“Gürcü Arzusu” “Avropa Sosialist Partiyası”na üzv olmaqdan imtina edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcü Arzusu”nun üzvləri Berlində, PES - in konqresində, 2022-ci ilin oktyabrı

“Gürcü Arzusu” 2015-ci ildən müşahidəçi statusunda olduğu “Avropa Sosialist Partiyası”nı (PES) tərk edir. PES gələn ay Gürcüstanın hakim partiyası ilə əməkdaşlığı nəzərdən keçirməyi planlaşdırırdı.

Siyasi Şuranın bugünkü iclasından sonra “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze qərarın səbəbləri barədə danışıb. Onun sözlərinə görə, baş nazir İrakli Ğaribaşvilinin Macarıstanda keçirilən “mühafizəkar siyasi hərəkat konfransı”nda iştirakı ilə bağlı PES rəhbərlərinin bəyanatları onlar üçün qəbuledilməzdir.

“Sözügedən konfransda partiyamızın ən yüksək siyasi səviyyədə iştirakı və Baş nazirin çıxışı ənənəvi, ümumbəşəri dəyərlərə sadiqliyimizin və qəti dəstəyimizin ifadəsi idi. Biz dərindən inanırıq ki, hər bir dövlətin tərəqqisi və uğuru üçün möhkəm dəyər dayanağı lazımdır. Müvafiq olaraq hər birimiz müasir dünyada yaranmış və psevdoliberalların bilərəkdən şiddətləndirdiyi dəyər böhranı haqqında ciddi düşünməliyik. Konfransda iştirakımız müşahidəçi üzvü “Gürcü Arzusu” olan Avropa siyasi partiyasının rəhbər şəxsləri tərəfindən tənqidi şəkildə qiymətləndirilib. Üstəlik, onlar tərəfindən əməkdaşlığa yenidən baxılması üçün bir növ ictimai təhdid səslənib ki, bundan əvvəl heç bir ikitərəfli kommunikasiya olmayıb. “Avropa Sosialist Partiyası” üzvlərinin bu cür hərəkəti və münasibəti bizim üçün prinsipial dərəcədə qəbuledilməzdir”, - Kobaxidze deyib.

“Gürcü Arzusu” Avropa partiyasının yetərsiz dəstəyinindən də şikayətlənir. İrakli Kobaxidzenin dediyinə əsasən, 2015-ci ildən PES “Gürcü Arzusu”nu dəstəkləyən heç bir yüksək səsli bəyanatla çıxış etməyib.

“Üstəlik, partiyanın ayrı-ayrı nümayəndələri mütəmadi olaraq radikal müxalifəti dəstəkləyən siyasi kampaniyalara qoşulurdular.

Keçən il və bu il “Avropa Sosialist Partiyası”ndan olan onlarla deputat Avropa Parlamentinin partiyamızın təsisçisi Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsini, iki cinayətkarın – Mixeil Saakaşvilinin və Nika Qvaramiyanın azad edilməsini və digər cinayətkar Davit Kezeraşviliyə qarşı cinayət təqibinə xitam verilməsi tələb etdiyi absurd qətnamələri dəstəkləyib.

Təəssüf ki, “Avropa Sosialist Partiyası” onun üzvü olan avroparlamentarlar tərəfindən absurd qətnamələrin dəstəyini heç vaxt qınamayıb. Belə bir şəraitdə “Gürcü Arzusu”nun “Avropa Sosialist Partiyası”na üzvlüyü Gürcüstanın avrointeqrasiya yolunda nəinki müsbət rol oynayırdı, əksinə, tamamilə əks nəticə verirdi.

İrakli Kobaxidzenin fikrincə, “Gürcü Arzusu” üçün “Avropa Sosialist Partiyası”nın ideologiyası də qəbuledilməzdir. Gürcüstanın hakim partiyasının sədri bildirib ki, ötən illər ərzində PES getdikcə klassik sosial-demokratik sistemdən uzaqlaşıb və psevdoliberal platformaya keçid edib ki, bu da müasir dünyada yaradılmış dəyər böhranının dərinləşməsinə gətirib çıxarır”.

“Bu cür ideoloji transformasiya bizim üçün qəbuledilməzdir və partiyamızın, eləcə də Gürcüstan cəmiyyətinin dəyər və baxışları ilə örtüşmür.

Bütün yuxarıda qeyd olunanlara əsaslanaraq, biz “Avropa Sosialist Partiyası”nın müşahidəçi üzvü statusunu və “Avropa Sosialist Partiyası” ilə bağlı digər birlikləri tərk etmək barədə qərar qəbul etdik. Bu gündən “Gürcü Arzusu” ölkəmiz, cəmiyyətimiz və hökumətimizin qarşısında qoyduğu xarici siyasi məqsədlərə nail olmaq üçün bütün Avropa siyasi partiyaları ilə bərabər əsaslarla əməkdaşlıq edəcək”, - deyə Kobaxidze bildirib.

İrakli Kobaxidzenin qeyd etdiyi illik konfransın təşkilatçısı Amerikanın “Mühafizəkar Siyasi Hərəkat Koalisiyası” təşkilatıdır. Macarıstan bu il ikinci dəfə tədbirə ev sahibliyi edib və əsas məruzəçilərdən biri Avropa İttifaqında rusiyayönümlü mövqeyi və homofob siyasətinə görə tənqid olunan Macarıstanın baş naziri Viktor Orban olub.

Mayın 4-də İrakli Ğaribaşvili konfransda homofob mesajlarla çıxış edib. Onun sözlərinə görə, “ənənəvi, ailə dəyərlərini məhv edərək, saxta azadlıq, LGBT təbliğatı ilə, azyaşlı uşaqların valideynlərindən üz döndərərək cinsiyyət dəyişikliyini qanuniləşdirməyə çalışan, insanı öz kökündən, ailəsindən, adət-ənənəsindən, mədəniyyətindən, tarixindən qoparacaq eyni adlı yenilikləri məcbur etməklə öz məqsədlərinə çatmaq istəyən qüvvələr var.”. Ğaribaşvili bildirib ki, onun hökuməti Gürcüstanda “azlığın çoxluğa qarşı zorakılığına” yol verməyəcək və “azlığın aqressiv təbliğatla dəyərləri dəyişdirmək cəhdini” dəstəkləməyəcək.

Aprelin 28-də Gürcüstanın baş nazirinin konfransda iştirak edəcəyi məlum olduqdan sonra PES rəhbərləri iyunda “Gürcü Arzusu”nun statusunu nəzərdən keçirəcəklərini açıqlayıblar. Məlum olub ki, bu məsələni PES-in prezidenti, İsveçin keçmiş baş naziri Stefan Lofen hələ mart ayında, “Gürcü Arzusu” eyni adlı agentlər haqqında rus qanununun qəbulunu dəstəklədikdə qaldırıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur