Parlament “Gürcü Arzusu”nun iki yeni deputatının səlahiyyətlərini tanıyıb

Gürcüstan parlamenti “Gürcü Arzusu”nun iki yeni deputatı, Qiorqi Xaxubia və Salome Jinjolavanın səlahiyyətlərinin tanınması məsələsini dəstəkləyib.

Qiorqi Xaxubia aprelin 29-da keçirilən aralıq seçkiləri nəticəsində Poti, Xobi və Senakın majoritar deputatı seçilib. Bundan əvvəl onun atası 2022-ci ilin oktyabrında vəfat edən İrakli Xaxubia eyni majoritar dairənin deputatı idi.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Qiorqi Xaxubia 27551 (95,30%), onun yeganə rəqibi, “Azad Gürcüstan” partiyasının namizədi Besik Tsuleiskiri isə 1359 səs (4,70%) toplayıb. Qeyd edək ki, parlamentdə keçirilən aralıq seçkilərə 105 314 seçici qeydə alınıb ki, onlardan seçkilərdə  yalnız 29 591-i iştirak edib.

“Gürcü Arzusu”nun proporsional siyahısına daxil olan Salome Jinjolava Ali Qanunverici orqanda Maya Menağarişvilini əvəzləyib. Mayın əvvəlində Menağarişvili təhsil nazirinin dövlət dilinin tədqiqi, inkişafı və populyarlaşdırılması istiqamətində müşaviri təyin edilib. İndiyədək Salome Jinjolava parlamentdə işləyirdi.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur