Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin sözlərinə görə, məhz romantikləşdirilməyə çalışılan həmin müəyyən qrup gənclər polisə molotov kokteyli atıb. Parlamentdə keçirilən brifinqdə Papuaşvili rus qanunlarını dəstəkləyən deputatların universitetlərdə mühazirələrini pozmağa çalışan etiraz iştirakçılarını min larili gənclər adlandırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcü xalqı aksiyada ilk dəfə molotov kokteyli gördü. Nə qədər iğtişaşlar olsa da, keçmişdə heç kim polisə molotov kokteyli atmağa cürət etməmişdi. Biz od vurulmuş polislər gördük. Məhz, indi onların romantikləşdirməyə çalışdığı müəyyən qrup gənclər atırdılar molotov kokteyllərini. Mən bu zorakılıqdan özünü kənar tutan heç bir qeyri-hökumət və ya siyasi təşkilat görmədim. Heç olmasa onun bir hissəsinin zorakılıq olduğunu desinlər və həmin hissəni pisləsinlər. Əvəzində itaətsizlik, aqressiya, molotov kokteyli atma və s.-nin açıq-aşkar romantikləşdirilməsi baş verir ki, bu da gələcək üçün olduqca təhlükəlidir.
Biz, həmçinin min larili gənclər də gördük. Auditoriyaya, bu və ya digər mühazirəçinin yanına buraxılma halları baş verir. Son baş verən faktı gördük - İrakli Kobaxidzenin mühazirəsini pozmağa cəhd olundu. Bu, heç tələbə olmayan və heç vaxt Tbilisi Dövlət Universitetinin tələbəsi olmayan adam idi. Harada tələbə olubsa, orada da statusu dayandırılıb.
“Milli Hərəkat”la koordinasiyalı cəhddir ki, birbaşa siyasi fəaliyyətlə məşğul olan min larili gənclər insanları nifrət obyektinə çevirməyə çalışırlar.
Müxalifət bizi bu mühitdə saxlamağa, seqreqasiya və müasir faşizm yaratmağa çalışır”, - Papuaşvili bildirib.
Parlament sədri bu açıqlamasına görə Gürcüstan prezidenti tərəfindən tənqid edilib. Salome Zurabişvili rəsmi feysbuk səhifəsində yazır ki, bu cür qiymətləndirmələr yalnız gərginliyi gücləndirməyə xidmət edə bilər.
“Hakimiyyət nümayəndəsi hər hansı formada etirazla razılaşmaya bilər, lakin bu o demək deyil ki, vəzifə kiməsə öz vətəndaşlarını təhqir etmək hüququ verir.
Bu cür qiymətləndirmələr yalnız gərginliyi gücləndirməyə xidmət edə bilər, nəinki hökumətin hər cür yolla, xüsusən də bu son hadisələr fonunda cəhd etməli olduğu gənclərlə lazımi ünsiyyəti bərpa etməməyə”, - Salome Zurabişvili qeyd edir.
Martın 12-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalına verdiyi müsahibədə səhnəyə çıxan gəncləri bir-bir tanıdıqlarını bildirib.
“Onların hamısı, tamamilə hamısı “Milli Hərəkat”la, yaxud da onların peyk təşkilatları, “Avropa Gürcüstanı”, “Qirçi”, Vaşadzenin partiyası və digərləri ilə əlaqəli idi. Həmçinin maraqlı məqamlardan biri də onların iştirakının artıq üzə çıxmasıdır.
Eyni adlı zəhərləyici “Franklin Klubu” gənclərini, sizə birbaşa demək istəyirəm və bu haqda... Mən hadisələrin qabağına keçmək və ya digər tərəfdən istintaqa mane olmaq istəmirəm, amma bu, birbaşa anti-dövlət və və dağıdıcı fəaliyyətdir. Bu, eyni adlı “Franklin klubunda” bir çox gənclərin, o cümlədən şagirdlərin beyni yuyulur.
Burada kim, necə cürət edib bu gəncləri sipər kimi istifadə edib, onları ön xəttə buraxır, “Molotov kokteyli” atırlar. Görüntüləri gördünüz - 60-a yaxın polis yaralanıb, bir neçə polisi az qala diri-diri yandırıblar. Bunu kimə bağışlayarıq? Bu insanların hamısı ciddi şəkildə cəzalandırılacaq.
Zorakılığa kim başladı? “Milli Hərəkat”ın gənclər qanadı zorakılığa başlayıb və hamımız onların adlarını bilirik, eyni adlı “Qirçi”, Caparidze təxribatçı hərəkatı və “Franklin Klubu”nun anarxistləri. Bir neçəsinin fotoşəkilini gördüm və heyrətləndim, bəzi insanlar, gənclər bir növ satanist forması geyinmişdilər. Burada baş verənlər təşviş doğurucudur”, - Ğaribaşvili bildirib.
“Franklin Klubu”na “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze də hücum edib. Onun sözlərinə görə, “Franklin Klubu” həm tələbələri, həm də azyaşlıları “Azad Universitet” və “Gürcüstan Universiteti” bazalarında siyasi fəallıq üçün cəlb edən xarici təsir agentidir. “Hüquq-mühafizə strukturlarına qarşı zorakılıq aktlarını məhz radikal müxalifətin ekstremist gənclər qrupları təşkil edib”, - hakim partiyanın sədri bildirib.
“Gürcü Arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze 7-8 mart tarixlərində rus qanunlarına qarşı keçirilən aksiyalarda iştirak edən gənclərin bəzilərini ikiüzlü adlandırıb.
“Franklin Klubu”dan “Gürcüstan Universiteti” ilə əməkdaşlıqlarının maarifləndirici xarakter daşıdığını, lakin hakimiyyətin böhtan kampaniyası fonunda universitetlə əməkdaşlığa son qoyduqlarını açıqlayıblar.
“Bu gün “Gürcüstan Universiteti” hökumət təbliğatının nəzarətindən kənarda qalan, mövcudluğu ölkədə demokratiyanın yaşaması üçün vacib olan böyük azad məkanlardan biridir... Gürcüstan hökuməti “Franklin Klubu”na məhz artıq gənclərə müstəqil təhsil verə bilməyək deyə hücum etdi.”, - “Franklin Klubu”nun bəyanatında deyilir.
“May Tələbə Hərəkatı” hakimiyyəti tələbələri qorxutmaq cəhdində ittiham edir və ölkədə etiraz çıxışlarında iştirak edən tələbələri zərərsizləşdirmək üçün müxtəlif yollar axtardıqlarını iddia edir. Hərəkatın məlumatına görə, polis əməkdaşları “Baqebi” tələbə evinə daxil olaraq tələbələrin şəxsi məlumatlarını götürüblər. Martın 22-də saat 13:45-də hərəkat Tbilisi Dövlət Universitetinin birinci korpusu yaxınlığında “Universitetin ləyaqəti naminə – polis rejiminə qarşı” aksiyası keçirməyi planlaşdırır.
Martın 7-də “Gürcü arzusu” 78 deputatın dəstəyi ilə hökumətdən müstəqil şəkildə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və media qurumlarını agent elan edən “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci dinləmədə qəbul edib.
Qanun layihəsinin birinci oxunuşda qəbul edilməsindən sonra martın 7-9-da Rustaveli prospektində bir neçə min nəfərin iştirak etdiyi etiraz aksiyaları keçirilib. Daxili İşlər Nazirliyi dinc nümayişçiləri gözyaşardıcı qaz, su şırnaqları və digər vasitələrlə dağıdıb. Aksiyanın dağıdılması zamanı dəyən xəsarət nəticəsində etirazçılardan birinin bir gözü görmə qabiliyyətini itirib, onlarla insan yaralanıb. Buna baxmayaraq Səhiyyə Nazirliyi xəsarət alanların sayını açıqlamayıb. Polis 133 vətəndaşı inzibati, bir nəfəri isə cinayət məsuliyyətinə cəlb edib. Daxili İşlər Nazirliyi bildirir ki, zorakılıq hadisələri ilə bağlı Cinayət Məcəlləsinin 353 prima və 187-ci (polis əməkdaşlarına hücum və özgənin əmlakına ziyan vurma) maddələri ilə istintaq davam etdirilir.
Bənzəri görülməmiş etirazlar nəticəsində “Gürcü Arzusu” rus qanununu rədd edərək martın 10-daki ikinci dinləmədə geri götürmək məcburiyyətində qalıb.