Dekabrın 28-də işğal olunmuş Abxaziyanın de-fakto parlamenti Biçvinta bağ evinin 49 il müddətinə Rusiyaya verilməsi məsələsinə baxacaq. İclas ilə eyni vaxtda Soxumidə genişmiqyaslı etiraz aksiyasının keçirilməsi planlaşdırılır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İctimai təşkilatların və müxalifət partiyalarının məlumatına görə, bir həftə əvvəl Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya qondarma parlament üzvləri ilə qapalı formatda görüşüb və Rusiya ilə Biçvintanın təhvil verilməsi ilə bağlı imzalanmış razılaşmanın dərhal ratifikasiya edilməsinin zəruriliyini əsaslandırmağa çalışıb.
Siyasi sabitliyi qorumaq üçün Bjaniya yeganə düzgün qərar qəbul etməyə və qeyri-qanuni, antimilli təşəbbüsdən imtina etməyə çağırılır.
“Bizim hamımız Biçvinta məsələsi birləşdirir. Biz hesab edirik ki, diplomatik üsullar nəticə vermir, biz iclas zamanı toplaşmalıyıq, hamı sazişin əleyhinə olan insanları görməlidir”, - “Aruaa”nın lideri Temur Qulia bildirib.
Aksiya iştirakçılarının tələbi yerinə yetirilməsə və razılaşmanın ratifikasiyası ilə bağlı qanun layihəsi parlamentdən çağırılmasa, onlar Aslan Bjaniyanın istefasını tələb edəcəklər.
Qondarma müxalifət de-fakto prezidenti həmçinin Rusiya vətəndaşlarına Abxaziyada mənzil almaq hüququ verən “apart otellər” haqqında qanun layihəsi də geri götürməyə çağırır.
“Biçvinta Dövlət Bağ Evi”nin Rusiya Federasiyasına verilməsi haqqında razılaşma 2022-ci ilin yanvarında imzalanıb, lakin o, de-fakto parlament tərəfindən ratifikasiya olunmayıb. Sənəd qüvvəyə mindikdən sonra 6 ay ərzində bağ evi (184 hektar sahə) - torpaq sahələri, tikililər və dəniz sahəsinin bir hissəsi pulsuz olaraq Rusiyaya verilməlidir. Razılaşma 49 il müddətinə imzalanıb, lakin, avtomatik olaraq daha 15 il müddətinə uzadıla bilər. Rusiya tərəfi verilən əmlakın müqabilində hər il büdcəyə 1 rubl ödəyəcək.
Rusiya prezidenti Vladimir Putin Biçvinta Dövlət Bağ evinin ərazisində müasir iqamətgah tikmək istəyir.
Ötən ilin avqustunda “Ria Novosti” agentliyinə verdiyi müsahibədə Rusiya Federasiyasının Abxaziyadaki qondarma səfiri Mixail Şurqalin bəyan edib ki, razılaşmanın ratifikasiyasının gecikdirilməsi Rusiyanın Abxaziyada hava limanının və turizm obyektlərinin tikintisi, Abxaziya dəmir yolunun yenidən qurulması kimi iri layihələrə investisiya qoyulmasına təsir edəcək.
Gürcüstan prezidenti Salome Zurabişvili Abxaziyadakı “Biçvinta Dövlət Bağ evi”nin Rusiyaya mümkün verilməsi qərarını qeyri-legitim və xalqın iradəsi olmadan qəbul edilmiş adlandırır.
“Bu qərar, Oçamçire hava limanı ilə bağlı bütün digər qərarlar kimi, qeyri-legitimdir, qanunsuzdur və xalqın iradəsi olmadan qəbul edilir. Bunlar bizim torpaqlarımızdır, hava limanımızdır, limanımızdır və buna görə də onları qorumaq bizim öhdəliyimizdir. Bizim müdafiəmiz beynəlxalq arenadadır ki, biz hər gün orada etiraz edək ki, bu qeyri-qanuni addımlar de-fakto addımlara çevrilməsin”, - Zurabişvili bildirib.