“Gürcüstanın Ədliyyə Nazirliyi və hakimiyyət orqanlarının qopardığı səs-küy əsassızdır”, - Mixeil Saakaşvilinin vəkillərindən biri Şota Tutberidze Avropa İnsan Haqları Məhkəməsinin həbsdə olan eks-prezidentin müalicə üçün Gürcüstandan Polşaya köçürülməsindən imtina edən bugünkü qərarı ilə bağlı bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Tutberidzenin sözlərinə görə, bu, müdafiə tərəfi üçün çox da arzu olunan nəticə deyil, baxmayaraq ki, onlar əvvəldən Strasburq məhkəməsinin fərdi işlərdə müvəqqəti tədbirdən istifadə etdiyini başa düşürlər.
“Bu qərar Saakaşvilinin işi üzrə yekun qərar deyil. Üstəlik, bu, yalnız Mixeil Saakaşvilinin müdafiə tərəfinin müvəqqəti tədbirin tətbiqi ilə bağlı tələbinə cavabdır. Avropa Məhkəməsindəki proseslər işin mahiyyəti üzrə aparılır, lakin məhkəmə işə mahiyyəti üzrə baxmağa başlamazdan əvvəl biz Saakaşvilinin sağlamlığını qorumaq üçün hər şeydən, hətta ən kiçik mexanizmdən də istifadə etmək istədiyimiz üçün üçüncü prezidentin tibbi məqsədlər üçün dərhal Polşaya köçürülməsini tələb etdik. Bu gün biz, məhz bu ərizəyə, bu prosessual məsələyə cavab aldıq.
Məhkəmə bircə onu dedi ki, işə mahiyyəti üzrə baxmazdan, mahiyyəti üzrə qərar çıxarmazdan əvvəl bu vəsatəti təmin etməyi məqsədəuyğun hesab etmir. Təbii ki, bu, müdafiə tərəfi üçün arzuolunan nəticə deyil və biz fərqli nəticəyə ümid edirdik, lakin bu, Gürcüstan hökuməti üçün həqiqətən heç bir döyüşdə qələbə deyil. Üstəlik, mən əminəm ki, Mixeil Saakaşvilinin şikayəti Gürcüstan hakimiyyəti üçün çox ağır nəticələr verəcək və mən əminəm ki, Strasburq məhkəməsi bu işdə qanun pozuntusunu müəyyən edəcək”, - Tutberidze “Mtavari Arxi”yə müsahibəsində bildirib.
Vəkilin verdiyi məlumata görə, Avropa Məhkəməsinə təqdim olunan şikayət Avropa Konvensiyasının təmin etdiyi hüquqların, o cümlədən işgəncənin qadağan edilməsi və yaşamaq hüququnun pozulması ilə bağlıdır:
“Məhkəmə işə mahiyyəti üzrə baxarkən Saakaşvilinin hüquqlarının pozulub-pozulmamasını müzakirə edəcək. Bu gün aldığımız bir səhifəlik cavabda məhkəmə yeganə bir şeyi yazıb ki, indiki mərhələdə hökumətə Saakaşvilini Varşavaya köçürmək göstərişini verməyi məqsədəuyğun hesab etmir. Buna quyruqlar qoşmaq lazım deyil. Mübarizə davam edir və əminik ki, ədalətin qələbəsi ilə başa çatacaq”.
Mayın 12-də ədliyyə naziri Rati Breqadze nazirlikdə keçirilən brifinqdə bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi Mixeil Saakaşvilini müalicə üçün Varşavaya köçürməkdən imtina edib, eyni zamanda, dövlətə onun ölkə daxilində başqa müalicə müəssisəsinə yerləşdirilməsi barədə göstəriş verilməyib. Breqadzenin sözlərinə görə, bu, dövlətin bütün hərəkətlərinin “düzgün və insan hüquqlarının ən yüksək standartlarına uyğun” olduğunu göstərir.
Strasburq məhkəməsinin qərarı barədə Gürcüstan prezidenti Salome Zurabişvili də rəy bildirib. Onun sözlərinə görə, xüsusilə Gürcüstanın namizəd statusunun müzakirə olunduğu bir dövrdə ölkənin hər hansı yeni nüfuz zədələnməsi yaşamaması əhəmiyyətlidir. “Eyni zamanda, hesab edirəm ki, gələcəkdə onun həyat və sağlamlıq hüququnu təmin etmək vacibdir”, - Salome Zurabişvili bildirib.
Mixeil Saakaşvili artıq bir ildir ki, Xüsusi Çəzaçəkmə Xidmətin podratçısı olan “Vivamed” klinikasındadır. Xalq Müdafiəçisi tərəfindən yaradılan mütəxəssis qrupunun son hesabatına əsasən, onda ağır sarkopeniya (əzələ itkisi), arıqlama və qan təzyiqinin kritik düşməsi var, daha da arıqlaması nəticəsində o yataq xəstəsi olacaq.
Sabiq prezidentin müdafiə tərəfi müvəqqəti tədbirin tətbiqi üçün Strasburq məhkəməsinə aprelin əvvəlində müraciət edib. Bundan əvvəl, fevralın 6-da Tbilisi şəhər məhkəməsinin hakimi Qiorqi Arevadze məhbusun səhhətinə görə azadlığa buraxılması və ya cəza müddətinin təxirə salınması ilə bağlı vəsatəti rədd edib. Sözügedən qərarı Tbilisi Apellyasiya Məhkəməsi də qüvvədə saxlayıb. Saakaşvilinin azadlığa buraxılması və cəzasının təxirə salınması tələbi “Empatiya” Mərkəzinin və Beynəlxalq Tibbi Mütəxəssis Komissiyasının rəyinə əsaslanıb.
Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə yerli özünüidarəetmə orqanları seçkilərindən bir gün əvvəl həbs edilib. O, cinayətkar kimi tanınır və parlament üzvü Valeri Qelaşvilinin döyülməsi və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin sərhədi qanunsuz keçmək, “İmedi” televiziya şirkətinə basqın etmək, noyabrın 7-də keçirilən etiraz aksiyasını dağıtmaq, Patarkatsişvilinin əmlakına qanunsuz sahiblənmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 24 367 larini mənimsəməkdə ittiham olunur. Üçüncü prezident təqsirini boynuna almır, siyasi təqiblərə məruz qaldığını və Putinin əsiri olduğunu deyir.