Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda solçu “Yeni Xalq Cəbhəsi” alyansı qalib gələrək Milli Assambleyada 182 yer qazanıb. İkinci yeri prezident Emanuel Makronun mərkəzçi koalisiyası (168 yer), üçüncü yeri isə 143 mandat əldə edən Marin Le Penin ifrat sağçı “Milli Birlik” partiyası tutub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Onları 45 mandata malik “Respublika Partiyası”ndan olan mühafizəkarlar izləyib. Qalan mandatları müstəqil deputatlar və kiçik birliklərin nümayəndələri bölüşürlər.
577 deputatdan ibarət parlamentdə heç bir siyasi qüvvə çoxluğu və ya 289 mandatı əldə edə bilməyib, bu isə o deməkdir ki, hökuməti formalaşdırmaq üçün koalisiyaya ehtiyac olacaq.
“Yeni Xalq Cəbhəsi” ifrat solçu, kommunist, sosial-demokrat qüvvələri və “yaşıllar”ı birləşdirir. Alyansın liderlərindən biri Jan-Lyuk Melenşon sol partiyalarla Makronun mərkəzçi bloku arasında koalisiya yaratmaq imkanını artıq rədd edib. O, Fransa prezidentini “Yeni Xalq Cəbhəsi”nin müstəqil şəkildə hökumət formalaşdırmasını dəstəkləməyə çağırıb.
Prezident Emanuel Makron da solçu qüvvələrlə koalisiya yaratmağa hazır deyil. O, bunu seçkiqabağı təşviqat dövründə dəfələrlə bəyan edib.
“Milli Birlik” liderləri Marin Le Pen və Cordan Bardela da koalisiya hökumətində iştirak imkanını istisna ediblər.
Baş nazir Qabriel Atal seçkilərin ilkin nəticələrini açıqladıqdan sonra istefa verdiyini açıqlayıb. O, qərarını hazırkı dövlət başçısının mərkəzçi koalisiyasının Milli Assambleyada mandatların əksəriyyətini qazana bilməməsi ilə izah edib. Onun sözlərinə görə, o, yeni hökumət formalaşana qədər baş nazir vəzifəsində qalacaq.
Bir həftə əvvəl keçirilən seçkilərin birinci turunda “Milli Birlik” birinci yeri tutdu və ikinci turda yüksək dəstək alacağı gözlənilsə də, solçular və Makron koalisiyası, ifrat sağçıların qələbəsinin qarşısını almaq üçün birləşdilər.
Seçkinin nəticələrinə Gürcüstan prezidenti Salome Zurabişvili də münasibət bildirib.
“Fransa Avropanı, demokratiyanı və onun ləyaqətini seçdi. Makron öz xalqının ümidi ilə hərəkət etdi və xalq bu böyük çağırışa görünməmiş səfərbərliklə cavab verdi. Həlledici məqamda seçim xalqın əlindədir”, - deyə Zurabişvili “exit-poll”un nəticələri məlum olduqdan sonra bildirib. Daha sonra o əlavə edib ki, seçkinin nəticəsi Avropada Rusiyanın səylərinə müqavimət göstərən hər kəs üçün qələbə və ümiddir.
İyun ayında Fransada sağ populistlərin Avropa Parlamentinə seçkilərdə qalib gəlməsindən sonra prezident Makron növbədənkənar parlament seçkiləri elan edib.