Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov deyib ki, Gürcüstanın hakim partiyasının təkrardan qəbul etməyə çalışdığı xarici agentlər haqqında qanunu “rus qanunu” adlandırmaq absurddur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Rusiya mətbuatının yazdığına görə, bugünkü brifinqdə Peskova “Gürcü Arzusu”nun gürcü müxalifətinin “rus qanunu” adlandırdığı qanun layihəsini parlamentə təqdim etmək niyyətinə Kremlin nəzarət edib-etməməsi ilə bağlı sual verilib.
“Şübhəsiz ki, Gürcüstan bizim qonşumuzdur və Gürcüstanda vəziyyətin sabitliyi və proqnozlaşdırıla bilməsi şübhəsiz ki, bizim maraqlarımız daxilindədir. Biz müxalifətin bu cür planlara kifayət qədər sərt, kəskin reaksiyasını görürük. Amma, bəlkə də, bunun rus layihəsi kimi qəbul edilməsinin absurdluğunu daha aktiv şəkildə izah etmək lazımdır”, - Peskov bildirib.
Kreml nümayəndəsinin sözlərinə görə, ABŞ xarici agentlərlə mübarizə sistemini işləyib hazırlayan ilk ölkədir.
“İndi isə demək olar ki, hər bir ölkə xarici dövlətin agenti olan, ondan pul alan və ya xarici dövlətlərin təsiri altında olanlarla mübarizə aparır. Bu, artıq, əslində, qlobal təcrübədir. Heç bir suveren dövlət başqa ölkələrin onun daxili siyasətinə qarışmasını istəmir. Bu, normal təcrübədir”, - Dimitri Peskov bildirib.
Peskov ABŞ-da nasist təbliğatı ilə mübarizə aparmaq üçün 1938-ci ildə Birləşmiş Ştatlarda qəbul edilmiş Xarici Agentlərin Qeydiyyatı Qanununu (FARA) nəzərdə tutur. “Xarici agentlər” ifadəsindən başqa, rus qanunları ilə Amerikanın "FARA" qanununun heç bir ortaq nöqtəsi yoxdur.
Mühüm xarici aktorlardan, o cümlədən fərdi şəxslərdən maliyyə alan və ABŞ-ın siyasi fəaliyyətlərində iştirak edən, xarici aktorların maraqlarına uyğun olaraq PR, jurnalist və ya siyasi məsləhətçi funksiyalarını yerinə yetirən, həmçinin pul cəmləşdirən, toplayan, paylayan və ya xərcləyən hər hansı şəxs (vətəndaş və ya təşkilatlar) ABŞ-da xarici agent kimi qeydiyyatdan keçməlidir. “FARA” media orqanlarına yalnız onların redaksiya siyasətlərinə xarici hökumət tərəfindən nəzarət edildiyi təqdirdə şamil edilir. Məhz buna görə Britaniyanın “BBC” və Almaniyanın “Deutsche Welle” nəşrləri ABŞ-da xarici agent kimi qeydiyyatdan keçmədən fəaliyyət göstərirlər, çünki bu medialar öz hökumətlərindən müstəqil şəkildə fəaliyyət göstərirlər.
“Azadlıq” radiosu və “Amerikanın Səsi” Rusiyanın xarici agentlər siyahısındadır. Onların “BBC” və “DW”da olduğu kimi saytları bloklanıb. Rusiyada cəmiyyət üçün aktual olan istənilən problemin müzakirəsi “siyasi fəaliyyət” və beləliklə, “xarici agent” statusunun verilməsi üçün əsas sayıla bilir. Rusiyada insan haqları təşkilatları ilə yanaşı, media qurumları və jurnalistlər, ekoloji təşkilatlar və hətta xeyriyyə fondları da xarici agent hesab edilir.
Amerika tipli “FARA”dan fərqli olaraq, Rusiyanın 2013-cü ildə qəbul etdiyi Xarici Agentlər Qanunu əslində şəffaflığa deyil, hökumətin mövqeyi ilə razılaşmayan insanlara və ya təşkilatlara qarşı təzyiqlərə yönəlib. Bundan əlavə, “xarici agent” ingilis dilində ümumi termindir, lakin Rusiyada və postsovet məkanında bu anlayış mənfi kontekstə malikdir və “casusluq” ilə əlaqələndirilir.