Avropa Komissiyası Gürcüstan hakimiyyətini aviasiya sahəsində Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmağa çağırır. Bu barədə bu gün Brüsseldə Xarici İşlər və Təhlükəsizlik Siyasəti Komissiyasının mətbuat katibi Piter Stano bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz, təbii ki, Rusiya hakimiyyətinin Gürcüstana birbaşa uçuşlara qoyulan qadağanı aradan qaldırmaq qərarını nəzərə aldıq. Bu kontekstdə xatırlamaq lazımdır ki, Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni aqresiyası səbəbindən Avropa İttifaqı və bir sıra beynəlxalq tərəfdaşlar və digər dövlətlər Rusiyanın aviasiya sektoruna qarşı sanksiyalar tətbiq ediblər.
Biz Rusiyaya, Rusiyadan və ya Rusiya üzərindən uçuşlara icazə vermirik. Avropa İttifaqına namizəd ölkə olmağa can atan Gürcüstanı Avropa İttifaqının və digər dövlətlərin aviasiya sahəsində Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağa və sanksiyalardan yan keçmək cəhdlərinə qarşı ayıq-sayıq olmağa çağırırıq”, - Piter Stano bildirib.
Avropa Komissiyasının nümayəndəsi təhlükəsizlik məsələsinə də diqqət çəkib və qeyd edib ki, Gürcüstan təhlükəli Rusiya təyyarələrini öz ərazisinə buraxmamalıdır. Peter Stanonun sözlərinə görə, BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatı təhlükəsizlik məsələsi ilə bağlı narahatlığını bildirib: “Sanksiyalara görə Rusiya təyyarə parkının 95%-i təyyarələri yeniləyə və ya təkmilləşdirə bilmir ki, bu da beynəlxalq texniki və təhlükəsizlik standartlarının təmin edilməsi üçün zəruridir. Ona görə də bu, çox vacib məsələdir”.
Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsinə gəlincə, Peter Stano qeyd edib ki,, Avropa Komissiyasının bu məsələ ilə bağlı deyiləsi çox sözü yoxdur, çünki vizasız gediş-gəlişdən istifadə edib-etməyəcəyi Gürcüstan vətəndaşlarının qərarıdır.
Mayın 15-dən Gürcüstan vətəndaşları Rusiya ərazisinə vizasız gedə biləcəklər. 2000-ci ildən qüvvədə olan birtərəfli viza rejimi Putinin fərmanı ilə ləğv edilib. Bundan əlavə, Rusiya ilə Gürcüstan arasında 2019-cu ilin iyul ayından dayandırılan birbaşa hava əlaqəsi bərpa olunacaq. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Mariam Kvrivişvili bildirib ki, Gürcüstan yalnız sanksiyaya məruz qalmayan rus aviaşirkətləri və təyyarələrini qəbul edəcək.
Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze növbəti dəfə bəyan edib ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etmək fikrində deyil. Onun sözlərinə görə, birbaşa uçuşların bərpası Gürcüstan vətəndaşlarının xeyrinə verilmiş qərardır.