Hakimiyyət ABŞ tərəfindən sanksiyalarıa məruz qalan şəxsləri himayə edir - qeyri-hökumət təşkilatları

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanda fəaliyyət göstərən 50-dən çox qeyri-hökumət təşkilatı bəyan edir ki, hakimiyyət ABŞ-ın sanksiyasına məruz qalan şəxsləri - hakimləri və keçmiş baş prokuroru himayə edir. Qeyri-hökumət təşkilatları hökuməti sanksiyaya məruz qalan şəxslərin maraqlarını müdafiə etməyi dayandırmağa və bununla da ölkəni qərb məkanından uzaqlaşdırmamağa çağırır.

“ABŞ-ın gürcü hakimlər Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şenqelia, keçmiş hakim Valeri Tsertsvadze və keçmiş baş prokuror Otar Partsxaladzeyə sanksiya tətbiq etməsi Gürcüstan hakimiyyətinin təsirli əks tədbirlərinə səbəb olmayıb.

Hesab edirik ki, hər iki sanksiya halı həyəcanverici səbəblərdən baş verib. Uzun illərdir ki, gürcü cəmiyyəti Gürcüstan məhkəmə sistemində korrupsiyanın və siyasi maraqların mövcudluğundan danışır. Aprelin 5-də ABŞ Dövlət Departamenti tərəfindən hakimlərin korrupsiya fəaliyyətində iştiraka görə sanksiyay məruz qalması bu baxımdan daha bir mühüm sübutdur. Həmçinin, ictimaiyyət Otar Partsxaladzenin Gürcüstanın siyasi və biznes sferasına qeyri-rəsmi təsirindən xəbərdar idi. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının ona qarşı loyal münasibəti heyrət doğururdu. Bu illər ərzində onun adı bir sıra cinayət əməllərində hallansa da, heç bir iş üzrə məsuliyyətə cəlb edilməyib. Və ABŞ Xəzinədarlığının sentyabrın 14-də yaydığı bəyanatda bütün bunlara Rusiya Xüsusi Xidmət Orqanlarının xeyrinə fəaliyyət iddiası da əlavə edilib. Hüquq-mühafizə orqanları bu məsələyə təsirli reaksiya verməyib, üstəlik, Otar Fartsxaladzenin ölkəni tərk etməsinə icazə veriblər.

ABŞ-ın tətbiq etdiyi sanksiyalara nəinki reaksiya verilmədi, həmçinin Milli Bankın prezidenti vəzifəsini icra edən Natia Turnava sanksiyaların tətbiqi qaydalarını Rusiya Xüsusi Xidmət Orqanları ilə əməkdaşlıqda ittiham olunan keçmiş baş prokurora uyğunlaşdırdı. Bu, dövlətin ələ keçirilməsi hərəkətinin ifadə olunan daha bir konkret nümunəsidir”, - deyə qeyri-hökumət təşkilatları bildiriblər. Bu bəyanatı hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze şərh edib.

Kobaxidzenin sözlərinə görə, hakimlər üçün viza məhdudiyyətinin tətbiqi və Otar Partsxaladzenin sanksiyaya məruz qalan şəxslər siyahısına salınması heç bir fakta və sübuta əsaslanmayıb.

“Gürcüstan hakimiyyəti tərəfdaşlardan müvafiq ittihamları dəstəkləyən sübutlar əldə etməyə çalışsa da, nəticəsi olmayıb. Üstəlik, hakimlər üçün viza məhdudiyyətinin qoyulmasının açıq mənbələrdən, yəni televiziyalardan, qəzetlərdən və digər kütləvi informasiya vasitələrindən daxil olan məlumatlara əsaslandığı barədə tamamilə inandırıcı olmayan izahat eşitdik.

Təhlükəsizlik xidməti həmçinin tərəfdaşlardan Otar Partsxaladze ilə bağlı müvafiq sübutlar tələb edib. Lakin məlum olub ki, Gürcüstan hakimiyyəti nə rəsmi, nə də şəxsi görüşlərdə, nə açıq, nə də qapalı kanallarla heç bir sübut əldə etməyib. Hətta, tərəfdaşlar Gürcüstan qurumlarından Partsxaladzenin işi ilə bağlı sübutlar əldə edib göndərməyi xahiş ediblər”, - Kobaxidze bildirib.

O vurğulayıb ki, varlı QHT-lər çalışırlar ki, Amerikanın yeni səfirinin münasibətləri yenidən qurmağına imkan verilməsin, əksinə, bu münasibətlər əlavə olaraq hansısa formada korlansın.

“Bir neçə həftə əvvəl Amerika Birləşmiş Ştatlarının yeni səfiri xanım Robin Duniqan Gürcüstana gəlib, onunla hökumətimizin ali nümayəndələri artıq çox səmərəli görüşlər keçiriblər. Robin Duniqanın səfirliyi dövründə gürcü-amerikan strateji tərəfdaşlığının əhəmiyyətli dərəcədə dərinləşəcəyinə dair nikbinlik üçün möhkəm əsasımız var. Bu vəziyyətdə varlı QHT-lərin bəyanatı məqsədi açıq-aşkar gürcü-amerikan münasibətlərində arzuolunmaz anlaşılmazlıqları saxlamaq olan səfirin müsbət səylərinə qarşı bir addımdır.

Hakimlərə sübut olmadan viza məhdudiyyətinin qoyulması münasibətlərdə ciddi diskomfort yaradıb. QHT-lərin müvafiq səyləri digər məqsədlərlə yanaşı, məhkəmə sistemi üzərində nəzarəti əldə etmək marağı ilə diktə olunurdu.

Zəngin QHT-lər ölkənin Avropa Komissiyasının namizəd statusu ilə bağlı qərarını gözlədiyi bir dövrdə yuxarıdakı bəyanatı verirlər. Avropa Komissiyasının qərarının açıqlanmasına bir həftə qalmış hakimiyyətə hücum Gürcüstana namizəd statusunun verilməsinə qarşı yönəlmiş növbəti kobud hərəkətdən başqa bir şey deyil.

Hər şeydən görünür ki, zəngin QHT-lər nə Gürcüstanın, nə Amerikanın, nə də Avropanın maraqlarına xidmət etmir. Əslində, onlar əsas məqsədi Gürcüstanın ukraynalaşdırılması olan “qlobal müharibə partiyasına” xidmət edirlər”, Kobaxidze qeyd edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur