Mayın 11-i Avropa Günündə Tbilisidə rus qanununa qarşı genişmiqyaslı nümayişin keçirilməsi planlaşdırılır. Bu barədə Şərqi Avropanın Çoxpartiyalı Demokratiya Mərkəzinin direktoru Levan Tsutskiridze dünənki aksiyada çıxışı zamanı bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu tarixi xatırlamağınızı istəyirəm - mayın 11-də biz birlikdə çox böyük nümayiş təşkil edəcəyik. Böyük, dinc, güclü, inamlı bir nümayiş. Təqvimlərinizi qeyd edin. Ola bilsin ki, bura gəlməyən birini tanıyırsınız və mayın 11-dək hamımız bu tapşırığı götürək ki, hələ bura gəlməmiş insanları bizimlə birlikdə gətirək”, - Tsutskiridze bildirib.
Basqınlara və saxlanılmalara baxmayaraq, aprelin 15-dən bəri hər gün Tbilisidə repressiv rus qanununa qarşı on minlərlə insanın iştirak etdiyi aksiyalar keçirilir. Ənənəvi olaraq, nümayişçilərin toplaşdığı əsas yer Rustaveli prospektidir, lakin son günlər gənclər də Qəhrəmanlar Meydanına keçib və şəhərin əsas yol qovşağını bağlayaraq hakimiyyəti rus qanununu geri götürməyə məcbur etməyə çalışırlar.
Bir ay əvvəl “Gürcü Arzusu” tərəfindən qeydiyyatdan keçirilən rus qanunu artıq parlamentdə iki oxunuşda qəbul edilib. Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının çağırışlarına baxmayaraq, hakim partiya qanunu geri götürməyəcəyini bildirir.
Qanunun üçüncü və sonuncu oxunuşu mayın 13-dəki həftəyə təyin edilib. Bundan əvvəl hökumət mayın 7, 8 və 10-nu qeyri-iş günü elan edib. Müxalifət hesab edir ki, “may tətili”nin tətbiqi rus qanununa etirazın zəifləməsinə xidmət edir.
3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl çoxminlik etiraz aksiyaları nəticəsində geri götürdüyü “xarici agentlər” haqqında rus qanunu bir daha qəbul etməyəcəyinə söz verməsinə rəğmən təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Artıq 150-dən çox qeyri-hökumət və media qurumu heç bir halda “ləyaqət alçaldan reyestrdə” qeydiyyatdan keçməyəcəklərini bəyan ediblər.