Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze “Pirveli” televiziya şirkətinə qarşı Milli İcra Bürosuna müraciət edib. O, teleşirkətin ona 15 000 lari ödəməli olması və böhtanı inkar etməsi barədə məhkəmə qərarının icrasını tələb edir. “Pirveli”nin informasiya xidmətinin rəhbəri Nodar Meladze deyir ki, mer onlara təzyiq göstərməyə çalışır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu gün biz hüquqi qüvvəyə malik olan qərarın icrasına başlamışıq və yəqin ki, sabah və ya ertəsi gün icra bürosundan qarşı tərəfə tələblər göndəriləcək. Onlar qəbul edilən qərarı icra etməyə borcludurlar”, - deyə Kaxa Kaladzenin vəkili Dimitri Qabunia jurnalistlərə bildirib və qərarın icra olunmamasının nə ilə nəticələnə biləcəyini izah edib:
“Biz bu məbləği istəyirik və ümid edirik ki, məcburi icraya ehtiyacımız olmayacaq, lakin bu məbləğ ödənilməsə, təbii ki, icra başlanacaq. İcra haqqında qanuna əsasən, bu məbləğ könüllü ödənilmədikdə, həm daşınmaz, həm də daşınar əmlaka, o cümlədən hesablara həbs qoyulacaq. Məhkəmənin qərarı icra olunmazsa, rəhbər şəxs barəsində qanunda nəzərdə tutulmuş cinayət təqibinə başlanılması istisna deyil”.
“Pirveli” informasiya xidmətinin rəhbəri Nodar Meladze hesab edir ki, Kaxa Kaladzenin 2023-cü ildə çıxarılmış məhkəmə qərarının icrasını tələb etməsi bilavasitə sabah, iyulun 27-də efirə çıxmalı olan araşdırma reportajı ilə bağlıdır.
“Biz gözləmə rejimindəyik. Tbilisi meri Kaxi Kaladzenin müraciəti əsasında biz televiziya hesablarının və əmlakının müsadirə olunmasını gözləyirik. İcra tələbi üçün əsas ABŞ-ın korrupsiya ittihamı ilə sanksiya tətbiq etdiyi klanın nəzarətində olan məhkəmənin ötənilki qərarı - “Mamulaşivili işi”dir.
Kaladze bu işi niyə indi xatırladı? Sabah, şənbə günü Kaladzenin bəyan edilməmiş, dəyəri yüz minlərlə lari olan əmlakı ilə bağlı reportaj yayımlanacaq. Bəyannamədə yazılmasa da, bu əmlakın onun istifadəsində olduğuna dair sübutlar var. Merə sual göndərdik, cavab verdilər ki, “uduzduğumuz” işi unutmamalıyıq. Bu gün icra tələbi təqdim olunub. Nə ola bilər?
Əgər televiziyanın həmin pulu ödəməyə vəsaiti yoxdursa, icra bürosu içəri girib televiziyanın əmlakını müsadirə edə bilər. Məsələn, mikrofon, fotoaparat, stul, kompüter hərraca çıxarıb, satar və pulu Kaladzeyə köçürər”, - Meladze sosial şəbəkədə yazıb.
Kaxa Kaladze 2022-ci ilin iyununda “TV Pirveli” və onun jurnalisti Maia Mamulaşviliyə qarşı iddia qaldırıb. İddiaya görə, teleaparıcı mənbəni göstərmədən təsdiq formasında Kaladzenin tenderlərdən 60 milyon aldığını bildirib. Kaladze məhkəmə vasitəsilə müttəhimlərdən yayılan xəbərləri təkzib etməyi və 100 min lari məbləğində mənəvi ziyanı ödəməyi tələb edib. Cəmi beş ay ərzində, 30 noyabr 2022-ci ildə məhkəmə iş üzrə qərarını açıqlayıb. Xüsusilə, hakim Zaal Maruaşvili “Pirveli” və Maia Mamulaşviliyə böhtanı rədd etməyi və Kaladzeyə 15 000 lari ödəməyi əmr edib. Şəhər məhkəməsinin qərarı yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılıb.