ABŞ Dövlət Departamenti Gürcüstan parlamentinə təqdim edilən və ölkədə xarici təsir agentlərinin siyahısının yaradılmasını nəzərdə tutan qanun layihəsini tənqid edir. Dövlət Departamentinin sözçüsü Ned Prays qanun layihəsinin Amerika qanunvericiliyinə bənzəmədiyini deyir. “Qanun layihəsinin FARA və ya ABŞ qanunlarına deyil, oxşar Rusiya və Macarıstan qanunvericiliyinə əsaslandığı görünür”, - bu barədə Dövlət Departamentinin sözçüsü Vaşinqtonda keçirilən brifinqdə bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz bu narahatlığı Gürcüstan hökuməti ilə bölüşdük. Təklif olunan qanun öz icması üçün daha yaxşı gələcək yaratmağa çalışan Gürcüstan vətəndaşlarının müstəqil səsini istisna edəcək və susduracaq. Hesab edirik ki, belə bir qanun Gürcüstanın Avro-Atlantik inteqrasiyası üçün potensial təhlükə yaradacaq”, - Praysın sözlərinə görə, ABŞ bu qanunun Gürcüstanda söz azadlığına və demokratiyaya gətirə biləcəyi nəticələrdən dərin narahatdır.
“Gürcü arzusu” partiyasını formal olaraq tərk edərək “Xalqın Gücü” hərəkatını yaradan parlament çoxluğunun üzvləri parlamentdə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin təşəbbüskarı olublar. Qanun layihəsinə əsasən xarici təsirin şəffaflığını təmin etmək məqsədilə gəlirlərinin 20 %-dən çoxu “xarici güclər” tərəfindən maliyyələşdirilən xarici təsir agentlərinin reyestri yaradılacaq.
Qanun layihəsində “xarici təsir agentləri” aşağıdakılar hesab edilir:
Bütün qeyri-sahibkar hüquqi şəxslər, qeyri-hökumət təşkilatları, hansı ki, illik gəlirlərinin 20 %-dən çoxu xarici maliyyələşdirmədən gəlir. Dövlət təşkilatları və ya Gürcüstan qanunvericiliyinə uyğun olaraq yaradılmış idman federasiyaları bu cür maliyyə vəsaiti alarkən “xarici təsir agentləri” elan edilmir.
Gəlirlərinin 20 %-dən çoxunu “xarici gücdən” alan televiziyalar.
Gəlirlərinin 20 %-dən çoxu “xarici güclərdən” olan kütləvi informasiya vasitələri, o cümlədən qəzetlər və onlayn media. KİV deyərkən reklamlar nəzərdə tutulmur.
Qeyri-hökumət və media qurumları Milli Dövlət Reyestri Agentliyi tərəfindən “xarici təsir agenti” kimi qeydiyyata alınacaq. Qeydiyyatdan yayınan subyektlərə qarşı inzibati cərimələr tətbiq olunacaq. Cərimənin ödənilməsi subyekti “xarici təsir agenti” kimi qeydiyyatdan keçmək öhdəliyindən azad etməyəcək.
“Xalq Gücü” üzvlərinin fikrincə, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi demokratik ölkələrin qabaqcıl təcrübələrini özündə ehtiva edir və əsasən Amerika Birləşmiş Ştatlarında qüvvədə olan müvafiq qanunvericiliyə əsasən hazırlanıb.
“Xalq Gücü” tərəfindən bu qanun layihəsinin hazırlanmasından əvvəl “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze iri QHT-lərin maliyyələşdirilməsinin şəffaf olmadığı barədə bəyanat səsləndirmişdi. “Müxtəlif mənbələrdən maliyyələşən ən zəngin QHT-lər var. Onlar siyasi tələblərlə çıxış edəndə, siyasi ambisiya nümayiş etdirəndə, daha çox, cəmiyyətə yüksək dərəcədə şəffaflıq nümayiş etdirmək kimi mənəvi borcları var, ancaq görürük ki, onların xərcləri tamamilə qeyri-şəffafdır və ictimaiyyətin bu barədə heç bir məlumatı yoxdur ki, bu da risklər yaradır. Ölkəmiz kiçik dövlətdir və təbii olaraq müxtəlif risklərə qarşı həssasdır”, - Kobaxidze 2022-ci il sentyabrın 13-də keçirilən mətbuat konfransında deyib.
Qanun layihəsinin təşəbbüsündən sonra Kobaxidze bildirib ki, o, təşkilatlara xarici təsir agentləri kimi damğa vurmaqda problem görmür, çünki bu, casusluqdan fərqlidir və konkret maraqların yeridilməsini nəzərdə tutur. Onun sözlərinə görə, ictimaiyyətin qeyri-hökumət sektorunu və medianı kimin maliyyələşdirməsi barədə məlumatı olmalıdır (bu məlumatlar onsuz da bir çox təşkilatların internet saytlarında açıq şəkildə dərc olunur - red.).
“Siyasi partiyanı götürsək, hər il audit xidmətinə bəyannamə veririk və partiyanın xərclədiyi hər qəpik, gəlirimiz nə olursa olsun, ictimaiyyətə məlumdur. Bu cəza ki deyil.
Bu niyə baş verir? Partiyaların cəmiyyətə, siyasi həyata ciddi təsiri var və cəmiyyət konkret partiyanın arxasında o cümlədən maliyyə baxımından kimin dayandığını bilməlidir. Eyni sözləri QHT-lər haqqında da demək olar də?!
İstənilən vətəndaşdan soruşun və heç kim sizə bu və ya digər KİV-i kimin maliyyələşdirdiyini deyə bilməyəcək.
Söhbət təkcə televiziya yayımçılarından getmir, digər yayımçılardan da danışırıq, internet nəşrlərindən, onlayn və çap mediasından danışırıq, hər şeydən danışırıq.
Terminin özünə gəlincə, bilmirəm, eyni məzmunu ifadə edən başqa uyğunluq da ola bilər, amma “agent” termini “casus mənasına gəlmir. Gürcüstan qanunvericiliyinə baxsanız, casusluq cəzalandırılır. Yəni agentlik fəaliyyəti kimi terminologiyadan istifadə edilmir. Casusluq cəzalandırılır, casusluq başqa şeydir, kiminsə və nəyinsə agenti olmaq başqa şeydir.
Agent o deməkdir ki, sən casus deyil, kiminsə maraqlarının daşıyıcısısan. Başqa bir termin də ola bilər, amma əslində bu termini istisna edə bilmərik. Çünki agent mövcuddur. Sığorta agenti mövcuddur, sizi sığorta agentliyi ilə konkret müqavilə imzalamağa inandırmaq üçün mövcuddur. Bankda agent var və bütün sahələrdə agentlər var. Agentlik Milli Dövlət Reyestr Agentliyi adlanır və bu o demək deyil ki, agentlər üçün işləyir. Bu, əslində maraqların daşıyıcısı mənasını verən qəbul edilmiş bir termindir”, - Kobaxidze “Rustavi 2”nin efirində deyib.