Hökumət Ukraynadan Zurab Adeişvili və Qiorqi Lortkipanidzenin ekstradisiyasını tələb edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Andriy Kostin və Zurab Adeişvili

Gürcüstan hökuməti Zurab Adeişvilinin Ukrayna baş prokurorunun müşaviri, Qiorqi Lortkipanidzenin isə əks-kəşfiyyat xidmətinin rəhbəri vəzifəsində olmasından narahatlığını bildirib. Adeişvilinin Brüssel və Berlinə səfərlərindən sonra hökumət iki ölkə arasında münasibətlərin tənzimlənməsi üçün Ukrayna hakimiyyətinin cinayətkarları Gürcüstana təhvil verməsinin zəruri olduğunu bildirir.

Hökumət “Ukrayna hakimiyyətinin dost Ukrayna ölkəsinə - Gürcüstana və gürcü xalqına münasibətindən” “dərin narahatlıq və təşviş”ini ifadə edir.

“Ukraynanın müharibəyə cəlb olunmuş olunması və özünü Rusiyanın hərbi təcavüzündən müdafiə etməsi səbəbindən biz uzun müddət idi ki, Ukrayna hakimiyyətinin bu münasibəti ilə bağlı mövqe bildirməsindən çəkinirdik. Bununla belə, Zurab Adeişvilinin Ukrayna nümayəndə heyətinin tərkibində Brüssel və Berlinə səfərindən sonra biz məcburuq ki, öz mövqeyimizi açıq şəkildə ifadə edək”, - hökumət administrasiyasının bu gün, martın 11-də yaydığı bəyanatda deyilir.

“Axtarışda olan və ya müxtəlif cinayətlərə görə mühakimə olunmuş şəxslər hələ də Ukrayna hökumətində yüksək vəzifələrdə çalışırlar. Bu baxımdan, Zurab Adeişvilinin Ukrayna Baş Prokurorunun müşaviri, Qiorqi Lortkifanidzenin Ukrayna Əks-kəşfiyyat Xidmətinin rəhbər müavini vəzifəsində olması xüsusilə narahatlıq doğurur. Bu şəxslər bir çox insanın həyatını, sağlamlığını və rifahını məhv edən Gürcüstanın əvvəlki hökumətinin avtoritar rejiminə rəhbərlik edirdilər.

Zurab Adeişvili şərab zavodunun qanunsuz müsadirə edilməsi, “İberiya” teleşirkətinin ələ keçirilməsi, Koba Davitaşvilinin qaçırılması və ona qarşı amansız zorakılıq, məhbuslara işgəncə verilməsi və “Kartu Bank”ın müflis olması işlərində təqsirli bilinir. “İmedi” teleşirkətinə basqın və adam oğurluğu, 7 noyabr 2007-ci il zorakılığı və Buta Robakidzenin qətli cinayətinin ört-basdır edilməsi işlərində isə ittiham olunur. Qiorqi Lortkifanidze 2011-ci il mayın 26-da baş vermiş zorakılıqda və Mixeil Saakaşviliyə  sərhədi qanunsuz keçməkdə yardım işlərində ittiham olunur”.

Hökumət qeyd edir ki, Gürcüstan Prokurorluğu bu şəxslərin təhvil verilməsi ilə bağlı dəfələrlə Ukrayna tərəfinə müraciət edib. Buna baxmayaraq, “Ukrayna hakimiyyəti Gürcüstan dövlətinə lazımi hörmət göstərməyib və Gürcüstanın cinayətkarlarını təslim etmədi”.

“Ukrayna hökumətinin iki dost ölkəni və xalqı bir-birindən süni şəkildə ayırmağa yönəlmiş belə qərarları qəbul etməsinin səbəbi Gürcüstan hökumətinə aydın deyil.

Ümid edirik ki, Ukrayna hakimiyyəti Gürcüstan və Ukrayna, gürcü və ukrayn xalqlarının dostluq ruhuna birbaşa zidd olan qərarlara yenidən baxacaq. İlk növbədə, münasibətləri tənzimləmək üçün Ukrayna hakimiyyətinin hazırda Ukrayna hakimiyyətində yüksək vəzifə tutan cinayətkarları Gürcüstana təhvil verməsi vacib və zəruridir”, - Gürcüstan hökuməti bildirir.

Bu gün Gürcüstan Xarici İşlər Nazirliyində Avropa İttifaqının səfiri Pavel Herçinskii və Almaniyanın səfiri Peter Fişer ilə görüş keçirilib və bu görüşdə səfirlərə Gürcüstan tərəfinin Zurab Adeişvilinin görüşlərdə iştirakı ilə bağlı narahatlığı rəsmi şəkildə çatdırılıb.

Ukrayna vətəndaşı olan və eyni ölkənin baş prokurorunun müşaviri vəzifəsini tutan Zurab Adeişvili Brüssel və Berlində Ukrayna nümayəndə heyətinin tərkibində olub. O və Ukraynanın baş prokuroru Andrey Kostin Brüsseldə Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun baş direktoru Qert Yan Kopman ilə görüşüb və bu, “Gürcü Arzusu” liderlərinin tənqidinə səbəb olub.

“Siz Adeişvili ilə görüşəndə ​​və onunla ədalətdən danışanda, bu cür insanların Gürcüstana qarşı ədalətlə bağlı sözləri, şübhəsiz ki, artıq yetəri qədər inandırıcı olmur. Biz Avropa İttifaqının və ya digər ölkələrin tətbiq etdiyi sanksiyalara ciddi şəkildə əməl edirik və onlardan yayınmamağı təmin edirik. Görünür, bəzi Avropa ölkələrində Gürcüstanın tətbiq etdiyi məhkəmə sanksiyalarına məhəl qoyulmur”, - parlamentin spikeri Şalva Papuaşvili bildirib. O, Avropa İttifaqı və Almaniya səfirlərindən izahat da tələb edib.

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyin bəyanatına əsasən, Qert Yan Kopman və Ukrayna nümayəndə heyəti arasında keçirilən bu görüşü başqa cür təqdim etmək Avropa İttifaqına qarşı yönəlmiş dezinformasiyadır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur