Parlament müxalifətinin üzvləri ölkənin keçmiş baş naziri və “Gürcü Arzusu”nun sədri vəzifəsini icra edən İrakli Ğaribaşvilinin əmlakı ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılmasını tələb edirlər.

Bu məsələ ilə bağlı bugün parlamentdə “Vətəndaşlar” və “Vahid Milli Hərəkat” partiyalarının üzvləri, həmçinin müstəqil deputatlar brifinq keçiriblər.

“Biz şəffaflıq, şəffaflıq və yalnız şəffaflıq istəyirik. Xərclər hər yerdə şəffaf olmalıdır - qeyri-hökumət sektoru şəffafdır, “Gürcü Arzusu” özünü nə qədər yalan danışsa da, şəffaf olmayan bir şey varsa, bu hökumət və hökumət üzvlərinin gəlirləridir.

Biz təkcə fərziyyələrə bel bağlamaq istəmirik və Ğaribaşvili və onun ailəsinin mümkün sənədsiz aktivləri ilə bağlı istintaq komissiyasının yaranması təşəbüsünü irəli sürürük. Biz bu prosesə səriştəli şəkildə rəhbərlik etmək, hər şeyi şəffaf etmək və Ğaribaşvili və onun ailə üzvlərinin həqiqətən də rüşvətxor olub-olmadığını öyrənmək istəyirik”, - “Vətəndaşlar”ın lideri Aleksandre Elisaşvili bildirib.

İstintaq komissiyasının yaradılmasının təşəbbüskarı 35 müxalifətçi deputatdır. Teona Akubardianın fikrincə, hakim partiya istintaq komissiyası yaratmaqdan imtina edərsə, “bir daha sübut edəcək ki, şəffaflıq onlar üçün ölkəni Qərbdən uzaqlaşdırmaq üçün sadəcə bir pərdədir”.

Əmlak bəyannaməsinə əsasən, ötən il İrakli Ğaribaşvilinin baş nazir vəzifəsi üçün illik maaşı 45 104 lari olub. Lakin bir il ərzində onun ailəsinin xərcləri 130.000 larini keçib. Bəyannamədə qeyd olunur ki, 2023-cü ildə İrakli Ğaribaşvilinin valideynləri əvvəlki ildə olduğu kimi ona 150 min lari hədiyyə ediblər. Bundan əlavə, atası Tariel Ğaribaşvili baş nazirin Amerika Birləşmiş Ştatlarına təhsil almağa gedən 18 yaşlı Nikolozu Münhenə gətirmək üçün istifadə etdiyi hökumət təyyarəsini icarəyə götürmək üçün 109 500 lari ödəyib. İrakli Ğaribaşvili öz bəyannaməsində Pensilvaniya Universitetinin tələbəsi olan oğlunun təhsilinin və Amerikada yaşamasının neçəyə başa gəldiyini  göstərməyib.

Yanvarın 29-da baş nazir postunu tərk edən İrakli Ğaribaşvili mülkiyyətin qanuniliyi ilə bağlı suala belə cavab verib: “Ola bilər ki, atam pensionerdir, amma atamın rəsmi mülkiyyətində çoxmilyonluq biznesi və mülkü var”.

Konstitusiyanın 42-ci maddəsinə əsasən, müvəqqəti istintaq komissiyası parlament üzvlərinin azı beşdə birinin, 30 deputatın təşəbbüsü ilə yaradılır. Komissiyanın yaradılması haqqında qərar 50 deputatın dəstəyi ilə qəbul edilir. İstintaq komissiyasında müxalifətin təmsilçiliyi komissiya üzvlərinin ümumi sayının yarısından az olmamalıdır. Ötən il parlament müxalifəti məhkəmə sistemində korrupsiyanın araşdırılması üçün müvəqqəti istintaq komissiyası yaratmağa çalışıb və 50 səsi də olub, lakin bu məsələ səsverməyə çıxarılmayıb. “Gürcü Arzusu”nun deputatları hakimlərlə həmrəylik əlaməti olaraq sessiyaya yazılmayıb, səsverməyə başlamaq üçün lazımi kvorumu (76 deputatın iştirakı) yaratmayaraq səsverməni üç dəfə pozublar. “Gürcü Arzusu” eyni metodu müxalifət fırıldaqçı “zəng mərkəzləri” ilə bağlı istintaq komissiyası yaratmaq istəyərkən də tətbiq edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur