Aleksey Navalni Rusiya həbsxanasında dünyasını dəyişib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiyalı müxalifət lideri, siyasətçi, Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Aleksey Navalnı 47 yaşında həbsxanada vəfat edib. Məhkumun ölümü ilə bağlı məlumatı Rusiya Federal Cəzaçəkmə Xidməti yayıb.

Qurumun açıqlamasına görə, Navalni gəzintidən sonra özünü pis hiss edib və demək olar ki, dərhal huşunu itirib.

“Bütün zəruri reanimasiya tədbirləri görülsə də, müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun vəfatını təsdiqləyiblər. Ölümün səbəbləri müəyyənləşdirilir”, - Federal Penitensiar Xidmətdən bildirilib.

Ailə hazırda Navalninin ölümü ilə bağlı məlumatı təsdiqləməyib.

“SOTAvision” nəşri dünən, fevralın 15-də Navalnının uzaqdan iştirak etdiyi məhkəmə iclasının videoyazısını dərc edib. “Aleksey güclü, sağlam və şəndir”, - nəşr yazır.

Aleksey Navalnı həbsxanada / “SOTAvision”un videosundan kadr

Aleksey Navalni Rusiya müxalifətinin liderlərindən biri və prezident Vladimir Putinin əsas rəqibi idi. 2013-cü ildə Moskva meri seçkilərində ikinci olub. 2016-cı ildə Navalni 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlamışdı. O seçki kampaniyasına da başlammışdı, lakin 2017-ci ilin dekabrında Mərkəzi Seçki Komissiyası onu namizəd kimi qeydə almaqdan imtina edib. 2017-2018-ci illərdə kütləvi etiraz hərəkatının lideri olub.

20 avqust 2020-ci ildə Aleksey Navalni komaya düşməsinə səbəb olan Noviçok tipli zəhərlə zəhərlənib və növbəti beş ay ərzində Berlində müalicə olunub. 17 yanvar 2021-ci ildə siyasətçi barəsində cinayət işi açılmış olmasına baxmayaraq, Almaniyadan Moskvaya qayıdıb. O, hava limanında həbs edilib.

2021-ci ilin fevralın 2-də məhkəmə Aleksey Navalnini “ Yves Rocher” kosmetik şirkətinin işi üzrə öhdəlikləri pozduğuna görə 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. 2022-ci ilin martında məhkəmə Navalniyə ümumi rejimli koloniyada 9 il həbs cəzası verib. O, ianə toplayarkən dələduzluq etməkdə və məhkəməyə hörmətsizlikdə ittiham olunub. 2023-cü ilin avqustunda Navalni “ekstremist təşkilat” yaratmaq ittihamı ilə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Əvvəlcə siyasətçi cəzasını Vladimir vilayətindəki xüsusi rejimli həbsxanada çəkib, 2023-cü ilin dekabrında isə o, xüsusi rejimli “Полярный волк” (“Qütb canavarı”) koloniyasına köçürülüb. Sözügedən koloniya Sibirdə, Yamal yarımadasında, Xarp qəsəbəsində yerləşir. 2024-cü ilin fevralın 14-də siyasətçinin mətbuat katibi Kira Yarmiş bildirib ki, Navalni həbsdə olduğu müddətdə 27-ci dəfə 15 günlük cəza kamerasına salınıb.

2011-ci ildə Aleksey Navalni tərəfindən yaradılan Korrupsiyaya Qarşı Mübarizə Fondu illərdir jurnalist araşdırması materialları hazırlayır və Rusiya hökumətindəki korrupsiyanı ifşa edir. 2021-ci ildə, araşdırma müəlliflərinin fikrincə, Vladimir Putinin rəhbərlik etdiyi korrupsiya sxemi haqqında film dərc olunub. Film “Putinin sarayı” - Qara Dəniz sahilində, Qelendjik şəhərində inşası 100 milyard rubla başa gələn iqamətgahdan bəhs edir. Saray 7000 hektar qapalı ərazi ilə əhatə olunub və Federal Təhlükəsizlik Xidmətinin nəzarətindədir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur