Əhalinin etirazından sonra Svanetidə davam edən xilasetmə əməliyyatına helikopter də cəlb edilib

Sərhəd Polisinin helikopteri bu gün səhər saatlarından etibarən Svanetidə itkin düşən iki gəncin axtarış-xilasetmə əməliyyatında iştirak edir. Latalidə yaşayan Qoqita Parciani və Qiorqi Qviçiani 6-cı gündür ki itkin düşüblər. Kənd sakinləri ötən gecə helikopter və dronlardan istifadə tələbi ilə yolu bağlayıblar.

“Sonuncu telefon zəngi Lentexi tərəfdən həyata keçirilib”, - parlament çoxluğunun deputatı Viktor Caparidze bildirib.

Gənclər bazar günü, iyulun 21-də Zemo Svanetidən Lentexi istiqamətində Kvemo Svanetiyə gediblər. Onlar piyada marşrutu ilə Lasili aşırımını keçirdilər. Qohumlarının məlumatına görə, Qoqita Parciani və Qiorqi Qviçianini sonuncu dəfə bazar ertəsi, iyulun 22-də görüblər - onlar göndərdikləri mesajlarda yolu azdıqlarını bildiriblər.

“Çox daha fəal xilasetmə tədbirlərinə başlamaq lazımdır, bir tikə çörək və qoz-fındıq götürüblər. Yəqin ki, hazırda onların vəziyyəti yaxşı deyil və hər dəqiqə əhəmiyyətlidir”, - itkin düşənlərdən birinin qohumu Ana Tserediani deyir.

Fövqəladə Halların İdarəetmə Xidməti iyulun 24-də iki vətəndaşın itkin düşməsi ilə bağlı 112-yə məlumat verildiyini açıqlayıb. Dünən “meteoroloji şəraitə görə” xilasetmə əməliyyatında helikopterdən istifadə etmək mümkün olmayıb.

Axtarış-xilasetmə işlərində xilasedicilərlə yanaşı, könüllülərdən ibarət qruplar da iştirak edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur