Çiaturadaki etiraz aksiyasının iştirakçısı işdən çıxarılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Georgian Manganese”nin podratçı şirkəti Çiaturadaki etiraz aksiyasının iştirakçısı, Şukruti kəndində yaşayan 31 yaşlı Cumber Tsutskiridzeni işdən çıxarıb.

Tsutskiridze 2017-ci ildən “GM Technik Service” MMC-də ekskavator maşinisti işləyir və 8 ilə yaxındır ki, heç bir xəbərdarlıq və ya töhmət almayıb. Ailənin dolanışığının yeganə təminatçısı olan iki azyaşlı uşaq atası işdən çıxarılmasına səbəb kimi Şukruti sakinlərinin uzunmüddətli aksiyasında iştirakını göstərir.

Nəzarətsiz manqan hasilatı nəticəsində evləri yararsız hala düşən Şukrutidə yaşayan 30-a yaxın ailə yüz gündən çoxdur ki, Koroxnali mədəninin yaxınlığında davamlı etiraz aksiyası keçirir.

Zərərçəkmişlər “Georgian Manganese”dən onların əmlakının Ekspertiza Bürosu tərəfindən obyektiv qiymətləndirməsini və kompensasiyanın tam ödənilməsini tələb edirlər. Etiraz başlayandan sonra Koroxnali mədənində iş dayandırılıb. “Georgian Manganese” may ayında etirazçıları məhkəməyə verib və aksiyanın qadağan edilməsini istəyib. Bundan əvvəl şirkət aksiya iştirakçılarına qarşı polisə də müraciət edib, araşdırmalara başlanılıb və aksiyanın bir neçə iştirakçısı dindirilməyə çağırılıb.

Cumber Tsutskiridzenin sözlərinə görə, mart ayında “GM Technik Service” MMC-nin direktoru Davit Calağonia aksiya iştirakçılarını qorxutmağa çalışıb və onlardan sosial şəbəkədə yayımlanan videonu silməyi tələb edib.

“Etirazla əlaqələndirilməməsi üçün məni onda çıxartmadılar, amma əslində səbəb budur. Qeyri-iş vaxtı tətilçilərin yanında dururam, kəndi qoruyuruq. İyunun əvvəlində Davit Calağonia dispetçerləri çağırdı və işdən çıxarılma sənədinə imza atmağımı tələb etdi, orada məni iş gününü tez bitirməkdə ittiham edirdilər. Sonra dispetçerlər mənə dedilər ki, bizim səndən heç bir şikayətimiz yoxdur və imza atmamışıq. Dərhal Calağonianı görmək, onun iddiasının nə olduğunu öyrənmək istədim. Gəldim görüşmədi, səninlə işim yoxdur, dedi. Bir həftə sonra poçtla işdən çıxarılma əmrini aldım. Sənədi Davit Calağonia özü imzalayır”, - Cumber Tsutskiridze “Dağ Xəbərləri”nə deyib.

O, işdən çıxarılması barədə qərarı məhkəməyə şikayət etməyi planlaşdırır. Ona Mülki Fəaliyyət Mərkəzinin hüquqşünası Vladimer Kutateladze kömək edir.

“Əmək Məcəlləsi əlavə sanksiya tətbiq edilmədən işdən azad edilməsinə o halda icazə verir ki, pozuntu o qədər ciddidir ki, başqa cür onun düzəldilməsi şirkətə böyük ziyan vura bilər və o ictimai olaraq qeyri-əxlaqi və ağırdır. İstənilən halda, o, xəbərdarlıq almalı idi. İşdən çıxarılma ən son tədbirdir. Yəqin ki, aksiyada iştirak etdiyinə görə Tsutskiridzeyə qarşı ayrı-seçkilik və təqib var”, - vəkil qeyd edir. Onlar artıq şirkətdən işdən çıxarılmanın əsaslandırılmasını və şəxsi işlərin verilməsini tələb ediblər.

Davit Calağonia “Dağ Xəbərləri”nin etirazçı Cumber Tsutskiridzeni niyə işdən çıxardığı sualına cavab verməyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur