Hökumət bu qanunu geri götürməsə, Gürcüstanın parlaq gələcəyi üçün şans görmürəm

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Mən bu qanun çərçivəsində [Avropa İttifaqına üzvlük barədə] danışıqlara başlamaq şansını görmürəm. Avropa İttifaqının mesajı çox aydındır”, - deyə Tbilisidə səfərdə olan Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rot müxalifətlə görüşdən sonra bildirib.

O, Gürcüstan hökumətinə, “xarici agentlər haqqında” rus qanununu geri g[twrm’k xahişi ilə müraciət edib.

“Biz Gürcüstanın dostuyuq, gürcü xalqının dostuyuq, biz Gürcüstanın Avropanın qəlbindəki yerinə son dərəcə sadiqik və bu o deməkdir ki, biz Gürcüstanın Avropa İttifaqına gedən yolu üzərində çox işləyirik. Lakin,

xahiş edirəm, hörmətli hökumət və hörmətli hakim partiya, bu “xarici agent” qanununu dayandırın. Hökumət bu qanunu geri götürməsə, Gürcüstanın parlaq gələcəyi üçün heç bir şans görmürəm. Küçədə dinc nümayiş keçirən insanlara öz hörmətimi ifadə edirəm.

Tbilisi çətinliklərlə dolu bu dövrdə Avropanın əsl paytaxtıdır. Hökumət, parlament, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə söhbət etmək şansımız olacağına böyük ümidim var”, - Rot bildirib.

Almaniya, Polşa, Çexiya, Litva və Estoniya parlamentlərinin xarici əlaqələr komitələrinin sədrlərindən ibarət Avropa nümayəndə heyəti rus qanununun üçüncü oxunuşunun müzakirəsi ilə eyni vaxtda Gürcüstana gəlib. Sabah, mayın 14-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenin səfəri də planlaşdırılır.

“Xalqın Gücü”nün sədri Sozar Subar bu gün hakimiyyətə müraciət edərək, Aİ və ABŞ nümayəndələri ilə görüşməməyə və onların Gürcüstana buraxılmağa layiq olub-olmamasını müzakirə etməyə çağırıb.

Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze Aİ nümayəndə heyətinin səfəri ilə bağlı onların “qütbləşməni təşviq edən insanlar” olduqlarını bildirib və qeyd edib ki, “Gürcüstan, gürcü xalqı heç vaxt heç kimin vassalı olmayacaq”.

3 aprel 2024-cü ildə Gürcüstanın hakim partiyası bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü "xarici agentlər" haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq, təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. 150-dən çox qeyri-hökumət təşkilatı və media heç bir halda “ləyaqət alçaldıcı reyestrdə” qeydiyyatdan keçməyəcəkləri ilə bağlı bəyanat yayıb. “Gürcü Arzusu” rus qanununu mayın 14-də üçüncü, yekun oxunuşda qəbul etməyi planlaşdırır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur