Azərbaycan Laçın dəhlizində sərhəd-keçid məntəqəsi açıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Foto: trend.az

Azərbaycan Ermənistan və Dağlıq Qarabağı birləşdirən yeganə yolun keçdiyi Laçın dəhlizində sərhəd-nəzarət keçid məntəqəsi açıb. Azərbaycan tərəfinin izahatına görə, məntəqə onların ərazisinə “qeyri-qanuni erməni silahlı birləşmələri üçün canlı qüvvə, silah və minaların qanunsuz daşınmasının” qarşısını almalıdır.

Azərbaycan hakimiyyəti bildirir ki, 2022-ci ilin avqust ayından indiyədək Laçın və Kəlbəcər rayonlarında 2021-ci ildə Ermənistanda istehsal edilmiş və Laçın dəhlizi vasitəsilə Azərbaycana gətirilən 2700-dən çox piyada əleyhinə mina aşkar edilib. Ermənistan ittihamı qəti şəkildə rədd edir.

“Laçın yolunun başlanğıcında sərhəd nəzarəti mexanizminin yaradılması yol boyu hərəkətin şəffaflığının, qanunun aliliyinin və bununla da hərəkətin təhlükəsizliyinin təmin edilməsinə xidmət edəcək. Azərbaycanın öz suveren ərazisində sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı qanuni qərarı və addımı beynəlxalq hüququn bütün prinsip və normalarına uyğundur. Bu nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin hər iki istiqamətdə şəffaf və nizamlı gediş-gəlişi üçün lazımi şərait yaradılacaq”, - Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Ermənistan hakimiyyəti hesab edir ki, Həkər çayı körpüsündə nəzarət-buraxılış məntəqəsinin yaradılması 2020-ci il atəşkəs sazişini kobud şəkildə pozur və Rusiyanı öz öhdəliklərini yerinə yetirməyə çağırır, buna görə Laçın dəhlizinə nəzarəti Rusiya sülhməramlıları etməlidirlər:

“Biz Rusiya Federasiyasını üçtərəfli bəyanatın 6-cı bəndində nəzərdə tutulan öhdəliyi nəhayət yerinə yetirməyə, Laçın dəhlizinin qeyri-qanuni blokadasını götürməyə və Azərbaycan qüvvələrinin dəhlizin təhlükəsizlik zonasından çıxarılmasını təmin etməyə çağırırıq. Biz beynəlxalq təhlükəsizliyi qorumaq mandatına malik olan Birləşmiş Millətlər Təşkilatına üzv dövlətləri Azərbaycanın regional təhlükəsizliyə xələl gətirən hərəkətlərini aydın şəkildə müəyyən etməyə və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinin qərarının qeyd-şərtsiz icrası üçün təsirli addımlar atmağa çağırırıq”.

2022-ci il dekabrın 12-dən indiyədək Laçın dəhlizinin azərbaycanlı fəallar tərəfindən bağlanması Dağlıq Qarabağda ərzaq, dərman və mühüm tibbi avadanlıqların çatışmazlığına səbəb olur. Ermənistan hökuməti orada yaşayan 120 min etnik erməninin xarici dünya ilə əlaqəsinin kəsildiyini iddia edir. Fevral ayıda BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan hakimiyyətinə Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yolu bağlamağı dayandırmağı tapşırıb.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağ və onun ətraf ərazilərinin böyük bir hissəsinə nəzarəti bərpa edib. Müharibədə 6500-dən çox insan həlak olub. 2020-ci il noyabrın 9-da Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair saziş (birgə bəyanat) imzalayıblar və bunun əsasında Rusiya sülhməramlı kontingenti Laçın Dəhlizi ərazisinə yerləşdirilib. Azərbaycan hakimiyyəti hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etməyi öhdəsinə götürüb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur