Keçmiş baş nazir Qiorqi Qaxariyanın “Gürcüstan Naminə” partiyası prezidentin təklif etdiyi “Gürcü Xartiyası”na imza atmayacaq. Partiya xartiyada nəzərdə tutulan islahatların bir hissəsini dəstəkləyir, lakin növbədənkənar seçkilərin keçirilməsi və müvəqqəti hökumətin formalaşdırılması ideyasını bölüşmür.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İndiyədək xartiyaya qoşulmaqdan imtina edən yeganə müxalifət partiyası “Qirçi” idi.
“Prezidentlə məsləhətləşdikdən sonra ictimaiyyətin nəzərinə çatdırırıq ki, “Qaxariya Gürcüstan Naminə” partiyası prezidentin təşəbbüsü ilə irəli sürülən “Gürcü Xartiyası”nda nəzərdə tutulmuş islahatların bir hissəsinə tam qoşulur və bu islahatların həyata keçirilməsinə dəstək vermək üçün öz üzərinə siyasi öhdəlik götürür.
Xartiyada nəzərdə tutulmuş növbədənkənar seçkilərin keçirilməsi və müvafiq olaraq müvəqqəti hökumətin formalaşdırılması məsələsinə gəlincə, hesab edirik ki, bu məsələnin müzakirəsi siyasi və hüquqi dalana dirənir. Növbədənkənar seçkilərdən danışmaq 26 oktyabr seçkilərinin həlledici seçki kimi əhəmiyyətinə xələl gətirir. Komandamız bu məsələyə və təklif olunan formada hökumətin formalaşdırılmasına görə məsuliyyət daşıya bilməz, ona görə də təqdim olunan sənədi imzalaya bilməz.
Biz birliyin dəyərini başa düşürük, lakin belə birlik ümumi məqsəd üzərində qurulmalıdır. Bu gün bizim hamımız üçün belə bir məqsəd ilk növbədə seçkilərin azad, ədalətli və rəqabətli mühitdə keçirilməsidir. Ona görə də biz Gürcüstan vətəndaşlarının seçimlərini qorumaq üçün birləşməyi ilkin vəzifə hesab edirik.
Seçkilərin qorunmasında və bu məqsəd ətrafında birləşməkdə yeganə müstəqil konstitusiya institutu kimi prezidentin rolu mühümdür. Prezidentin rolu təkcə siyasi qüvvələri deyil, həm də cəmiyyəti, gəncləri, beynəlxalq tərəfdaşlarımızı seçkilərin qorunması məqsədi ətrafında birləşdirmək olmalıdır. Prezidentin ətrafında birlik yaradılmalıdır ki, bu da cəmiyyətin milli etiraz enerjisini seçki məntəqələrində Gürcüstan vətəndaşlarının səslərini qorumaq üçün konkret fəaliyyət planına çevirəcək”, - bu gün keçirilən brifinqdə parlament üzvü Beka Liluaşvili bildirib.
Müxalifət partiyalarının liderləri bu gün, iyunun 3-də Atoneli sarayında “Gürcü Xartiyası”nı imzalayırlar. Artıq ona Zurab Caparidze (“Qirçi - Daha Çox Azadlıq”), Elene Xoştaria (“Droa”), Qia Qaçeçiladze (“Yaşıl Hərəkat”) və Eka Beselia (“Ədalət Uğrunda”) qoşulub.
Gürcüstanın xarici siyasətindəki dəyişiklik və ölkədəki vəziyyətlə əlaqədar Gürcüstan prezidenti mayın 26-da, Müstəqillik Günündə vahid fəaliyyət planını təqdim edib. Sənəd oktyabrda keçiriləcək parlament seçkilərindən sonra müvəqqəti hökumətin formalaşdırılmasını, islahatların həyata keçirilməsini və bundan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsini nəzərdə tutur. Salome Zurabişvilinin sözlərinə görə, “Gürcü Xartiyası”nda qeyd olunan addımlar təkcə Gürcüstanın Avropaya inteqrasiyası üçün deyil, həm də demokratik və ədalətli dövlətin qurulması üçün lazımdır.