Gürcüstanın baş naziri İrakli Ğaribaşvili NATO-nun Vilnüs sammitini dəyərləndirərkən deyib ki, alyans Ukraynanın üzvlüyü üçün təsirli addımlar ata bilmir və bu, Gürcüstan üçün də dərsdir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Son günlər, bizim bədbəxt müxalifətimizin televiziyalarında səslənən əhvalatlara təbəssümlə baxırdım. Əvvəlcə elə bir şəkil təqdim etdilər ki, guya NATO sammitində möcüzə baş verib və Ukrayna artıq işğaldan azad edilib, qalib gəlib, möcüzə baş verib və Gürcüstan bütün bunlardan kənarda qalıb. Gəlin əslində nə baş verdiyini soruşaq.
MAP-a [Üzvlük üzrə Fəaliyyət Planı] artıq ehtiyac olmayacağını söyləmənilməsindən bşqa, biz Ukraynanın Rusiyanı məğlub etməyincə NATO-ya üzv ola bilməyəcəyi barədə birbaşa bəyanatlar eşitdik. Bir sualım var, əgər Ukrayna Rusiyanı məğlub etsə, onda NATO-ya üzvlük nəyə lazımdır?
Buradan başlayaq. NATO təhlükəsizliyin təminatçısıdır, istənilən suveren, müstəqil dövlətin təhlükəsizliyinə təminat verə biləcək əsas qurum NATO-dur. Bu gün dünyada başqa, daha yaxşı çətir təşkilat yoxdur. Ona görə də çalışırıq ki, NATO-ya üzv ölkə olaq... Deyildi ki, nə qədər ki, Ukrayna Rusiya ilə müharibə aparır, NATO-ya üzv ola bilməz. Niyə? Dedilər ki, biz üçüncü dünya müharibəsinə yol verə bilmərik, yəni NATO və bütün Qərb, dünya Rusiya ilə birbaşa hərbi qarşıdurmaya girə bilməz.
Belə bir vəziyyətdə bizdən 10 dəfə böyük, 40 milyon əhalisi olan bir ölkədən və Avropanın ən böyük dövlətindən danışarkən, Ukraynaya görə NATO üzvlük istiqamətində təsirli addımlar ata bilmir və biz, Gürcüstan, ilk növbədə özümüz haqqında düşünməliyik. Bu nümunə bizim üçün də dərsdir”, – Ğaribaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti “həddindən artıq gözləntilər yaratmamaq”, mərhələli şəkildə yaxınlaşmaq və lazımi anda Avropa İttifaqı və NATO-ya üzv olmaq üçün “strateji səbir siyasəti” seçib.
“Bu, bizim əsas vəzifəmizdir. Bu gün ölkə işğal altındadır, bizim çoxlu çətinliklərimiz var, biz çox şüürlu şəkildə, ölkəmizin və xalqımızın üzləşdiyi bütün çətinliklərə, təhdidlərə və risklərə qarşı diqqətli şəkildə yanaşırıq. Bu, bizə həvalə edilən, xalqımızın bizə həvalə etdiyi bir məsuliyyətdir. Ona görə də, düzünü desəm, bu gün Ukrayna hökumətinin rolunda olmasını düşmənə arzu etməzdim, çünki onlar çox çətin vəziyyətdədirlər, işğalçı dövlətə qarşı mübarizə apardıqları, müharibədə olduqları üçün çoxlu bəlalar baş verir”, - İrakli Ğaribaşvili bildirib.
Gürcüstanın baş naziri hesab edir ki, Gürcüstan NATO sammitində özünü xarici işlər naziri səviyyəsində ləyaqətli şəkildə təmsil edib.
“Biz xarici işlər nazirini göndərmişik. Ümumiyyətlə, demək istəyirəm ki, Ukraynanın özü, əgər diqqət etmisinizsə, o əsas panelə, sammitə dəvət olunmayıb, şam yeməyinə dəvət olunub. Onu da deyim ki, mənə də müəyyən təklif var idi, şam yeməyi ilə bağlı idi. Sonda ölkəni xarici işlər naziri səviyyəsində təmsil etmək qərarına gəldik. Ölkəmiz bununla heç nə itirməyib. Bu hədsiz hay-küy, həddindən artıq səs-küy tamamilə faydasızdır, heç bir fayda vermir”, - Ğaribaşvili jurnalistlərə deyib.
İyulun 11-12-də keçirilən Vilnüs sammitində NATO-ya üzv dövlətlər qərara gəliblər ki, Ukraynanın alyansa dəvəti müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə mümkün olacaq. Konkret tarixlər qeyd olunmayıb. Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya üzvlük yolunda Üzvlük Fəaliyyət Planının (MAP) verilməsi mərhələsinin ləğv ediləcəyini təsdiqləyib. Sammit nəticəsində NATO-Ukrayna Şurası yaradılıb, burada müttəfiqlər və Ukrayna bərabərhüquqlu iştirakçılar qismində “siyasi dialoqu, əlaqəni, əməkdaşlığı və Ukraynanın NATO-ya üzv olmaq istəklərini təşviq etmək” üçün görüşəcəklər.
“Ən əsası odur ki, biz Ukraynanın NATO-ya nə vaxt və necə üzv olacağı şərtlərini eyni cür anlayırıq. Ukraynanın NATO-da olması, heç kimin NATO üzvlüyünü heç kimlə alver etməyəcəyi, bunun Ukraynadakı təhlükəsizlik vəziyyətinə əsaslanan real siyasi qərar olması birmənalıdır”, - deyə Zelenski bildirib.
Bundan başqa, NATO-nun sammiti çərçivəsində G7-yə üzv ölkələr Ukraynanın da iştirakı ilə birgə bəyannamə qəbul ediblər. Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya, eləcə də Avropa İttifaqı Ukraynanın müdafiəsini gücləndirmək və Rusiyanın gələcək təcavüzünün qarşısını almaq məqsədi daşıyan uzunmüddətli təhlükəsizlik zəmanətlərini razılaşdırıblar. Bura Ukraynaya müasir hərbi texnikanın tədarükü, Ukrayna hərbçilərinin təlimi və kəşfiyyat məlumatlarının mübadiləsi daxildir. Volodimir Zelenskinin sözlərinə görə, Ukrayna ilk dəfə NATO yolunda təhlükəsizlik təməlinə sahibdir.