Azərbaycanlı jurnalist, “Azel.Tv”nin baş redaktoru Əfqan Sadıqov Tbilisidəki evinin yaxınlığında saxlanılıb. Bu barədə onun ailəsi məlumat yayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Jurnalistin həyat yoldaşı Sevinc Sadıqovanın “Facebook” sosial şəbəkəsində yayımladığı videoda Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşlarının Əfqan Sadıqovu maşına mindirərək apardıqları görünür. Saxlanılan şəxsin həyat yoldaşı və uşaqlarına jurnalisti niyə saxladıqlarını deməyiblər. Sevinc Sadıqova deyir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə baş verib.
Daxili İşlər Nazirliyi hələlik azərbaycanlı jurnalistin hansı əsasla saxlanılması ilə bağlı açıqlama verməyib.
Təxminən iki həftə əvvəl Əfqan Sadıqov həyat yoldaşı və qızları ilə Türkiyəyə getməyə cəhd etsə də, Gürcüstan sərhədçiləri Tbilisi Beynəlxalq Hava Limanında onun sərhədi keçməsinə icazə verməyiblər. Sadıqovun sözlərinə görə, ona ancaq Azərbaycana qayıda biləcəyini deyiblər.
“Gürcüstanda mənim başıma gələcək hər hansı bir hadisədən sorumlu birbaşa Diktator İlham Əliyev və onun repressiv, siyasi sifarişlərini icra edən Gürcüstan hakimiyyətidir!”, – jurnalist “Facebook”da yazıb.
Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstanda yaşayır. Özünün dediyi kimi, müalicə üçün bura gəlib, lakin ona qarşı təhdidlər və azərbaycanlı jurnalistlərin yeni həbs dalğasının başlaması səbəbindən bir daha vətənə qayıtmayıb. Sadiqovlar Gürcüstanda özlərini təhlükəsiz hiss etmədikləri üçün ölkəni tərk etmək istəyiblər.
Azərbaycan hakimiyyəti Əfqan Sadıqovu 2020-ci ilin mayında hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə həbs edib. Həmin ilin noyabrında o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Sadıqov ittihamı rədd edib və etiraz əlaməti olaraq həbsxanada aclıq aksiyası elan edib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sadıqov 2022-ci il may ayının sonunda prezident İlham Əliyev tərəfindən əfv olunan məhkumlardan biri olub.
Tbilisi hava limanında baş verən hadisədən sonra jurnalist bildirib ki, hazırda Azərbaycanda ona qarşı cinayət işi yoxdur, lakin oraya qayıdan kimi digər tənqidçi jurnalistlər kimi həbs olunacaq.