Dmanisinin Yuxarı Qarabulaq kəndi ictimai məktəbinin direktoru Hamlet İsmayılov 6 oktyabrda onun rəhbərlik etdiyi məktəbin 8-ci sinif şagirdi, 14 yaşlı Aytac Şahmarovanın qaçırılması ilə bağlı xəbəri “Gürcüstan Xəbərləri”nin redaktorundan qız artıq bir neçə saat əvvəl qətlə yetirilmiş olduğu anda belə gizlədib. Hamlet İsmayılov “Gürcü Arzusu” partiyasının siyahısı ilə Dmanisi Bələdiyyə Məclisnin üzvüdür. O, hətta müstəntiq yanına dindirilməyə belə çağırmayıb. İsmayılov mülki fəal Samirə Bayramovanın ona qarşı səsləndirdiyi ittihamları rədd edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Oktyabrın 6-da “Gürcüstan Xəbərləri” Saqarecodakı Ləmbəli kəndində qətlə yetirilən qızın kimliyini müəyyənləşdirdikdən sonra məktəb direktoru ilə telefonla əlaqə saxladıq və ondan son üç həftə ərzində, ictimai məktəblərdə tədrisin başladığı müddətdə bu barədə və qız dərslərə gəlmədikdə niyə polisə və ya sosial xidmətə məlumat vermədiyini soruşduq. Qanunvericilik məktəb rəhbərliyini belə faktlarla bağlı dərhal müvafiq xidmətlərə məlumat verməyə məcbur edir.
“Dünən dərsdə oturmuşdu” - Məktəb direktoru bizə dedi.
- Aytac Şahmarova, 8-ci sinifdə bu ad və soyadda başqa şagirdiniz varmı?
- Yox, birdir.
- Dünən dərsdə necə oturmuşdu, Yaydan bu yana qaçırılıb, sentyabrda ümumiyyətlə dərsə gəlməyib, bu vaxt ərzində bu barədə heç kimə xəbər verməmisiniz. Onun öldürüldüyünü bilirsiniz?
- Öldürülüb?
- Bəli, bu gün öldürülüb. O, iki aydır ki, Ləmbəli kəndindədir və dünən Dmanisdə dərslərdə necə olub?
Bundan sonra məktəb direktoru bizimlə əlaqəni kəsdi.
“Gürcüstan Xəbərləri” məktəb direktoru ilə bu gün səhər yenə danışıb. İndi Hamlet İsmayılov deyir ki, sinif rəhbəri Aytacının anası ilə danışıb, valideyn də oktyabrın 5-də məktəbə gəlib və söz verib ki, qız iki gündən sonra dərsə gələcək.
Mülki fəal Samirə Bayramova məktəb direktoru Hamlet İsmayılov haqqında məlumat verir ki, o, bir neçə il əvvəl öz şagirdi olan azyaşlı qızla ailə həyatı qurub, məktəb direktoru bunu təkzib edir və Bayramovanı böhtana görə məhkəməyə verəcəyini deyir.
“Həmin kənddən majoritar deputatın azyaşlı uşağının toyu olub. O da iki il imiş ki nişanlı imiş, məktəbə getmirmiş.
2015-ci ildə Hamlet tələbəsi olan 15 yaşlı qızla evlənib. Onda, sən demə, kənddən azyaşlı qızlarla ailə həyatı quran Hamlet və digər şəxslərlə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib. İstintaq başlayıb. Hamletdən başqa hamı cərimə olunub.
Məktəb direktoru bir çox azyaşlının nişanlanması faktını gizlədib, nişanlı qızlar məktəbə getməyib, lakin qiymətlər yazırmışlar.
Aytac 2022-ci ilin dekabrında (evlənmək məqsədilə) nişanlandırılıb. Nişandan sonra anası məktəbə gəlib, direktorla söhbət edib və bu illər ərzində direktor təkcə Aytacın yox, başqa qızların da qayğısına qalıb. O, dəfələrlə məktəbin müəllimlərini məktəbdən qovacağı ilə hədələyib və onlar dərsə getməyən şagirdlərə qiymətlər yazıblar.
Aytacının qaçırılması məsələsinə gəlincə, sən demə anası Aytacı Marneuliyə aparıb, guya onların nəsə işi var imiş və ona paltar almaq istəyirmişlər. Marneulidə onu hədələyirlər ki, onun nişanlandırdığı oğlan ilə getməlidir. Tamamilə müdafiəsiz Aytacın başqa çarəsi olmayıb. Məhz buna görə, anası onunla daha pis davrandığı üçün iki ay oğlan evində qalıb.
Bu məsələ hamıya məlum olduqdan sonra məktəb direktoru müəllimləri və Aytacının sinif yoldaşlarını öz otağına çağırıb, iki saat onları hədələyib. O, dəfələrlə bildirib ki, onun tərəfdarları var - Dmanisi Təhsil Resurs Mərkəzi, Bələdiyyə Məclisi, Təhsil Nazirliyi onu qoruyur və bu məsələdə bütün müəllimləri müdafiə edəcək. Ona görə də müəllimlər necə lazımdırsa elə danışacaqları barədə razılaşırlar.
Samirə Bayramova yazır: “Aytacının atası uşağının ölümündə həyat yoldaşını və məktəb direktorunu günahlandırır.
“Gürcüstan Xəbərələri” ilə danışıq zamanı məktəb direktoru Samirə Bayramovanın bütün iddialarını təkzib edib. Kənd majoritarının uşağı ilə bağlı epizodda qızın məktəbdən uzaqlaşdırıldığını, kollecdə oxuduğunu və azyaşlı olaraq ailə qurmadığını deyib.
İndiyədək Dmanisi Təhsil Resurs Mərkəzindən və Təhsil Nazirliyindən Aytacın qətlindən sonra daxili araşdırmaya başlanılıb-başlanılmaması ilə bağlı məlumat ala bilməmişik.
Oktyabrın 6-da Saqareconun Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarova qətlə yetirilib. Uşağa 26 yaşlı Əli Sadıqov silahla atəş açıb və o, yayda qızı evlənmək məqsədilə qaçıraraq Kvemo Kartlidən Kaxetiyə aparıb.
Prokurorun ifadəsinə görə, azyaşlı onu qaçıran şəxslə yaşamaq istəməyib, gizlicə qaçmağa nail olub, tanımadığı şəxsin mobil telefonu ilə anası ilə əlaqə saxlayıb və onun qaçırılması barədə məlumat verib və bu, qaçırılan uşağın dayısına də məlum olub, lakin onlar qızı onu qaçıranla yaşamağa məcbur ediblər.
Qətldən sonra təqsirləndirilən şəxs hadisə yerindən qaçıb. O, 4 günlük axtarışdan sonra həbs edilib. Alim Sadıqov qəsdən adam öldürməsini boynuna almır. O, silahdan istifadə etməyi bilmədiyini və sadəcə qızı qorxutmaq istədiyini deyir.
“Mən azyaşlı ilə ailə qurmamışam. Anası mənə deyirdi ki, onun 18 yaşı var”, - təqsirləndirilən şəxs prosesdə bildirib. Hakim onun barəsində həbs qətimkan tədbiri seçib. Təqsiri sübuta yetirilərsə, onu 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Prokurorluq uşağın mümkün zorlanması faktının müəyyən edilməsi istiqamətində araşdırmaları davam etdirir.
Prokurorluğun tələbi ilə Rustavi məhkəməsi oktyabrın 11-də qətlə yetirilən qızın anası və dayısını həbs edib. Prokurorun sözlərinə görə, 14 yaşlı qızın “nişanı”nın, yəni cinayətin təşkilatçısı ana olub. Ana yaşca böyük, müvafiq olaraq, imkanlı kişini bəyənən adam olub, ana bu yaşlı kişi tərəfindən onun uşağının nişanlanmasının təşkilatçısı olub və sonra artıq qaçırılan qız ona zəng edib, ondan kömək istəyib, geri qayıtmağı xahiş etdikdə bu uşağı qaçırana qaytaran da məhz ana olub”, - deyə prokuror bildirib.
Prokurorluq qızın anası və dayısını onu zorla ərə verməkdə və cinayət barədə məlumat verməməkdə ittiham edir. Onları 6 ilə qədər həbs gözləyir.