qıt olan elektrik enerjisinə tələbat artacaq. Beləliklə, çoxlu sayda mənfi cəhətlər toplanır və müsbətlər demək olar ki, görünməzdir.
Təbii ki, bu kontekstdə Rusiya hər yerdə rol alır və bu narahatlıq doğurur, lakin Abxaziya hökumətinin özü daha çox narahatlığa səbəb olur. Rusiya, təbii ki, öz maraqlarını güdür, lakin sizin öz hökumətiniz Abxaziyanın maraqlarını heç vecinə almadıqda və yalnız öz şəxsi və ya digər maraqlarını düşündükdə, Abxaziya cəmiyyəti onun hərəkətlərindən Moskvadan daha çox narahat olur.
- Abxazlar iqtisadi məsələlərdə mövqelərində güzəştə gedəcəklərmi?
- Mən nədənsə imtina edəcəyimizi düşünmürəm. Bizdə çox güclü vətəndaş cəmiyyəti var. Abxaziyanın kiçik olduğunu nəzərə alsaq, indi Rusiya-Abxaz münasibətlərində görünən bu məsələlərin Moskva üçün çox prinsipial əhəmiyyət kəsb etdiyini düşünmürəm.
İstənilən halda Moskva üçün anti-Rusiya əhval-ruhiyyəsinin yaşanacağı başqa ərazi yaratmaqdansa, Abxaziyada sadiq əhalinin olması daha vacibdir. Düşünürəm ki, bu kontekstdə olduqca çevik bir vəziyyət olacaq.
- Abxazların gürcülərə münasibətinə gəlincə, hazırda vəziyyət necədir, hansısa müsbət dəyişiklik gözləmək olarmı?
- 2008-ci ildən sonra gürcü və abxaz cəmiyyətlərinin gündəmində gürcü-abxaziya münaqişəsinin həlli məsələsi getdikcə dərinləşir, zirzəmiyə düşür. Münaqişənin özü daxili siyasi mübarizələrin elementinə çevrilib, o zaman ki, hər hansı bir siyasətçi konkret məqamda bu mövzu üzərindən oynaya bilər və eyni zamanda heç kimin nə Gürcüstanda, nə də Abxaziyada mövcud vəziyyətin köklü şəkildə dəyişməsini istəmədiyi arqumenti ilə heç bir addım atmasın, çünki bu məhsuldar deyil. Digər tərəfdən, siyasətçilər niyə öz reytinqlərinə hücum etsinlər?
Aslan Bjaniya prezident olanda fəal şəkildə Gürcüstanla müxtəlif mövzularda birbaşa danışıqlara hazır olduğunu bildirib və bu, xarici siyasət konsepsiyasında da öz əksini tapıb. Onlar Tbilisidə buna tamamilə sakit reaksiya verdilər, daha dəqiq desək, heç bir əks tədbir, bəyanatlar olmadı. Bütövlükdə belə bir hiss var idi ki, Bjaniyanın sözləri və təklifi Abxaziya hökumətinin zəif tərəfi kimi qəbul edilib, onun növbəti addımı müəyyən şərtlərlə Gürcüstana birləşmək barədə anons olacaqdı. Tiflisin qeyri-adekvat reaksiyası görünəndə Bjaniya müxalifət və təkcə müxalifət tərəfindən deyil, kifayət qədər sərt tənqidlərə məruz qaldı. Bu barədə danışmağı dayandırdı. Bu məqam da xarici siyasət konsepsiyasından çıxarıldı. Gürcüstan da çox şey demir.
Hazırda dünyada və regionda vəziyyət elədir ki, bu cür qlobal dəyişikliklər zamanı nə isə yaxşıya və ya pisə doğru dəyişə bilər ki, bu vəziyyət ölü nöqtədən başlayır. Amma nə gürcü, nə də abxaz tərəfi heç bir cəhd göstərməyib.
Əsas odur ki, bütün bunlar bitəndə və regionumuzda vəziyyət düzələndə bundan pis olmasın. İkitərəfli tədbirlər görmək lazımdır ki, hakimiyyətlər nədəsə razılaşsınlar. Söhbət Gürcüstanın Abxaziyanın müstəqilliyini tanımasından və ya Abxaziyanın Gürcüstana qoşulmaq üçün müraciət etməsindən getmir. Xeyr, təhlükəsizlik, iqtisadi, ekoloji problemlər və həll edilməli olan problemlər var.
- Abxaziyalı gənclər Ukraynada Rusiyanın tərəfində vuruşurlar. Abxaziyada bu nə dərəcədə normal və zəruri hesab olunur?
- Döyüşən də var, müharibəni dəstəkləməyən də. Cəmiyyət buna müxtəlif cür reaksiya verir. Bu məsələdə Abxaziya əhalisinin əksəriyyəti Rusiyanı dəstəkləyir. Burada 30 il əvvəl, gürcü-abxaz müharibəsi zamanı mövcud olan kontekst öz əksini tapıb – tez-tez xatırladılır ki, Ukrayna bölmələri gürcü tərəfdə vuruşurdu. Çoxları bu (Rusiya-Ukrayna) müharibədə niyə iştirak etdiklərini bununla izah edir. Əslində hamı başa düşür ki, müharibə ən yaxşı şey deyil, hətta Rusiyanı dəstəkləyənlər də bu müharibənin tezliklə bitməsini istəyirlər, çünki müharibənin nə olduğunu biz özümüz bilirik.
- Oçamçiredə Rusiya Hərbi Dəniz Qüvvələrinin daimi bazasının yerləşdirilməsi planlarına gəlincə, abxazlar vəziyyətin mümkün gərginliyi barədə nə düşünür?
- Əvvəllər, o cümlədən müharibədən sonra, 1990-cı illərdə orada baza olub. 90-cı illərin sonunda, guya çıxıdı, amma 2008-ci ildən sonra orada hələ də Rusiya sərhəd gəmisi bazası var idi. Rusiyanın Qara Dəniz donanmasının gəmilərinin bir hissəsinin Abxaziyaya gəlməsi faktı, rus gəmilərinin Sevastopolda təhlükəsiz olmadığı üçün böyük hərbi təhlükə olduğunu düşünmürəm. Digər tərəfdən, ruslar orada böyük hərbi-dəniz bazası tikmək fikrində deyillər, çünki ərazi kifayət qədər məhdud olduğundan, hərbi bazaya yer yoxdur. Bundan əlavə, aydındır ki, bütün bunlar müvəqqətidir, yəni müharibə davam edənə qədər.
- Sizdən Abxaziya sahillərində Rusiya-Ukrayna müharibəsinin yayılması təhlükəsi barədə soruşuram.
- Təbii ki, Oçamçire çimərliyinin vurulma təhlükəsi var, lakin bu halda logistika genişlənir. Ola bilsin ki, Odessadan pilotsuz uçuş aparatı buraxsınlar, ya Sevastopol, ya da Novorossiyski vursunlar, amma Abxaziya sahillərinə qədər məsafə çox uzundur və ora qədər çox şeyi vurmaq olar. Üstəlik, Rusiya 2008-ci ildən sonra Abxaziya ilə hərbi müqavilə imzalayarkən götürdüyü müqavilə və təhlükəsizlik zəmanətləri çərçivəsində Abxaziyada hava və dəniz məkanını qoruyur. Lakin bu müharibə şəraitində Oçamçiredə rus gəmiləri varsa, Rusiya onları bütün imkanları ilə qoruyacaq.
- Enquri körpüsünün yaxınlığında tikinti gedir. Hansı obyekt tikilir, orada nə hazırlanır?
- Bu, sərhəd-gömrük terminalı olacaq. 30 ildir ki, orada infrastrukturun vəziyyəti dəyişməyib, yalnız kiçik vaqonlar dayanıb. Abxaziya hökuməti sərhəddən keçirilə bilən bəzi malları qanuniləçdirib. Nəticədə gömrük postunun tam fəaliyyət göstərməsi məsələsi aktuallaşıb, yəni müxtəlif növ yüklərin qəbulu belə dəyişiklikləri tələb edir. Gürcüstanla sərhəddə yerləşən gömrük-keçid məntəqəsi funksionallığına görə Rusiya-Abxaziya sərhədindəki postdan geri qalmayacaq və gələcəkdə yük maşınlarının oradan keçirilməsi mümkün olacaq.
Müəllif: Manana Mçedlişvili
Respondentin müsahibədə işlətdiyi terminlər ona məxsusdur və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.