“Georgian Manganese”dən maaşların artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edən Çiaturalı şaxtaçılar Tbilisidə də aclıq aksiyasına başlayıblar. Tariel Mikatsadzenin sözlərinə görə, hazırda parlament binası qarşısında qurulmuş çadırlarda 4 nəfər aclıq aksiyası keçirir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Dünən gecə saatlarında qərara aldıq ki, aclıq aksiyasına başlayırıq. Artıq dörd nəfər bu çadırlarda oturub və şirkətə təqdim etdiyimiz minimal, elementar tələblər yerinə yetirilmədiyi müddətcə müddətsiz aclıq aksiyası edirlər”, - Mikatsadze bildirib.
Şaxtaçılar vətəndaşları bu gün saat 19:00-da parlament qarşısında keçirilən etiraz aksiyasına qoşulmağa və təkcə onların deyil, həm də əmək hüquqlarının müdafiəsini tələb etməyə çağırırlar.
“Bu gün biz Çiaturada işləyənlər, Çiaturadan olan şaxtaçılar çətinlikdəyik, sabah, bu problem əmək bazarında da olacaq, sizin qapınızı da döyəcək, sizin iş yerinizə də gələcək və siz də küçəyə çıxıb, öz hüquqlarınızı küçədən müdafiə etməyə məcbur olacaqsınız. İmkan verməyək ki, işəgötürənlər bizi belə qul rejimində, haqqı olmadan işlətsinlər, sağlamlığımızı, qiymətli vaxtımızı qəpik-quruş, cüzi məbləğlərə qurban versinlər və bunun bahasına külli miqdarda kapital qazansınlar. Çünki Gürcüstan qanunvericiliyi vəziyyəti elə tənzimləyə bilmir ki, bizim küçəyə çıxmağımız, həmrəy şəkildə, küçədən, parlamentin binasından, Çiaturadan, aksiyalarla, dinc yolla öz hüquqlarımızı müdafiə etməyimizə ehtiyacımız olmasın”, - deyə Tariel Mikatsadze bildirib.
“Georgian Manganese” şirkətinin işçilərinin tətili 16-cı gündür ki, davam edir. Tətilçilərin bir hissəsi Çiaturada, bələdiyyə evinin qarşısında aksiya keçirir. Onlardan 11-i 10-cu gündür ki, aclıq aksiyası keçirir: biri ağzını, biri gözünü tikib, digəri şaxtaçı isə əlinə xəsarət yetirib.
Aksiya iştirakçıları etirazın ifrat formalarına əl atdıqdan sonra “Georgian Manganese” bəyanat yayıb və ona əsasən şirkət aşağıdakı qərarları qəbul edib:
- 2023-cü il fevralın 1-dək mövcud olan köhnə iş şəraitinə qayıtmaq - 12 saatlıq iş qrafiki ilə;
- Birinci mərhələdə əmək haqqı 5% artacaq. Şirkət həm də gəlirliliyin artması ilə birgə, işçilərin maaşlarını da mərhələli şəkildə artırmağa hazırdır;
- Şirkətdə auditin aparılması;
- “Georgian Manganese” eyni zamanda işçilərin tələblərini, problemlərini və onların yaranma səbəblərini öyrənəcək, vəziyyəti düzəltmək yollarını müzakirə edəcək, işçinin iş şəraiti və onun təyin olunmuş normalar ilə müvafiqliyi ilə yerində tanış olacaq birgə işçi komissiyası yaratmağa hazırdır; Həmçinin iş prosesinin təşkilinin köhnə üsulu və müəssisənin tələb etdiyi yeni iş prosesinin zəruriliyi və iqtisadi məqsədəuyğunluğun zəruriliyi.
Tətil edən Şaxtaçılar üçün maaşın 5% artırılması qəbuledilməzdir. Onlar ən azı 20% artımla razılaşırlar, şirkət rəhbərliyi isə bunun üçün kifayət qədər maliyyə resurslarının olmadığını iddia edir. “Georgian Manganese”nin əməliyyat idarəsinin direktoru Laşa Tutberidzenin sözlərinə görə, əlavə 15% maaş artımı şirkət üçün illik 10 milyon dollar xərcdir və bu gün maliyyə itkisi proqnozu 12 milyon dollardır.