Avropa İttifaqı Gürcüstanı polis zorakılığını, onların “qəddar hərəkətlərini” araşdırmağa çağırır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Foto © BBC

Avropa İttifaqı Gürcüstan hakimiyyətini Gürcüstan vətəndaşlarının etiraz hüququnu təmin etməyə və polis zorakılığı hallarını lazımi qaydada araşdırmağa çağırır. Bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Piter Stano bu gün keçirilən brifinqdə bildirib.

O, Aİ-nin “qəddar hərəkətlər” gördüyünü deyib və etirazçılara, vətəndaş cəmiyyəti fəallarına, siyasətçilərə və jurnalistlərə qarşı hədə-qorxu, təhdid və fiziki hücumları qəti şəkildə pisləyib.

“Gürcüstanda gördüyümüz şey gürcü əhalisinin böyük əksəriyyətinin öz ölkələrinin Avropa gələcəyinə həqiqətən təsirləndirici sadiqliyi və istəyidir. Biz, şübhəsiz ki, Gürcüstan hökumətindən bu istəyi və xalqının demokratiyaya və paylaşdığımız Avropa dəyərlərinə sadiqliyini əks etdirməsini gözləyirik.

Son bir neçə gündə Gürcüstanda hakimiyyətin, xüsusən də polisin reaksiyası baxımından zorakılıq müşahidə olunub və biz etirazçılara, vətəndaş cəmiyyəti fəallarına, siyasətçilərə, jurnalistlərə və media işçilərinə qarşı hədə-qorxu, təhdid və fiziki zorakılığı qətiyyətlə pisləyirik. Bunlar amansız hərəkətlərdir və biz bu qəddar hərəkətləri dünən gecə da gördük. Biz bunu qətiyyətlə pisləyirik. Biz hakimiyyət orqanlarını etiraz hüququnu təmin etməyə çağırırıq, hakimiyyəti bütün qanunsuzluq və pozuntuları, əgər onlar törədilibsə, lazımi qaydada araşdırmağa çağırırıq və məsul şəxslərin cəzalandırılmasını gözləyirik”, - deyə Piter Stano bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqına üz ölkələr vəziyyəti diqqətlə izləyir və öz fikirlərini yüksək səslə və aydın şəkildə bildirirlər, xüsusən də “şəffaflıq qanunu” ilə bağlı.

Gürcüstana qarşı mümkün sanksiyalarla bağlı sualı cavablandıran Piter Stano qeyd edib ki, bu, üzv dövlətlərin ümumi qərarı olmalıdır.

“Sanksiyalar ən yüksək nümayəndənin qərar qəbul etdiyi məsələ deyil. Bu qərar üzv dövlətlər tərəfindən başqa heç bir şeyin istənilən nəticəni verməyəcəyinə dair konsensusa gəldikdə qəbul edilir. Biz hələ o mərhələdə deyilik. Gürcüstan, bütün bunlara baxmayaraq, namizəd ölkədir və biz ümid edirik, gözləyirik və hakimiyyətdən Avropa yoluna qayıtmağa və ölkələri üçün namizəd statusu almaq məqsədilə müraciət edərkən könüllü olaraq götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırırıq”, – Stano bildirib.

Bu gün, mayın 13-də Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi “Gürcü arzusu”nuun yenidən irəli sürdüyü “xarici agentlər haqqında” rus qanununu üçüncü oxunuşda müzakirə edilib və dəstəklənib. Müxalifət bir dəqiqə davam edən iclasa daxil ola bilməyib.

Vətəndaşlar komitə iclasından əvvəl gecəni parlament ətrafında keçiriblər. Səhər tezdən hakimiyyət dinc nümayişi dağıdıb və “Gürcü Arzusu”nun deputatlarının qanunverici orqana daxil olması üçün parlamentin girişlərini təmizləyib. Daxili İşlər Nazirliyi 20 nəfəri saxlayıb. Onların bəziləri xüsusi təyinatlılar tərəfindən amansızca döyülüb.

3 aprel 2024-cü ildə Gürcüstanın hakim partiyası bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü "xarici agentlər" haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq, təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. 150-dən çox qeyri-hökumət təşkilatı və media heç bir halda “ləyaqət alçaldıcı reyestrdə” qeydiyyatdan keçməyəcəkləri ilə bağlı bəyanat yayıb. “Gürcü Arzusu” rus qanununu mayın 14-də üçüncü, yekun oxunuşda qəbul etməyi planlaşdırır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur