Parlamentin müxalif deputatları Amerika Birləşmiş Ştatlarının gürcü hakimlərinə sanksiya tətbiq etməsindən sonra növbədənkənar sesiyanın çağırılmasını və məhkəmə sistemindəki korrupsiyanın araşdırılması üçün müvəqqəti istintaq komissiyasının yaradılmasını tələb edirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Deputatlar bugünkü brifinqdə belə bir komissiyanın artıq parlamentdə qeydiyyatdan keçdiyini və məsələnin səsverməyə çıxarılmasının lazım olduğunu bildiriblər.
“ABŞ Dövlət Departamenti Gürcüstan vətəndaşlarını və Gürcüstanın gələcəyini dəstəkləmək üçün bənzəri görünməmiş bir qərar qəbul etdi. Buna görə də biz Gürcüstan parlamentinin müxalifəti olaraq qeyd olunan məsələ ilə bağlı cavab tələb edirik. Biz yaxın gələcəkdə Gürcüstan parlamentində istintaq komissiyası yaratmaq istəyirik. Bu məqsədlə bazar ertəsi Gürcüstan prezidentinə növbədənkənar sessiyanın çağırılması xahişi ilə müraciət edəcəyik. Sanksiya məsələsinə cavabı gecikdirən istənilən gün Gürcüstana çox böyük zərər verə bilər”, - müstəqil deputat Tamar Kordzaia bildirib.
“Lelo” partiyasının üzvü Salome Samadaşvili qeyd edib ki, araşdırma komissiyasının yaradılması ilk növbədə Amerika Birləşmiş Ştatlarına mesaj olacaq ki, Vaşinqtonun konkret şəxslərə sanksiya tətbiq etməklə ifadə etdiyi son dərəcə narahatçılıq Gürcüstanda diqqətdən kənarda qalmayacaq.
“Bu komissiyanın yaradılması bu çağırış parlamentində həyata keçirilə biləcək ən mühüm siyasi akt ola bilər. Mən müxalifətin bütün nümayəndələrini öz mandatlarından Gürcüstan vətəndaşlarını qorumaq üçün istifadə etməyə çağırıram”, - deyə Samadaşvili bildirib.
Aprelin 5-də ABŞ Dövlət Departamenti üç hazırkı və bir keçmiş hakimə sanksiya tətbiq edib. Xüsusilə, Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya və Valerian Tsertsvadze əhəmiyyətli korrupsiya fəaliyyətlərində iştirak etdiklərinə görə ABŞ-a girişləri qadağan edilib. Sözügedən sanksiya onların yaxın ailə üzvlərinə də təsir edəcək. Dövlət katibi Entoni Blinkenin bəyanatında bildirilir ki, bu şəxslər məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvləri kimi vəzifələrindən sui-istifadə edərək qanunun aliliyinə və Gürcüstanın məhkəmə sisteminə olan ictimai etimadı zədələyiblər.
Dövlət Departamentinin qərarı Gürcüstan hakimiyyəti üçün “tamamilə anlaşılmaz və qəbuledilməzdir”. Xarici işlər naziri İlya Darçiaşvili Entoni Blinkenə göndərdiyi məktubda Dövlət Departamentinin müvafiq sübutlar təqdim edəcəyinə və ya qərara yenidən baxılacağına ümid etdiyini bildirib. İlya Darçiaşvilinin sözlərinə görə, əks təqdirdə Gürcüstan dövləti və Gürcüstan xalqı bunu suveren dövlətin müstəqil məhkəməsinə təzyiq və onun fəaliyyətinə kobud müdaxilə kimi qəbul edəcək və bu, Gürcüstan və ABŞ arasında münasibətlərə xələl gətirəcək.