Gürcüstan hökumətinin Strateji Kommunikasiyalar Departamenti Qərbdən, xüsusən də “NATO”dan aldığı, məqsədi Rusiya təbliğatına qarşı mübarizə aparmaq olan yardımdan saxta sosial media hesabları vasitəsilə rəqiblərinə qarşı “rus tipli” hücumlar və anti-qərb təbliğatı aparmaq üçün istifadə edib. Bu barədə jurnalist araşdırması “New Lines Magazine” nəşri tərəfindən dərc edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məqalədə oxuyuruq ki, 2015-ci ildə Gürcüstanın Rusiyanın hibrid müharibəsinə müqavimətini gücləndirmək üçün yaradılmış “NATO”nun mühüm layihəsi mart ayında bağlanıb. Bu məlumatı Böyük Britaniya Xarici İşlər Nazirliyi də təsdiqləyib. Qərar “Meta”nın Gürcüstan hökumətinin Stratkomunun “tənqidçilər və Rusiyanın Ukraynadakı müharibəsinə qarşı anti-Qərb təbliğatı yaymaq üçün istifadə etdiyi” onlarla Facebook hesabını silməsindən 10 ay sonra qəbul edilib.
NATO-nun dəstəklədiyi Strateji Rabitə Təşəbbüsü 2015-ci ildə Böyük Britaniya tərəfindən yaradılıb. Bu təşəbbüs çərçivəsində yaradılan və Baş Nazirin Aparatının bir hissəsi olan Gürcüstan Hökumətinin Strateji Kommunikasiyalar Departamenti, yəni Stratkom, bu illər ərzində ABŞ və Böyük Britaniyadan təlim və texniki resurslar kimi əhəmiyyətli yardım alıb. Məqalədə deyilir ki, bu, on milyonlarla dollara başa gələn Moskvanın təsirinə qarşı mübarizənin daha geniş səylərinin bir hissəsidir.
Araşdırma məqaləsinə görə, “NATO” hibrid müharibə təhlükəsini ilk dəfə 2014-cü ildə, Rusiyanın dəstəklədiyi qüvvələr Krımı ələ keçirərkən həm standart, həm də qeyri-standart hərbi silahlardan istifadə edərkən tanıyıb. Həmin il Uels sammitində razılaşdırılmış “NATO”-Gürcüstan substantiv paketi Gürcüstan Müdafiə Nazirliyində “Strateji Kommunikasiya Proqramı”nın həyata keçirilməsinə dəstək üçün çərçivəni əhatə edirdi. 2015-ci ildə Müdafiə Nazirliyində Strateji Kommunikasiyalar Departamenti yaradılıb və o, “NATO”-Gürcüstan münasibətlərinin təfərrüatları və üstünlükləri barədə ictimaiyyətə məlumat verməli idi.
O Vaxtkı Müdafiə naziri, hazırda “Vətəndaş İdeyası” qeyri-hökumət təşkilatının rəhbəri Tina Xidaşeli deyir ki, bu, düzgün həyata keçirilsəydi, çox gözəl ideya idi.
Jurnalist qeyd edir ki, problemlər 2019-cu ildə, Stratkomun yaradılmasından 4 il sonra yaranıb. “Gürcüstan hökuməti Rusiyanın dezinformasiyalarına müqavimət göstərmək əvəzinə, deyəsən, bunun əksini edirdi. “Medianın İnkişafı Fondu” və “Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti” (ISFED) kimi Gürcüstan vətəndaş cəmiyyəti təşkilatları saxta, hökumətyönlü Facebook hesablarını hökumətin özü ilə əlaqələndiriblər. Məlum olub ki, ölkə rəhbərliyi öz siyasətini dəstəkləmək üçün saxta hesablardan istifadə edə biliblər. Elə həmin ilin sonunda “Meta” özünü media qurumları və siyasi partiyalar kimi təqdim edən “Gürcü Arzusu” ilə əlaqəli trollar şəbəkəsini məhv etdi”, – məqalədə deyilir.
2023-cü ilin may ayında “Meta” “koordinasiya edilmiş qeyri-avtentik davranış” və ya “trolling” üçün hökumət stratkomu ilə əlaqəli 80 Facebook hesabını, 26 səhifəni və 9 qrupu, həmçinin 2 Instagram hesabını bağlayıb.
Məqalədə qeyd olunur ki, ilin əvvəlində Mişa Peikrişvili hökumətin strateji kommunikasiyalar departamentinin rəhbəri təyin edilib. Bundan əvvəl o, “tənqidçilər tərəfindən geniş şəkildə hakim partiyanın ruporu kimi qəbul edilən” “İmedi” telekanalının xəbər xidmətinə rəhbərlik edib. Stratkomun nümayəndəsi jurnalistə şöbədə işləyənlərin sayı barədə məlumat verməkdən imtina edib.
Bu mövzuda bir məqalə də “Byline Times” da dərc edilib. Orada jurnalist yazır ki, Böyük Britaniya vergi ödəyicilərinin vəsaitlərindən sui-istifadə edilməsi barədə məlumatlı olub. Böyük Britaniyanın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli 2023-cü ilin martında Tbilisiyə səfəri zamanı qeyri-hökumət təşkilatları ilə görüşündə bu barədə məlumatlandırılıb.
Tələbə baxmayaraq, Böyük Britaniya və ABŞ Stratkoma nə qədər pul xərcləndiyi barədə məlumat verməyiblər.
Yanvarın 26-dan etibarən Gürcüstan Hökumətinin Stratkomunun Facebook-dakı rəsmi səhifəsində heç nə dərc olunmayıb.