“Avropa üçün birlik platforması” – Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə görə, onun siyasi partiyalara və vətəndaş cəmiyyətinə formalaşdırmağı təklif etdiyi yeni platforma belə adlanır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Ölkənin birliyə ehtiyacı var. Artıq cəmiyyət dəfələrlə təkrarlanan partiyaların birləşmə sxemlərinə inanmır və görmək də istəmir. Həm də tam qələbə ilə bağlı iddialara inanmır. Bu, real məqsəd və canlı qüvvələrin toplanması və bir məqsəd ətrafında enerji səfərbər edilməsini tələb edir. Bizim məqsədimiz var - Avropa gələcəyi, bunun üçün əsas prioritetləri razılaşdırmalıyıq. Buna ortaq platforma yaratmaqla nail olmaq olar. Biz gələcəyin xartiyasını - “Avropa üçün birlik platforması” yaratmağı təklif edirik”, - Salome Zurabişvili bu gün, fevralın 6-da parlamentə illik məruzəsini təqdim edərkən bildirib.
Prezidentin sözlərinə görə, o, Avropa prioritetləri üzrə bütün konkret təklifləri birləşdirəcək, dialoq və konsensus vasitəsilə birgə sənədin formalaşmasına töhfə verəcək koordinasiya mərkəzi yaratmağa hazırdır.
“Bu məqsədlə yaxın günlərdə siyasi spektrin nümayəndələrini və vətəndaş cəmiyyətinin maraqlı şəxslərini dəvət etmək niyyətindəyəm. Bu yanaşma inklüziv olmalıdır və mən hər kəslə görüşməyə və onları dinləməyə hazıram. Qələbə üçün başqa formul yoxdur, çünki keçmişdən gələn ziddiyyətlər və qarşıdurmalar yalnız şübhə və ümidsizliyi qızışdıracaq ki, bu da ilk növbədə ölkəni zəiflədir.
Qələbə formulu hansısa tərəfin və ya partiyanın qələbəsi deyil, birliyin, avropalılığın və ölkənin qələbəsi deməkdir”, - deyən Salome Zurabişvili əlavə edib ki, dekabrın 15-də Gürcüstan Aİ-yə üzvlüyə namizəd ölkə statusunu aldıqda, bütün ölkə qalib gəlib.
Müxalifət artıq prezidentin təşəbbüsünə cavab verib. “Vahid Milli Hərəkat” partiyasından olan parlament üzvü Tina Bokuçavanın sözlərinə görə, onun partiyası üçün “Avropa, müvafiq olaraq, ölkənin milli maraqları” hər şeydən önəmlidir və onlar hesab edirlər ki, “vahid səy göstərmək dəyişiklik gətirməli olan seçkilər öncəsi çox vacibdir”.
“Lelo” partiyası Avropaya inteqrasiyanı sürətləndirmək üçün platformanın yaradılmasını alqışlayıb. Davit Usupaşvilinin sözlərinə görə, onlar bu platforma çərçivəsində öz planlarını təqdim etməyə və başqalarını dinləməyə hazırdırlar.
“Biz bu məsələni birliyə çatdırmaq üçün əlimizdən gələni edəcəyik, lakin, mən şübhə ilə yanaşıram, çünki bizim müxalifət liderlərinin qeyri-məhdud ambisiyaları var”, - “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili deyib.
Hakim partiyaya gəlincə, “Gürcü Arzusu” prezidentin təklifində maraqlı deyil. Baş nazirliyə namizəd İrakli Kobaxidzenin sözlərinə görə, Salome Zurabişvili “psevdo orta mövqeli siyasi qüvvə yaratmaq niyyətindədir və bunun üçün sentyabrda istefa verəcək və seçkilərdə iştirak edəcək”.
2023-cü ilin dekabrında Avropa Şurası ölkə hökumətinin 9 istiqamətdə addımlar atacağı qeyd-şərtilə Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusu verib. Siyasi qütbləşməyə qarşı mübarizə, məhkəmə islahatları, deoliqarxizasiya, xüsusilə 2024-cü ildə azad, ədalətli və rəqabətli seçki prosesinin təmin edilməsi 9 prioritet arasındadır. Aİ-nin Gürcüstandakı səfiri Gürcüstanın siyasi liderlərini islahatlara ciddi yanaşmağa çağırıb. Pavel Herçinskinin fikrincə, Qərbi Balkan ölkələrinin təcrübəsindən demək olar ki, islahatlara ciddi yanaşan ölkələr kosmetik dəyişikliklər edənlərdən daha tez Avropaya inteqrasiya yolunda uğur qazanırlar.