Şəffaflıq adı altında seçkilər öncəsi rəqibləri asan şəkildə təqib etmək mümkündür - Armaz Axvlediani

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Təəsüf edirəm, amma bilirəm ki, bu layihənin və bu prosesin yegənə sonu var. Bu, yaxın gələcəkdə Gürcüstanda böyük təlatüm yaradacaq. Maraqlıdır, siz niyə ölkəni belə silkələməyə çalışırsınız? Niyə? Nə üçün? Məqsəd nədir? Qalan hər şeyi siyasi məqsədə belə tabe etmək olarmı? İndi, seçkilərə 5-6 ay qalmış bu qədər siyasi və ictimai təlatüm yaratmağınız hansı siyasi məqsədəuyğunluğu var?”, - deyə parlamentin müxalifətçi deputatı Armaz Axvlediani “Gürcü Arzusu”nun üzvlərinə Hüquq Məsələləri üzrə Komitənin iclasında rus qanununun müzakirəsi zamanı sual verib.

“Qanunun layihəsi əlimdədir, onu bir neçə dəfə diqqətlə oxumuşam və demək istəyirəm ki, hansı maddəyə baxsanız, hamısında eyni qəribəliyi tapa bilərsiniz: şəffaflıq məqsədinin və ideyasının örtüyü altında böyük problem var. Məsələ burasındadır ki, istənilən iqtidarın - bugün sizin hökümətinizin, başqa vaxtlarda digərinin belə bir pis niyyəti olduqda, fərqli, tənqidi, qəbuledilməz fikirlərə malik insanları və təşkilatları bu qanunun tənzimləməsi altına salıb siyasi qisas almaq hüququ var. 8-ci maddəyə nəzər salsaq, burada Ədliyyə Nazirliyinə müstəsna nəzarət hüququ və digər hüquqlar verildiyi göstərilir.

Məsələ burasındadır ki, hər hansı inkişaf etmiş, ədalətli, uğurlu ölkədə belə bir qanun olsa, bu qədər suallar verilməzdi və hesab edirəm ki, heç bir sual verilməzdi, çünki hər hansı bir vətəndaş, hüquqi və fiziki şəxs demokratik, ədalətli ölkədə məhkəməyə müraciət etmək və orada hüquqlarını qorumaq hüququna malikdir. Bu konstitusion hüquq bizdə qorunmur. Ona görə də həm cəmiyyətimizdə, həm də tərəfdaşlarımızda bu layihəyə qarşı böyük etibarsızlıq var. Onlar hesab edirlər ki, Gürcüstan bu gün özünün siyasi və hüquqi komponentləri ilə buna hazır deyil.

İkincisi - şəffaflıq adı altında, seçkilər öncəsi, təbii ki, rəqibləri asan şəkildə təqib etmək mümkündür. Gürcüstanda belə təcrübəmiz var. Siz nəinki bəyənmədiyiniz hər hansı bir təşkilatı cərimələmələyə biləcəksiniz, hətta onu tamamilə fəaliyyətini dayandıracaq həddə çatdıra biləcəksiniz.

Vətəndaşlarımızın böyük əksəriyyətinin və Qərb tərəfdaşlarımız narahatlığı tamamilə haqlıdır. Siz yetərincə siyasi iradə nümayiş etdirməyincə və ilk növbədə - burada bir həmkarımızın dediyi kimi - hüquqi islahatlara başlamayana qədər bu sualların cavabı qənaətbəxş olmayacaq. Yalnız bundan sonra belə qanun layihələri haqqında düşünmək olar. Yoxsa biz sizə güvənə bilmərik, nə mən, nə də keçən il, martda toplaşan, bu il yenidən toplanacaq minlərlə insan”, - deyə deputat bildirib.

Armaz Axvlediani əmindir ki, “Gürcü Arzusu” qanunu geri götürməli olacaq.

Parlamentin Hüquq məsələləri komitəsinin iclasında etiraz aksiyası fonunda “agentlər haqqında” rus qanunu müzakirə olunur. Parlament sədri Şalva Papuaşvilinin qərarına əsasən, onlayn media orqanlarının akkreditə olunmuş jurnalistlərinin qanunverici orqana daxil olması qadağan edilib. Komitənin sədri Anri Oxanaşvili müxalif deputatların bəzilərini iclasdan qovub.

"Gürcü Arzusu” bir il əvvəl genişmiqyaslı ictimai etirazlar nəticəsində ləğv etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürədüyü barədə söz verdikdən sonra, onu təkrardan  geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Rus qanunu Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Böyük Britaniya, NATO, Birləşmiş Millətlər Təşkilatı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən tənqid edilib. Onlar hesab edirlər ki, belə bir qanun Gürcüstanı Avropa yolundan döndərəcək, müstəqil qeyri-hökumət və media qurumlarının işinə mənfi təsir göstərəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur