“Gürcü Arzusu” “xarici agentlər” haqqında rus qanununun son variantında fiziki şəxslərə Ədliyyə Nazirliyi tərəfindən tələb olunan məlumatı təqdim etmək öhdəliyi qoyan dəyişiklik edib. Nazirlik həmçinin şəxsin siyasi baxışları, dini və ya fəlsəfi əqidəsi, sağlamlıq vəziyyəti və cinsi həyatı ilə bağlı məlumatları da tələb edə biləcək. Tələb olunan məlumatların təqdim edilməməsi halında 5000 lari məbləğində cərimə nəzərdə tutulur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün məlum olan dəyişiklik qanunun son variantında, 8-ci maddənin 3-cü hissəsində öz əksini tapıb. Sözügedən maddə “xarici dövlətin maraqlarını daşıyan təşkilatı aşkar etmək üçün” monitorinqlərin aparılması və “lazımi” məlumatların əldə edilməsini nəzərdə tutur:
“Monitorinq aparmaq üçün Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləndirilmiş şəxs qanuna uyğun olaraq lazımi məlumatları, o cümlədən “Fərdi Məlumatların Mühafizəsi Haqqında” Gürcüstan Qanununun 3-cü maddəsinin “b” yarımbəndində nəzərdə tutulmuş məlumatları, digər şəxsi məlumatlar və sirləri (Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş dövlət sirri olan məlumatlar istisna olmaqla) ehtiva edən məlumatları axtarmaq hüququna malikdir. Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləndirilmiş şəxs tərəfindən bütün şəxslər, orqanlar, təşkilatlar, qurumlardan təqdim olunması tələb edilən, onların əllərində olan həmin məlumatları, dərhal ona təqdim etməyə borcludurlar”.
“Fərdi Məlumatların Mühafizəsi Haqqında” Qanunun 3-cü maddəsinin “b” yarımbəndində məlumatların xüsusi kateqoriyası nəzərdə tutulur – “şəxsin irqi və ya etnik mənsubiyyəti, siyasi baxışları, dini və ya fəlsəfi əqidəsi, həmkarlar ittifaqına üzvlüyü, sağlamlıq vəziyyəti, cinsi həyatı, məhkumluğu, inzibati həbs, şəxs barəsində qabaqlayıcı tədbirlərin tətbiqi, şəxslə proeseual razılaşmanın bağlanılması, yayındırma (განრიდება), cinayət qurbanı və ya zərərçəkən kimi tanınması, habelə fiziki şəxsin yuxarıda qeyd olunan əlamətlərlə şəxsiyyətinin müəyyənləşdirilməsinə imkan verən biometrik və genetik məlumatlar.
“Aydındır ki, rus qanunu sadə insanlara bundan əvvəl də şamil edilirdi. Avrointeqrasiyanı bir kənara qoysaq, biz bu ölkədə yaşayırıq və beynəlxalq yardımla əldə edilən xeyirlərdən hamımız faydalanacağıq. Lakin indiyə qədər qanunun sadə vətəndaşa təsiri dolayı yolla və zamanda yubana bilən idisə, indi birbaşa və əminliklə demək olar ki, bəli, bu qanun hamıya təsir edəcək.
İndi, artıq açıq və aydın yazılıb ki, limitsiz və qeyri-məhdud cərimələr mexanizmi, limitsiz və qeyri-məhdud məlumat və sirləri təqdim etmək öhdəliyi həm də fiziki şəxslərə şamil edilir”, – “Vətəndaş Cəmiyyəti Fondu”nun hüquqşünası Saba Braçveli deyir.
Parlament sədri Şalva Papuaşvili bildirir ki, bu məsələ mayın 1-də plenar iclasda qanunun ikinci oxunuşu zamanı qaldırılıb. Əslində, 8-ci bəndin müzakirəsi və sual-cavab məruzəçi Anri Oxanaşvili dəyişikliklə bağlı heç nə demədən başa çatıb.
“Bax, görürsünüz, qanunu, layihəni oxumaları və oxunuş sesiyalarını dinləmələri və iştirak etmələri nə üçün yaxşı imiş. Bax budur. Müxalifət, medianın bir hissəsi və “engeo”lar masaya çırpılaraq müzakirəni boğmağa çalışırdılar, dinləsə idilər bu layihənin necə müzakirə olunduğunu görərdilər. Bu məsələ ikinci oxunuşda müzakirə olunub, plenar iclasda müzakirə zamanı bu məsələ qaldırılıb”, - Papuaşvili bu gün jurnalistlərə bildirib.
“Bu onu nəzərdə tutur ki, məlumat əldə etmək zərurəti yarandıqda, bu və ya digər təşkilatla bağlı araşdırma aparılarkən şəxslərin həm hüquqi, həm də fiziki şəxslərə məlumat vermək öhdəliyi var. Bu, məlumat vermək öhdəliyidir.
Qeydiyyat fiziki şəxslərə şamil edilmir. Görürsünüzmü, insanın oxumağa-yazmağa tənbəllik edib, səs-küy və qışqırmağa üstünlük verməsi nə boyda problemdir. Bu məsələ ikinci oxunuşda da müzakirə olunub. Əgər iki həftə əvvəlin xəbərini indi kəşf etmisinizsə, bu, özü başqa hekayədir”.
Papuaşvilidən məlumatın verilməsi öhdəliyinin nə üçün fiziki şəxslərə də şamil edildiyini soruşulduqda o, belə cavab verib: “Çünki, bəzən ayrı-ayrı təşkilatlarla bağlı məlumatın əldə edilməsi zəruri olur və hər kəs, istər təşkilatlar, istərsə də fiziki şəxslər onu təqdim etməyə borcludur. Bəs necə?”
Papuaşvili deyir ki, bu dəyişiklik qanunların sərtləşdirilməsi demək deyil. “Qanunun mahiyyəti, onun tənzimlənməsinin əhatə dairəsi 20%-dən çox xaricdən maliyyələşən təşkilatlardır. Bunda heç nə dəyişmir”, - Papuaşvili bildirib.
“Gürcü Arzusu” rus qanununu mayın 14-də keçirilən plenar iclasda üçüncü, yekun oxunuşda qəbul edib. Ondan bir gün əvvəl qanun üçüncü oxunuşda baxılması üçün Hüquq Məsələləri Komitəsinə çıxarılıb. Komitənin sədri Anri Oxanaşvili müzakirəni 67 saniyəyə yekunlaşdırıb ki, polisin mane olduğu müxalifət deputatları iclasa daxil olmağa vaxt tapmayıb.
Əgər qüvvəyə minərsə, rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edəcək.
Prezident parlamentin təsdiq etdiyi qanuna veto qoymaq niyyətindədir. Bununla belə, “Gürcü Arzusu” Salome Zurabişvilinin əsaslandırılmış qeydlərinə məhəl qoymayaraq, vetonu aşa bilər.