“Gürcü Arzusu”nun liderlərindən olan Mixeil Sarjveladze Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Mühafizə naziri təyin edilib. O, indiyədək parlamentin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yeni naziri bugünkü brifinqdə hökumət başçısı İrakli Kobaxidze təqdim edib.
“Bu bir həftə ərzində həm siyasi komandamızın üzvləri, həm də tibb ictimaiyyətinin nümayəndələri ilə fərdi məsləhətləşmələr apardıq. Məsləhətləşmələrin əsas məsələlərindən biri də yeni nazirin nə dərəcədə tibb dairələrinin nümayəndəsi olması ilə bağlı olub. Bu məsələ ilə bağlı həm siyasi komandada, həm də tibb ictimaiyyətinin nümayəndələri arasında fikir iki yerə bölünürdü. Bir tərəf hesab edirdi ki, yeni nazir mütləq tibb ictimaiyyətinin nümayəndəsi olmalıdır, digər hissəsi isə tam əks fikir bildirirdi.
Məsləhətləşmələr əsasında belə qənaətə gəldim ki, nazir postuna həm tibb ictimaiyyətinin nümayəndələri, həm də digər namizədlər nəzərdən keçirilə bilər. Sonda təcrübəyə əsaslanaraq peşəkarlığına və dürüstlüyünə böyük inam bəslədiyim siyasi komandamızın üzvünə üstünlük verdim. Mixel Sarjveladze səhiyyə naziri təyin edilib”, - Kobaxidze bildirib.
Onun sözlərinə görə, nazirliyin qarşısında ciddi problemlər var, lakin o, əmindir ki, Mixeil Sarjveladze “peşəkarlığı və görkəmli şəxsi keyfiyyətləri ilə ən yaxşı nazir olacaq”.
Mixeil Sarjveladze Zurab Azaraşvilini əvəzləyib. Azaraşvili martın 1-də baş nazirlə görüşdən sonra səhiyyə naziri vəzifəsini tərk edib. İrakli Kobaxidze Zurab Azaraşvilinin vəzifədən uzaqlaşdırılmasına əsas kimi tibb ictimaiyyətində ünsiyyət problemini və narazılığı göstərib. “Mən özüm Respublika Xəstəxanasının timsalında əmin oldum ki, belə problemlər həqiqətən də var”, - deyə baş nazir izah edib.
Mixeil Sarjveladze ixtisasca hüquqşünasdır. 2012-ci ilə qədər “Gürcü Arzusu” hakimiyyətə gələnə qədər vəkil işləyib. 2012-2013-cü illərdə Ədliyyə Nazirliyinin “Milli İcra Bürosu”nun sədri, 2013-2018-ci illərdə isə ədliyyə nazirinin müavini vəzifələrində çalışıb. 2018-2020-ci illərdə ədliyyə nazirinin birinci müavini olub və 2020-ci il parlament seçkiləri nəticəsində “Gürcü Arzusu”nun proporsional siyahısı ilə Gürcüstan parlamentinin deputatı olub. Sarjveladze 2020-ci ilin dekabrından İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinə rəhbərlik edir. O, 2023-cü ilin martında xarici agentlər haqqında "Rus Qanunu"nun qəbulunu dəstəkləyən parlament çoxluğunun üzvlərindən biridir.