Roin Şavadzenin qətlində şübhəli bilinən iki şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Andlı iclasçılar çavuş Roin Şavadzenin qətlində ittiham olunan Ali Baladze və Mamuka Beridze barəsində təqsirli hökmü çıxarılıb. Acara Konstitusiya Təhlükəsizliyi Departamentinin keçmiş rəis müavini Ali Baladze Roin Şavadzenin qanunsuz həbsinin və qətlinin təşkilində, xüsusi təyinatlıların keçmiş zabiti Mamuka Beridze isə qanunsuz həbsdə və qrup şəklində qətldə təqsirli bilinib. Hər iki şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.

Tbilisi Şəhər Məhkəməsində qərarın elan edilməsindən sonra məhkumların ailə üzvlərinin etirazları və səs-küy yaranıb, buna görə onlar məhkəmə zalından qovulublar. Ali Baladze və Mamuka Beridzenin həyat yoldaşları iddia edirlər ki, hakimiyyət əsl cinayətkarları qoruyur, çünki onlar hələ də yüksək vəzifələrdə çalışırlar.

Çavuş Roin Şavadze avqustun 16-da, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən bir neçə gün sonra qətlə yetirilib. İttiham tərəfinin versiyasına görə, Milli Qvardiyanın Xüsusi Əməliyyat Dəstəsinin əməkdaşları əsas bölmə rəisinin rəhbərliyi altında Şavadzeni əvvəlcə Batumidə həbs edərək şiddətli şəkildə döyüblər, sonra isə Kobuleti və Quria sərhəddinə aparıblar və onu Kalaşnikov avtomat silahından çoxsaylı atəş açaraq öldürüblər.

Roin Şavadze

Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, Roin Şavadzenin bədənində 40-a yaxın güllə yarası olub. Bundan başqa, mərhumun ölümündən əvvəl zorakılıq nəticəsində ona vurulmuş fiziki xəsarətlər, o cümlədən sol baldır sümüyünün, sol bud sümüyünün və qabırğanın sınığı olub. Roin Şavadzenin bədənində yanıq yaralarının izləri də olub və yəqin ki, yandırılmış siqaretin basılması nəticəsində yaranıb. Prokurorluğun məlumatına görə, Roin Şavadzenin qanunsuz həbsi və qətlə yetirilməsi faktını ört-basdır etmək üçün Cinayət Axtarış İdarəsinin əməkdaşları işi saxtalaşdırıblar.

2020-ci ilin noyabrında Avropa İnsan Haqları Məhkəməsi “Şavadze Gürcüstana qarşı” işində Gürcüstan dövləti tərəfindən yaşamaq hüququnun pozulmasını müəyyən edib. Məhkəmənin qiymətləndirməsinə görə, hazırkı hökumətin Şavadzenin ölümünün həbs zamanı onun qaçmasının qarşısını almaq üçün zəruri olan güc tətbiqi nəticəsində baş verdiyini iddia etməsi işdəki sübutlarla uyğun gəlmir. Strasburq Məhkəməsi Gürcüstana effektiv araşdırma aparmağı tapşırıb. Qərarın icrasına və araşdırmanın gedişatınə Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edirdi.

Cinayətdən 15 il sonra ümumilikdə 12 şəxs barəsində cinayət təqibi başlanıb. 2023-cü ilin iyulunda Roin Şavadzenin qanunsuz həbsi, qəsdən adam öldürmə və vəzifə səlahiyyətlərini aşmaq ittihamı ilə  8 nəfər həbs edilib, Acara Polis İdarəsinin hazırkı rəisi Teymuraz Pataridze və xüsusi təyinatlılardan Qiorqi Arabuli barəsində axtarış elan edilib. 2024-cü ilin fevralında Prokurorluq daha iki nəfəri həbs edib. Onların barəsində həbs-qətimkan tədbiri seçilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur