Tbilisi meri, “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze deyir ki, o, sanksiyalardan qorxmur və baş verənlər onun üçün “gülüş doğurucudur”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Heç bir bildiriş almamışam. Baş verən hər şey qeyri-ciddi və gülüş doğurucudur. Sadəcə, sanksiyalardan danışmaq belə gülüş doğurucudur. Bilmirik, bəlkə 100, bəlkə 200 nəfərə sanksiya tətbiq olunub. Fərqi yoxdur. Biz ölkənin keşiyində dayanırıq. Bizim üçün birinci və ən vacib olan ölkəmizdir, sülhü qorumaqdır və kim olursa olsun, bu gün, təəssüf ki, Ukraynada baş verənləri Gürcüstanda etmək imkanı heç kimə verilməyəcək.
Biz sona qədər dayanacağıq və ölkənin mənafeyini qoruyacağıq. Bəziləri üçün harasa getmək və ya getməmək problem ola bilər. Mənim üçün, əgər söhbət ölkədən, vətəndən gedirsə, bu o qədər əhəmiyyətli deyil. Sonuncu dəfə “Milan”da oynayarkən olmuşam Amerikada. O vaxtdan bəri getməmişəm və getmək istəyim də yoxdur”, - Kaladze jurnalistlərə deyib.
ABŞ-ın maliyyə yardımına yenidən baxılması məsələsinə gəlincə, hakim partiyanın lideri onu dəyərsizləşdirməyə çalışaraq bildirib ki, pulun böyük hissəsi “Amerika Agentliyinin” maliyyələşdirilməsinə sərf olunur.
“Xarici agentlər” haqqında rus qanununun qəbulundan sonra ABŞ Dövlət Departamenti viza sanksiyalarının birinci mərhələsini elan edib. Söhbət ABŞ ərazisinə girişi qadağan olunacaq 20-30 nəfərdən, o cümlədən “Gürcü Arzusu”nun üzvlərindən, parlament deputatlarından, hüquq-mühafizə orqanlarının əməkdaşlarından və mülki şəxslərdən gedir. Onların siyahısı açıqlanmayıb.
Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ Gürcüstana, son illərdə təxminən 390 milyon dollar olan maliyyə yardımını nəzərdən keçirməyə davam edəcək.
Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O’Brayen Gürcüstan hökumətinə rus qanununun yekun təsdiqindən əvvəl maliyyə yardımına yenidən baxılması barədə xəbərdarlıq etmişdi. “Amerika Birləşmiş Ştatlarının təxminən 390 milyon dollar yardımı var, biz Gürcüstan hakimiyyəti ilə birlikdə xərcləməyi planlaşdırırıq - yarısı hərbi yardıma, bir az daha çox, təxminən üçdə biri iqtisadi inkişaf layihələri və daha çox institutların qurulması üçün istifadə olunacaq və bir hissəsi də vətəndaş cəmiyyəti üçün nəzərdə tutulub. Əgər indi bizə tərəfdaş kimi yox, düşmən kimi baxılarsa, bütün bunlar sual altına düşəcək”, – O’Brayen mayın 14-də Tbilisiyə səfəri zamanı deyib.