Demokrat senator Cin Şahin və respublikaçı konqresmen Mayk Terner ABŞ-a qayıtdıqdan sonra bəyanat yayıblar. Orada deyilir ki, Tbilisidə keçirdikləri görüşlər zamanı onlar “Xarici Agentlər Qanunu və anti-Qərb ritorikası ilə müşaiyət olunan” demokratiyanın geriləməsi ilə bağlı narahatlıqlarını bir daha təkrarlayıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“16 il əvvəl Gürcüstana hücum edən Rusiya kimi avtoritar ölkələrin artan aqresiyası fonunda ABŞ-ın gürcü xalqının öz gələcəyini təyin edə biləcək ölkəyə sahib olmaq hüququna güclü dəstəyini bir daha təsdiqləmək vacibdir.
Hökumət nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatları ilə görüşlərdə biz gürcü xalqının Avrointeqrasiya istəklərini dəstəkləmək öhdəliyimizi bir daha təsdiqlədik, eyni zamanda açıq şəkildə bildirdik ki, demokratik geriləmə və Birləşmiş Ştatlara qarşı yönəlmiş yalan bəyanatlar qarşısında fəaliyyətsiz olmayacağıq.
Biz, azad və ədalətli seçkilər, Aİ üzvlüyünə doğru irəliləyərkən ölkəyə xeyirdən çox ziyan vuran “xarici agentlər” qanununun ləğvi üçün dürüst səylərin göstərildiyini görməliyik.
Düzgün yola qayıtmaq üçün ilk addımı Gürcüstan hökuməti atmalıdır və biz onun təklifini gözləyirik”, - senator Şahin bildirib.
Konqresmen Mayk Terner qeyd edir ki, tarixən ABŞ-Gürcüstan münasibətləri regionda ən güclü əlaqələrdən biri olub, lakin, “demokratik dəyərlərə qarşı son hadisələr ABŞ və Avropa İttifaqında ciddi narahatlığa səbəb olub”.
“Senator Şahin və mən bu narahatlıqların ikitərəfli və ikipalatalı olduğunu açıq şəkildə bildirdik. Bundan əlavə, ABŞ administrasiyasının dəyişməsindən asılı olmayaraq, ABŞ siyasəti dəyişməyəcək. Oktyabrda keçiriləcək parlament seçkilərinin gürcü xalqı və beynəlxalq müşahidəçilər üçün azad, ədalətli və şəffaf olması zəruridir”, - Terner bildirib.
Gürcüstana səfəri zamanı Şahin və Terner Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Kobaxidze, xarici işlər naziri İlya Darçiaşvili və müdafiə naziri İrakli Çikovani ilə görüşüb. “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili senator Cin Şahin və konqresmen Mayk Ternerlə görüşdən imtina edib.
Baş nazir İrakli Kobaxidzenin dediyi kimi, görüş zamanı o, senator və konqresmenə, eləcə də ABŞ-ın Gürcüstandakı səfirinə Gürcüstan hökumətinin amerikalı tərəfdaşlarından nə gözlədiyini “səmimiyyətlə” deyib. “Gürcüstan kiçik bir ölkədir, Amerika Birləşmiş Ştatları qlobal təsiri olan çox böyük bir ölkədir. Gürcüstan bu münasibətlərdə çox şeyi dəyişə bilməz, hər şey bizim amerikalı tərəfdaşlarımızın əlindədir. Növbəti addımları gözləyirik”, - Kobaxidze bildirib.