Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın həbsdə olan eks-prezidenti Mixeil Saakaşvilinin vəkillərinin müalicə üçün Varşavaya göndərilməsi ilə bağlı vəsatətini təmin etməyib. Bu qərar bu gün, Gürcüstanın ədliyyə nazirinin brifinqində məlum olub. Rati Breqadzenin sözlərinə görə, məhkəmə, Gürcüstana məhbusun başqa tibb müəssisəsinə köçürülməsi barədə də göstəriş verməyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Məhkum Saakaşvilinin gəlişinin ilk günündən etibarən naməlum mənbələrdən maliyyələşən, Gürcüstanı sanki kiməsə işgəncə verən dövlət kimi qələmə vermək məqsədi daşıyan məqsədyönlü böhtan kampaniyası başladı. Bu məqsədə çatmaq üçün bu insan qrupu hətta məhkumu 4 dəfə aclıq keçirməyə, həkimlərin tövsiyələrinə tabe olmamağa, müalicə almamağa və buna görə də öz səhhətinin vəziyyətini pisləşdirməyə təhrik etmək həddinə çatdılar ki, bu da özünə zərər vurmaqdan başqa heç nə deyil.
Gürcüstanda həm birinci instansiya, həm də apellyasiya məhkəməsində hüquqi proses sağlamlıq vəziyyətinin süni şəkildə pisləşməsi zəminində azadlıq əldə etmək kampaniyası çərçivəsində məhkum Saakaşvilinin müdafiə tərəfi üçün əlverişsiz nəticə ilə sonlandı. Daha sonra onlar Strasburq məhkəməsinə müraciət etdilər və sonda Mixeil Saakaşvilinin müvəqqəti tədbir kimi müalicə üçün Varşavaya göndərilməsini tələb etdillər.
Bu gün Strasburq Məhkəməsinin “Saakaşvili Gürcüstana qarşı” işi üzrə məhkum Mixeil Saakaşvilinin Varşavaya köçürülməsindən imtina etdiyi və eyni zamanda, dövlətə onun ölkə daxilində başqa müalicə müəssisəsinə köçürülməsi barədə göstəriş vermədiyi qərarı dərc edilib.
Bütün bunlar onu göstərir ki, onun gəldiyi gündən dövlətin bütün hərəkətləri düzgün və insan hüquqlarının ən yüksək standartlarına uyğun olub”, - deyə ədliyyə naziri bildirib.
Rati Breqadzenin sözlərinə görə, Mixeil Saakaşvilinin “Vivamed” klinikasından cəzaçəkmə müəssisəsinə qayıtmasının mümkünlüyü barədə həkim tövsiyəsi olarsa, onu geri qaytaracaqlar. Bundan əlavə, Breqadzenin qeyd etdiyi kimi, indiki mərhələdə onun başqa klinikaya və ya cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün heç bir obyektiv ilkin şərt yoxdur.
Avropa Məhkəməsinin qərarı ilə bağlı Mixeil Saakaşvilinin ailə üzvləri və vəkilləri hələlik mətbuata açıqlama verməyiblər.
Mixeil Saakaşvili artıq bir ildir ki, Xüsusi Çəzaçəkmə Xidmətin podratçısı olan “Vivamed” klinikasındadır. Xalq Müdafiəçisi tərəfindən yaradılan mütəxəssis qrupunun son hesabatına əsasən, onda ağır sarkopeniya (əzələ itkisi), arıqlama və qan təzyiqinin kritik düşməsi var, daha da arıqlaması nəticəsində o yataq xəstəsi olacaq.
Sabiq prezidentin müdafiə tərəfi müvəqqəti tədbirin tətbiqi üçün Strasburq məhkəməsinə aprelin əvvəlində müraciət edib. Bundan əvvəl, fevralın 6-da Tbilisi şəhər məhkəməsinin hakimi Qiorqi Arevadze məhbusun səhhətinə görə azadlığa buraxılması və ya cəza müddətinin təxirə salınması ilə bağlı vəsatəti rədd edib. Sözügedən qərarı Tbilisi Apellyasiya Məhkəməsi də qüvvədə saxlayıb. Saakaşvilinin azadlığa buraxılması və cəzasının təxirə salınması tələbi “Empatiya” Mərkəzinin və Beynəlxalq Tibbi Mütəxəssis Komissiyasının rəyinə əsaslanıb.
Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə yerli özünüidarəetmə orqanları seçkilərindən bir gün əvvəl həbs edilib. O, cinayətkar kimi tanınır və parlament üzvü Valeri Qelaşvilinin döyülməsi və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin sərhədi qanunsuz keçmək, “İmedi” televiziya şirkətinə basqın etmək, noyabrın 7-də keçirilən etiraz aksiyasını dağıtmaq, Patarkatsişvilinin əmlakına qanunsuz sahiblənmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 24 367 larini mənimsəməkdə ittiham olunur. Üçüncü prezident təqsirini boynuna almır, siyasi təqiblərə məruz qaldığını və Putinin əsiri olduğunu deyir.