“Qavrilov gecəsini xatırlayaq” – Tbilisi və Batumidə etiraz aksiyaları planlaşdırılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Bu gün, iyunun 20-də Tbilisidə, parlamentin qarşısında, Batumidə isə Avropa meydanında “Qavrilov gecəsini xatırlayaq” şüarı ilə aksiyalar keçiriləcək. Təşkilatçı “Dafioni” gənclər hərəkatıdır.

Hərəkat liderlərindən biri Zviad Tsetsxadzenin sözlərinə görə, parlament binası qarşısındakı aksiyada “Qavrilov gecəsi”nin qurbanları çıxış edəcək, bundan sonra yürüş baş tutacaq. Aksiya saat 19:00-a elan olunub.

5 il əvvəl, 2019-cu il iyunun 20-də Tbilisidə Beynəlxalq Pravoslav Assambleyasının sessiyası keçirilib, onun çərçivəsində Rusiya Dumasının deputatı və assambleyanın prezidenti Sergey Qavrilov Gürcüstana gəlib. O, Gürcüstan parlamentinin sədri kürsüsünə əyləşərək assambleyanın nümayəndələri qarşısında rus dilində çıxış edib.

Bu fakt böyük ictimai etiraza və minlərlə insanın toplaşdığı aksiyaya səbəb olub ki, buna görə Qavrilov və Rusiya nümayəndə heyətinin digər üzvləri Gürcüstanı tərk etməli olublar.

Qanunvericilik orqanının qarşısına toplaşan nümayişçilər parlamentin o vaxtkı sədri İrakli Kobaxidzenin, daxili işlər naziri Qiorqi Qaxarianın, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelaurinin istefasını və 2020-ci il parlament seçkilərinin proporsional sistemlə keçirilməsini tələb ediblər.

Daha sonra müxalifət liderləri aksiya iştirakçılarını parlament binasına daxil olaraq onu tutmağa çağırıblar və bunun ardınca aksiya dağıdılıb. Daxili İşlər Nazirliyi kütləni dağıtmaq üçün su şırnaqlarından, külli miqdarda gözyaşardıcı qazdan və müxtəlif formalı rezin güllələrdən istifadə edib. Video dəlillər yayılıb, oradan aksiya iştirakçılarına atəş açıldığını görmək olar. Rəsmi məlumata görə, 240 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 80-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Xəsarətlər səbəbindən 18 yaşlı Mako Qomuri və 31 yaşlı Qiorqi Sulaşvili gözlərini itirib, 30-dan çox jurnalist yaralanıb.

Aksiya dağıdılarkən yaralanan jurnalistlərdən biri 

İyunun 20-dən 21-nə keçən gecə Daxili İşlər Nazirliyi tərəfindən ictimai asayişi pozub, hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmadıqları üçün ümumilikdə 342 nəfər saxlanılıb.

Etirazlara görə ölkənin hazırkı baş naziri İrakli Kobaxidze parlamentin sədri vəzifəsindən istefa verib, Assambleyanın Gürcüstanda keçirilməsinin təşəbbüskarı, “Gürcü Arzusu”nun deputatı Zakariya Kutsnaşvili isə mandatından imtina edib. O zamankı daxili işlər naziri Qiorqi Qaxariyaya gəlincə, o, üç ay sonra baş nazir olub və 2021-ci ilin fevralında istefa verənə qədər bu vəzifəni icra edib.

2024-cü ilin mayında Avropa İnsan Haqları Məhkəməsi 20 iyun aksiyası ilə bağlı Avropa Konvensiyasının təmin etdiyi hüququn prosessual pozuntusunu müəyyən edib və Gürcüstana zərərçəkən vətəndaşlar üçün ümumilikdə 153 min 600 avro mənəvi təzminat ödəməyi tapşırıb. Məhkəmənin qərarına əsasən, Konvensiyanın 3-cü maddəsi pozulub ki, bu da dövlətin işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalandırma iddialarını araşdırmaq öhdəliyini nəzərdə tutur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur