Qütbləşmə və vətəndaş sektoruna hücumlar - “NDI”ın seçkiqabağı hesabatı

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Milli Demokratiya İnstitutunun (NDI) beynəlxalq monitorinq heyəti 2024-cü il parlament seçkiləri öncəsi mühüm çətinliklər kimi qütbləşmə, vətəndaş cəmiyyətinə, o cümlədən monitorinq təşkilatlarına qarşı şifahi hücumlar, inzibati resurslardan istifadə ilə bağlı şübhələr və yeni seçki texnologiyalarının tətbiqi ilə bağlı sualları hallandırıb. Nümayəndə heyətinin fikrincə, bu çətinlikləri gözardı etmək seçki proseslərinin etibarlılığına təhlükə yarada bilər.

“Əvvəlki seçkilər kimi, hökumətin seçkilərdə üstünlük əldə etmək üçün inzibati resurslardan istifadə edə biləcəyi ilə bağlı fikirlər yayılıb. Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavininin təqdim etdiyi sənədlərə əsasən 2022-ci ildə vətəndaş cəmiyyəti təşkilatları seçkilərin saxtalaşdırılması ittihamı ilə Gürcüstan Prokurorluğuna materiallar təqdim ediblər. Sözügedən ittihamlarla bağlı hökumətin açıq ünsiyyətinin aşağı səviyyədə olması əhali, siyasi partiyalar və digər aidiyyəti tərəflər arasında hökumətin inzibati resurslardan seçkidə siyasi məqsədləri üçün istifadə edib-etməməsi ilə bağlı suallar doğurur”, - deyə seçkiqabağı hesabatda oxuyuruq. 

“NDI” tövsiyə edir ki,  Gürcüstan Prokurorluğu seçkiqabağı dövrdə seçicilərin rüşvətə cəlb olunması və hədə-qorxuya məruz qalması barədə şikayətlərinə vaxtında reaksiya versin və hökumət bütün dövlət məmurlarına və ictimaiyyətə açıq mesaj göndərsin ki, o, inzibati resursların istifadəsinə qarşı dözümlülük göstərməyəcək və qanunu pozanlar məsuliyyətə cəlb ediləcək.

Monitorinq nümayəndə heyəti “Gürcü Arzusu”nun seçki məcəlləsinə etdiyi dəyişiklikləri də qiymətləndirir. Hesabatda bildirilir ki, sonuncu dəyişikliklər, o cümlədən nümayəndə heyəti Gürcüstanda olarkən 20 fevral 2024-cü il tarixində üçüncü oxunuşda qəbul edilənlər də daxil olmaqla, ATƏT/DTİHB və Venesiya Komissiyasının tövsiyələri ilə ziddiyyət təşkil edir və bu dəyişikliklər MSK-ya olan inamı daha da azalda bilər.

“Seçki Məcəlləsinə edilən dəyişikliklə MSK üzvlərinin namizədliyini irəli sürmək səlahiyyəti prezidentdən parlament sədrinə keçib və seçilmə üçün tələb olunan səslərin sayı da bir neçə dəfə dəyişdirilib. Son illərdə edilən dəyişikliklər lazımi kvorumu parlamentin tam üzvlərinin üçdə ikisindən sadə səs çoxluğuna endirib və nəhayət, 2024-cü ilin fevral ayınının vəziyyətinə görə sədr və peşəkar üzvlərin 5 il müddətinə seçilməsi üçün parlamentin tam tərkibinin beşdə üçünün dəstəyini lazımdır.

Ən diqqət yetirilməli məqam isə odur ki, MSK-ya müxalifət partiyaları tərəfindən təyin olunanan üzvün tutduğu MSK sədrinin müavini vəzifəsi ləğv edilib. Bütün bunlar parlament seçkiləri üçün müəyyən edilmiş yüksək bariyer ilə birlikdə qərarların qəbulu prosesində siyasi konsensusun əldə edilməsi imkanlarını və MSK-nın qərəzsizliyinə ictimai etimadın artması imkanını azaldır”, - deyə hesabatda bildirilir.

“NDI”ın monitorinq heyəti qeyd edir ki, konkret şəxslərə yönəlmiş siyasət və artan qütbləşmə nəticəsində siyasi qərarlar qəbul edən şəxslər Gürcüstan əhalisini narahat edən məsələlərə az diqqət yetirirlər. Üstəlik, siyasi partiyaların proqramlarında əhali üçün vacib məsələlərdaha az təqdim olunur.

Müşahidəçilər tənqidi səsləri boğmaq, vətəndaş cəmiyyəti təşkilatlarını və liderləri gözdən salmaq səylərini vurğulayırlar. Bununla belə, nümayəndə heyəti xarici agentlər haqqında qanun layihəsi ilə bağlı “siyasi aktorların ağlabatan qərarını” alqışlayır.

“Demokratik seçki mühitinin təmin edilməsi yalnız yerli vətəndaş təşkilatlarının rahat fəaliyyəti şəraitində mümkündür. Siyasətçilərin BMT tərəfindən insan haqları müdafiəçisi kimi tanınan monitorinq təşkilatlarının ictimai şəkildə tənqidi hökumətin bəyan etdiyi açıq seçki mühiti yaratmaq məqsədini şübhə altına alır”, - hesabatda deyilir.

Etnik azlıqlar, o cümlədən etnik erməni və etnik azərbaycanlı icmalar siyasi proseslərdən kənarda qalır. “NDI” qeyd edir ki, dil baryeri etnik azlıqların seçkiqabağı dövrdə tam şəkildə cəlb olunması və iştirakı baxımından mühüm problemdir - “çoxdilli xəbər buraxılışlarının əlçatan olmaması səbəbindən etnik azlıqlar Rusiya, Ermənistan və/və ya Azərbaycan mediasına müraciət edirlər ki, bu da, məlumat azlığına səbəb olur və onların dezinformasiyaya qarşı həssaslığını artırır.

İnformasiya mühiti ilə bağlı “NDI” nümayəndə heyəti bildirir ki, Gürcüstanda media plüralistdir, lakin siyasi baxımdan çox qərəzlidir və bu, mühüm məsələlərin balanssız işıqlandırılmasında özünü göstərir. “Həm iqtidarın siyasi komandasından, həm də müxalifət partiyalarından olan namizədlərin müxtəlif yayımçıların proqramlarında iştirak etmələri olduqca vacibdir ki, seçicilər debatları dinləmək və müxtəlif məsələlərdə namizədlərin mövqeləri ilə tanış olmaq imkanı əldə etsinlər”, - hesabatda deyilir.

“NDI”nin qiymətləndirməsinə görə, gənclər mövcud siyasi spektrdə onlar üçün məqbul alternativ görmədikləri üçün onların seçkilərdə iştirakı azala bilər.

Müsbət meyyarlar kimi əhali tərəfindən demokratiya, insan haqları və qanunun aliliyinə sarsılmaz dəstək; cəmiyyətin polisə müsbət münasibəti; əhalinin qavrayışına əsasən xırda korrupsiyanın səviyyəsinin aşağı düşməsi; şəffaflığın artırılması üçün hökumət fərmanlarının ictimailəşdirilməsi təcrübəsinin yenilənməsi; seçki günü proseslərinin təkmilləşdirilməsi üçün yeniliklər qeyd olunur.

Müşahidə heyəti qeyd edir ki, parlament seçkilərinə azad seçki mühitinin yaradılması və 2024-cü il seçkilərinin Gürcüstanın demokratiya yolunda irəliyə doğru atdığı addım kimi qiymətləndirilməsi üçün kifayət qədər vaxt qalıb.

Fevralın 19-25-də Milli Demokratiya İnstitutunun beynəlxalq müşahidəçi heyəti hökumət, siyasi partiyalar, vətəndaş sektoru, media və diplomatik korpus nümayəndələri ilə görüşüb.

“NDI” parlament seçkilərini müşahidə etmək üçün Gürcüstana uzunmüddətli missiya göndərəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur