Gürcüstan Ədliyyə Nazirliyi rus qanunun yaradılmasını nəzərdə tutduğu “Xarici dövlətin maraqlarını daşıyan təşkilatların reyestrini” işə salıb. Yeni vebsaytda hazırda heç bir təşkilatı tapmaq mümkün deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstanın Aİ-yə üzvlük prosesini dayandıran qondarma “xarici agentlər” haqqında rus qanunu iyun ayında parlament sədri Şalva Papuaşvili tərəfindən imzalandıqdan sonra qüvvəyə minib. Qanunun icrasını təmin etmək məqsədilə Milli Dövlət Reyestri Agentliyində yeni şöbə - Maliyyə Bəyannamələri Departamenti yaradılıb ki, onun əsas funksiyalarına “Xarici dövlətin maraqlarını daşıyan təşkilatların reyestri”nin hazırlanması və ictimailiyinin təmin olunması daxildir.
Avqustun 1-dən etibarən bir ay müddətində gəlirlərinin 20 faizindən çoxu beynəlxalq təşkilatlardan aldığı qrantlar hesabına olan bütün qeyri-hökumət təşkilatları və medialar “xarici dövlətin maraqlarının daşıyıcısı” kimi qeydiyyatdan keçməlidirlər. 150-dən çox təşkilat konstitusiyaya zidd qanuna tabe olmayacağını və ləyaqət alçaldıcı reyestrdə qeydiyyatdan keçməyəcəyini bəyan edib.
Qeydiyyatdan yayınmaq və ya maliyyə bəyannaməsini təqdim etməmək 25.000 lari məbləğində cərimə ilə nəticələnəcək. Qanunda əlavə olaraq Ədliyyə Nazirliyinin tələblərinə əməl edilməməsinə görə 10 000 və 20 000 lari məbləğində cərimələr nəzərdə tutulub. Cərimədən məhkəməyə şikayət verilməsi onun icrası prosesini dayandırmayacaq.
Rus qanunu Konstitusiya Məhkəməsinə şikayət edilib. Bu gündən Konstitusiya Məhkəməsinə 3 iddia təqdim olunub - Prezidentin, 121 media və qeyri-hökumət təşkilatınınşikayətələrindən sonra parlamentin 38 müxalifətçi deputatı da Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edib. Hər üç şikayət bir prosesdə birləşdiriləcək və ona plenum formasında baxılacaq.
Şikayətçilər hesab edirlər ki, qanun Gürcüstanın Avropa İttifaqına və Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) tam inteqrasiyasını təmin etmək üçün bütün konstitusiya orqanlarını öz səlahiyyətləri daxilində bütün tədbirləri görməyə məcbur edən Konstitusiyanın 78-ci maddəsinə ziddir.
Prezidentin 69 səhifəlik konstitusiya şikayətində qeyd olunur ki, xaricdən maliyyələşmə məntiqi olaraq maliyyə alanın “xarici təsir” altında olmasını nəzərdə tutmur və vətəndaş təşkilatlarına və kütləvi informasiya vasitələrinə qarşı məhdudlaşdırıcı tədbirlərə haqq qazandırmaq üçün yetərli deyil, xüsusən də belə hallarda maliyyələşməni Gürcüstanın üzv olduğu və ya üzv olmaq istədiyi beynəlxalq təşkilatlar həyata keçirirsə. Prezident hesab edir ki, qanunvericilik şəraitində qeyri-hökumət təşkilatları üçün maliyyə vəsaiti əldə etmək faktiki olaraq mümkün deyil, maliyyə olmadığı halda isə onların fəaliyyətini həyata keçirmələri praktiki olaraq mümkün olmayacaq.
Şikayətçilər iş üzrə yekun qərar qəbul olunana qədər müvəqqəti tədbirin tətbiq edilməsini və qanunun icrasının dayandırılmasını xahiş edirlər. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinə şikayətin verilməsi nəzərdə tutulur, burada da müvəqqəti dayandırma tədbirinin tətbiqi tələb olunacaq.
Məhkəmələr qanunun icrasını dayandırmasa, sanksiyaların bir hissəsi sentyabrın 2-dən qüvvəyə minəcək.